Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyə növbəti beş ilə də

Ərdoğanla yola çıxdı

31.05.2023 17:39
6
A+
A-

Türkiyədə başa çatmış prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbəsi qardaş ölkənin Azərbaycan və bütövlükdə Türk dünyası ilə əlaqələri baxımından nə ilə əlamətdar olacaq?

Bu sualla siyasi şərhçi Elçin Mirzəbəyliyə müraciət etdik. Elçin müəllim sualıma konkret cavab verməzdən əvvəl tarix və şəxsiyyət mövzusuna aydınlıq gətirdi. Dedi ki, xalqların, dövlətlərin və siyasi sistemlərin inkişaf səviyyəsindən asılı olmayaraq, şəxsiyyətlərin tarixi proseslərdəki rolu bu gün də öz əhəmiyyətini qoruyub saxlayır. Bizdə bunun Heydər Əliyev simasında mükəmməl nümunəsi var.

Bu baxımdan Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsi ilk növbədə qardaş ölkə, daha sonra isə türk-islam dünyası və Avrasiya məkanı üçün mühüm əhəmiyyət kəsb edir.

R.T.Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi zaman kəsiyində qardaş ölkənin beynəlxalq münasibətlər sisteminin çəkindirici təsir potensialına malik tam müstəqil subyektinə çevrilməsi istiqamətində böyük bir məsafənin qət edildiyini görə bilərik.  Bu prosesin dünyada baş verən qlobal geosiyasi dəyişikliklər fonunda, həmçinin ciddi maneələrə və təzyiqlərə baxmayaraq irəliyə doğru aparıldığını nəzərə alsaq, Ərdoğanın mümkünsüz hesab ediləni gerçəkləşdirdiyini söyləmək mümkündür. Əslində şəxsiyyətlərin tarixi proseslərin gedişatını dəyişmək bacarığının sirrini və Qərb siyasi sisteminin hansı səbəblərdən güclü xarakterə, strateji baxış bucağına malik xarizmatik liderləri sevmədiyinin səbəbini də elə burada axtarmaq lazımdır. Qlobal proseslərə illərdən bəri formalaşdırdıqları, oturuşmuş mexanizmlərlə nəzarət edən güc mərkəzlərini narahat edən əsas faktor güclü şəxsiyyət amilidir. Çünki onun manevrlərini, atacağı addımları, verəcəyi qərarları proqnozlaşdırmaq mümkün deyil, yaxud olduqca çətindir. Təsadüfi deyil ki, əksər Qərb institutlarının ekspertləri R.T.Ərdoğanın yenidən seçilməsinin təmsil etdikləri ölkələr üçün arzuolunmazlığını məhz onun güclü xarakterə, strateji baxış bucağına sahib lider olması və verdiyi qərarların proqnozlaşdırılmasının mümkünsüzlüyü ilə əlaqələndirirdilər. Türkiyədə keçirilən seçkilərin nəticələri isə sübuta yetirdi ki, Qərbin siyasi institutları təkcə R.T.Ərdoğanın deyil, həm də Türkiyə vətəndaşlarının atacağı addımları, verəcəyi qərarları proqnozlaşdırmağı bacarmayıblar.

İndi Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümünə təsadüf edən seçkilərdə yenidən Türkiyə prezidenti seçilən Ərdoğanın qarşısında Azərbaycanla müttəfiqlik münasibətlərinin inkişafı və Türk Dövlətləri Təşkilatının (TDT) beynəlxalq təsisat statusunun möhkəmləndirilməsi istiqamətində atacağı bir sıra mühüm addımlar var. Şübhəsiz ki, bu xüsusda Azərbaycan-Türkiyə münasibətlərinin mövcud səviyyəyə yüksəldilməsi, eləcə də türk dövlətlərini bir araya gətirən qurumun məşvərət xarakterli təsisatdan beynəlxalq təşkilata çevrilməsi prosesinin irəliyə doğru aparılmasında İlham Əliyev-Rəcəb Tayyib Ərdoğan siyasi tandeminin mühüm rol oynadığını xüsusi qeyd etmək lazımdır. Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi nəticəsində bu tandem digər türk dövlətləri rəhbərlərinin də iştirakı ilə TDT-nin mədəni, humanitar, siyasi və iqtisadi əməkdaşlıq platforması kimi regional və qlobal proseslərdə daha fəal rol alması istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.

Azərbaycanla Türkiyənin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi və hərbi müstəvidə əməkdaşlığı daha da genişləndiriləcək, Şuşa Bəyannaməsinin müddəalarının həyata keçirilməsi istiqamətində davamlı addımlar atılacaq.

“Orta dəhliz” layihəsinin yeni marşrutunun - “Zəngəzur dəhlizi” layihəsinin gerçəkləşdirilməsi ilə bağlı konkret nəticələr əldə olunacaq və çox keçmədən sözügedən marşrutun həm türk dövlətləri, həm də region ölkələri arasındakı iqtisadi əlaqələrin intensivləşməsinə, iqtisadi fəallığın artmasına töhfə verdiyinin şahidi olacağıq.

Azərbaycan və Türkiyənin Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təşviqi ilə bağlı atdığı addımlar davam etdiriləcək, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi rəsmi Ankara üçün prioritet təşkil edəcək.

Azərbaycan və Türkiyənin idxaldan asılılığına son qoyulması istiqamətində səylər davam etdiriləcək, qarşılıqlı sərmayələrin təşviqi, ortaq sənaye müəssisələrinin yaradılması prosesi sürətlənəcək.

 

Aliyə ARİFQIZI

ETİKETLƏR: