Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya yaşına münasibət hələ də birmənalı deyil

Millət vəkili onu da qeyd edib ki, özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışacağıq ki, bu məhdudiyyəti aradan qaldıraq.

31.05.2023 17:18
10
A+
A-

Əmək Məcəlləsinə əsasən, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan vətəndaşlar üçün yaş senzi 65 həddində müəyyən edilib. Belə ki, bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılması məqsədilə pensiya yaşına çatmış şəxslər ilə yollarını ayırır. Lakin işçilər üçün 65 yaş həddi birmənalı qarşılanmır. Bəzi ekspertlərin fikrinə görə, xüsusilə 65 yaşı keçən müəllim və həkimin təqaüdə göndərilməsi doğru hesab olunmur.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də yaş senzinin ləğv olunmasını istəyənlər sırasındadır. O, 65 yaşdan yuxarı şəxslərin işdən azad edilməsi ilə bağlı qanuna edilmiş dəyişikliyi doğru hesab etmədiyini bildirib.

Millət vəkili onu da qeyd edib ki, özünü sağlam hiss edən, sertifikasiyadan keçən adamların işdən azad edilməsi ədalətsizlikdir. Biz çalışacağıq ki, bu məhdudiyyəti aradan qaldıraq.

İqtisadçı-ekspert Rəşad Həsənov fəaliyyət istiqamətinə uyğun diferensial yanaşmanın əhatə dairəsinin genişləndirilməsinin daha məqsədəuyğun olduğunu vurğuladı. Əlavə etdi ki, səhiyyə inkişaf etdikcə, müəyyən mənada yaşam tərzi dəyişdikcə, orta ömür və əmək qabiliyyətliliyin davamlılığında müsbətə doğru dəyişikliklər baş verir və bu da müəyyən mənada qeyd edilən məsələlər ilə bağlı yeni yanaşmalar üçün zərurət yaradır. Amma bu, eyni zamanda fəaliyyət sahələrinə spesifik bir yanaşma zərurətindən imtina demək deyil. Çünki fiziki əmək tətbiq olunan mədən sənayesi və ağır əmək şəraiti, zəhərli, rütubətli hava şəraitində işləmə və sair bu kimi məsələlərdə daha ehtiyatlı davranılmasına ehtiyac vardır. Yəni belə işlərin uzunmüddətli dövrdə  insan sağlamlığı və  əmək qabiliyyətinin itirilməsi ilə bağlı yaratdığı  fəsadlar nəzərə alınmalıdır.

 Eyni zamanda praktikada görürük, elə ölkələr var ki, orada,  ümumiyyətlə, əmək bazarında daha çox gənclərə şərait yaradılır. Buna Yaponiyanı misal çəkmək istəyirəm. Həmçinin burada əmək bazarında müəyyən tənzimləmə və işsizliyin qarşısının alınması məqsədilə erkən pensiya sistemi daha çox təşviq edilir. Bunun mənfi və müsbət tərəflərinə baxıb faktiki qiymətləndirmə aparmaq lazımdır. Yəni əslində Azərbaycanda müvafiq şərtlərin dəyişdirilməsi işsizliyə necə təsir göstərə bilər. Fikir olaraq bu məsələni aydınlaşdırmaq o qədər də asan deyil. Çünki bunun faktiki olaraq ekonometrik təhlilinin aparılmasına, emprik qiymətləndirmələrə əsaslanaraq nəticənin hesablanmasına ehtiyac var. Amma düşünürəm ki, yenə də müəyyən mənada yaş həddi məsələsi ilə bağlı diferensiallaşma dərinləşdirilə bilər və əmək pensiyaları haqqında qanunda da müvafiq məqamlar nəzərə alına bilər.

Ekspert təəssüf hissi ilə bildirdi ki, biz layiqli pensiya sistemini tam formalaşdıra bilməmişik. Bu istiqamətdə müşahidələrimiz göstərir ki, əmək bazarının strukturu, son 20 ildə əməkhaqqı səviyyəsi, fərdi yığım əsaslı pensiya sisteminə keçid və sair səbəblərdən əhalinin əhəmiyyətli hissəsi  hələ də aşağı səviyyədə pensiya alır. Yəni bu məsələlərin tezliklə tənzimlənməsinə ehtiyac var.

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirdi ki, Avropada insanlar əksinə, daha tez təqaüdə çıxarılmalarını tələb edirlər. Bu yaxınlarda Fransada, Yunanıstanda belə aksiyalar oldu. Çünki avropalı 30-35 il işləyəndən sonra təqaüdə çıxıb, daha yüksək təqaüd alıb dünyanı gəzmək istəyir. Ölkəmizdə isə vətəndaşlar 65 yaşında belə təqaüdə göndərildiklərinə görə narazıdırlar. Çünki təqaüdlər aşağıdır, insanlar çalışanda daha yüksək maaş alırlar.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: