Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tarif Şurası təbii qaz tarifi ilə bağlı qərar qəbul edib

İyunun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

30.06.2021 10:02
6
A+
A-

İyunun 30-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Dövlət Neft Şirkətinin (SOCAR) müraciətinə baxılaraq müvafiq qərar qəbul edilib.

Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Neft Şirkəti Şuraya müraciət edərək ölkədə təbii qazın topdansatış və pərakəndə satış qiymətlərinin artırılmasını təklif edib. Müraciətdə təbii qazın tarifinə yenidən baxılmasına səbəb kimi istehlakın artması, qaz təchizatının əhatə dairəsinin genişləndirilməsi və abonentlərinin sayının 18 faizədək artması nəticəsində xərclərin yüksəlməsi göstərilir. Əhali üzrə tarifin aşağı olması və son tarif tənzimlənməsinin qüvvəyə mindiyi 2017-ci illə müqayisədə ölkəmizdə bir əhali abonenti üzrə istehlakın həcminin təxminən 1,3 min kubmetrdən 1,6 min kubmetrə, ümumi istehlak həcminin isə 2,7 milyard kubmetrdən 3,7 milyard kubmetrə yüksəlməsi qaz təchizatı fəaliyyəti üzrə zərərin daha da artması ilə nəticələnir ki, həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması və investisiya qoyuluşlarının təmin edilməsi, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin tam ödənilməsi üçün tariflərin artırılmasına zərurət yaradıb.

Tarif (qiymət) Şurasının iclasında aparılan müzakirələrdə təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilib. Təklif edilən modellər dövlətin iqtisadi siyasətinə uyğun olaraq enerji təhlükəsizliyinin dayanıqlılığının təmin olunması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçı və istehsalçı maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, sosialyönümlülük, qaz təchizatı sahəsində bazar münasibətlərinin mərhələli şəkildə formalaşdırılması və dövlət büdcəsindən subsidiyalaşdırmanın aradan qaldırılması, təbii qazın digər ölkələr üzrə qiymətləri və sair kimi məsələlər nəzərə alınmaqla dəyərləndirilib.

Şura üzvlərinin yekdil qərarı ilə dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək əhalinin aztəminatlı hissəsinin mənafelərinə uyğun olan modelə üstünlük verilib. Belə ki, tarif tənzimləməsində optimal yanaşma tətbiq olunmaqla əhali abonentlərinin təxminən 51 faizini (5 milyon nəfər) əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 kubmetrədək (1200 kubmetr daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kubmetr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200-2500 kubmetr (2500 kubmetr daxil) olan hissəsi üçün 1 kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib. Qeyd edilməlidir ki, əhali abonentləri üçün müəyyən olunan tarif sistemi böyük sahəyə malik yaşayış evlərini daha qənaətcil istilik sistemlərindən istifadəyə sövq edəcək.

İclasda aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin artırılmasının həmin təbəqənin gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi qeyd edilib.

Qəbul edilmiş tarif artımı modeli bir sıra sahələr üçün güzəştli tarif sisteminin saxlanılmasını nəzərdə tutur. İqtisadi dirçəlişin təmin edilməsi məqsədilə sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Həmçinin təbii qazdan istifadə edilməklə hasil olunan elektrik enerjisi üzrə tarif artımına yol verməmək üçün elektrik stansiyalarına verilən təbii qazın tarifi cəmi 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə dəyişdirilib.

Təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Bununla yanaşı, ekoloji təmiz yanacaq növlərinə keçidi stimullaşdırmaq və sıxılmış təbii qazdan (CNG) istifadə edən ictimai nəqliyyat vasitələrinin xərclərini azaltmaq məqsədilə qazın satışını həyata keçirən qazdoldurma məntəqələrinə verilən təbii qazın tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Digər sahələrdə (ticarət, xidmət və sair) rentabelli fəaliyyət təbii qazın tarifindən daha az asılı olduğu üçün tariflər 5 qəpik artırılıb.

Qərar 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

ETİKETLƏR: