Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan fərqli istiqamətlərdə enerji ixracatını həyata keçirmək niyyətindədir

bu əməkdaşlıq Azərbaycan,  Gürcüstan və Qara dəniz vasitəsilə yaşıl enerji ixracatını arxa plana atmayacaq.

24.05.2023 14:52
3
A+
A-

Bir neçə gün əvvəl energetika nazirinin müavini Elnur Soltanov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu”  mövzusunda konfransda bildirib ki, “2020-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında bağlanan müqavilədə üç enerji dəhlizi haqqında danışılır. Onlardan biri “Yaşıl enerji”dir ki, bununla da enerji Ermənistandan Naxçıvana, oradan Türkiyəyə və digər Avropa ölkələrinə göndəriləcək. Biz, Azərbaycan hökuməti olaraq, Ermənistana enerji sahəsində əməkdaşlıq təklifimizi edirik. Təbii ki, burada qarşılıqlı öhdəliklər olacaq”, - deyə nazir müavini qeyd edib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələyə aydınlıq gətirdi. Bildirdi ki, Azərbaycan  Qafqazda sülhün formalaşmasına və bütövlükdə inkişafa dəstək verən ölkədir. Azərbaycanın Ermənistana təklifi də bütövlükdə Cənubi Qafqazda əməkdaşlığın qurulmasına və genişləndirilməsinə xidmət edir. Azərbaycan bununla  müharibədə deyil, sülhdə maraqlı olduğunu bir daha sübut edir. Eyni  zamanda Azərbaycan istənilən təhdidə cavab vermək gücündə olan dövlətdir. Yəni təklif edilən yaşıl enerji ilə bağlı əməkdaşlıq Azərbaycanın fərqli yollar ilə öz yaşıl enerjisini Avropa bazarına çıxarılmasını özündə ehtiva edir.

Millət vəkili xəbəri oxuyan insanların əksəriyyətində qaranlıq qalan bir məsələyə də aydınlıq gətirmək istədiyini bildirdi. Xüsusilə vurğuladı ki, bu əməkdaşlıq Azərbaycan,  Gürcüstan və Qara dəniz vasitəsilə yaşıl enerji ixracatını arxa plana atmayacaq. Əksinə, bununla  Azərbaycan fərqli istiqamətlərdə enerji ixracatını həyata keçirmək niyyətindədir. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzurun bunun  üçün böyük potensialı var və bu potensial da imkan verir ki, Azərbaycan həm də Zəngəzur dəhlizindən enerjinin ixracı üçün istifadə edə bilsin. Bu, bir tərəfdən regionda yeni əməkdaşlıq modelinin qurulmasına xidmət edəcək,  digər tərəfdən isə, Azərbaycanın, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun ixrac imkanlarını artıracaq. Azərbaycan artıq Avropaya ənənəvi enerji resursları ilə deyil, həm də öz innovativ və xüsusən də “Yaşıl enerji” kimi daha yeni məhsulları ilə çıxış əldə etmiş olacaq.

Gülöyşə Məmmədli

ETİKETLƏR: