Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Yunkers”lə başlanan səma yolu

.

31.05.2023 17:20
1
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 may 2006-cı il tarixli Sərəncamı ilə hər il iyunun 2-si Mülki aviasiya işçilərinin peşə bayramı qeyd olunur.

Ölkəmizdə ilk mülki hava reysi 1921-ci ildə poçt-sərnişin təyyarəsində həyata keçirilsə də, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən başlayaraq aviasiya sahəsində bir sıra işlər görülüb. Mülki aviasiyamızda ilk dəfə sərnişin daşınması 1923-cü ilin avqust ayının 8-nə təsadüf edir. Həmin gün “Yunkers” təyyarəsindən istifadə olunmuşdu. İlk hava limanı isə 1931-ci ildə Binə qəsəbəsinin yaxınlığında tikilərək istifadəyə verilib. 1938-ci ilin bu günündə isə Azərbaycanda ilk aviasiya qrupu yaradılıb.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində də böyük tərəqqiyə yol açdı. Görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycan aviasiyasının sonrakı inkişafını təmin etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı.

Mülki aviasiyamızın sürətli inkişafı onun yüksək ixtisaslı milli kadrlarla təminatını da ön plana çıxarıb. Bu işdə Milli Aviasiya Akademiyası əvəzolunmaz rola malikdir. Müasir müstəqil Azərbaycanın aviasiyasının kadrlara olan ehtiyacını yüksək səviyyədə ödəyən bu akademiya milli aviatorların yeni nəslinin yetişməsinə dəyərli töhfəsini verməkdədir. Bu gün Azərbaycan Respublikasının nəqliyyat sisteminin tərkib hissəsi olan mülki aviasiya əhalinin hava nəqliyyatına olan tələbatının təmin edilməsində, iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində, xarici ölkələrlə iqtisadi,  siyasi, mədəni əlaqələrin qurulmasında mühüm rol oynayır. Hazırda mülki aviasiyanın təyyarə parkında “Boeinq-757-200”, “Boeinq-767-300 ER”, “Airobus-319”, “Airobus-320”, “Airobus-340-500” tipli avialaynerlər, “Super Puma”, “Boeinq-787-8 Dreamliner”, “Delfin” helikopterləri, sərnişin təyyarələri sərnişinlərin istifadəsinə verilmişdir. Bu il üç ən yeni “Airbus A320neo” layneri alınıb.

2004-cü ildə bu hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adı ilə aviasiya tariximizə düşüb. Heydər Əliyev Beynəlxalq Aeroportu postsovet məkanında ən yaxşı aeroport elan edilib, aeroport sənayesi üçün ən nüfuzlu hesab olunan “Skytrax World Airport” mükafatlarına layiq görülüb. “Skytrax” konsaltinq şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu ən yüksək “5 ulduz”la təltif edib.

Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir. “Azərbaycan Hava Yolları”nın ümumi marşrut şəbəkəsi 25 ölkəyə 40 istiqamətdən ibarətdir. Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir.

Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 gün ərzində Azərbaycanın işğal altında olan torpaqları düşmən tapdağından azad edildikdən sonra, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. 2021-ci il oktyabrın 26-da Füzuli hava limanının, 2022-ci il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi oub. Hər iki hava limanının rəsmi açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

Mülki aviasiyamızın tarixinə bu bayram günündə nəzər saldıqda, biz öz qəhrəman aviatorlarımızı da heç vaxt unuda bilmərik. Azərbaycanın ilk təyyarəçiləri Teymur Mustafayev, Sonaxanım Nuriyeva, II Dünya müharibəsinin iştirakçısı Züleyxa Seyidməmmədova, Sovet İttifaqı Qəhrəmanı Adil Quliyev, Arkadiy Romanov, İvan Kuçerev, Nurəddin Əliyev, Əli Novruzov, Mark Zaika, Faiq Məmmədov, Nikolay Zdor, Cabbar Qafarov, Əli Hüseynov, Viktor İskəndərov, Maqamed-Şəpi Montaşev və digər aviatorların ömür yolu bugünkü gənc nəslə əsl örnəkdir. Mülki aviasiyamızın tarixini yaşadan bu qəhrəman aviatorlarımızı biz bu gün də dərin hörmətlə yad edirik.

 

İlhamə HEYDƏROVA,

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilat

şöbəsinin müdiri

ETİKETLƏR: