Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Artıq qazanc naminə insanların

həyatı və sağlamlığı ilə oynayırlar

31.05.2023 17:40
46
A+
A-

Azərbaycanda son vaxtlar yaranan tendensiyalardan biri də arıqlamaq üçün nəzərdə tutulan preparatlara olan marağın artmasıdır. Piylənmədən və artıq çəkidən əziyyət çəkən insanların müəyyən hissəsi bu problemlərinin aradan qaldırılması üçün bəzi hallarda sağlam üsullara deyil, məhz arıqlama dərmanlarından istifadəyə daha çox üstünlük verir. Ən acınaqcaqlısı isə odur ki, bu dərmanların reklamı sosial şəbəkələrdə də geniş şəkildə yayılıb. Artıq qazanc naminə insanların həyatı və sağlamlığı ilə oynayırlar.

Terapevt Sübhan Hacıyev qəzetimizə müsahibəsində bu problemin aktual olduğunu bildirdi. Dedi ki, hazırda insanlar artıq çəkidən, hiper xolesterindən çox əziyyət çəkirlər. Passiv həyat tərzi, qeyri-düzgün qidalanma, stres əsas faktorlar kimi sayıla bilər. Artıq yağların orqanizmdə və qanda yığılıb toplanması maddələr mübadiləsini pozaraq ürək-damar, qaraciyər, endokrin (xüsusilə şəkər) xəstəliklərinə yol açmış olur.

“Əfsuslar olsun ki, insanlar orqanizmdaxili problemlərini araşdırmadan, check-up müayinələrdən keçmədən dərhal üz tuturlar dəbdə olan arıqlama dərman və iynələrə. Bu iynələr həyat üçün təhlükəli olan xəstəliklərin başlanğıcına rəvac da verə bilir. Vətəndaşlarımız arıqlama vasitələrini araşdırmadan qəbul etdiyi zaman, orqanizmlərinə verdiyi ziyan alacaqları xeyirdən qat-qat çox olacaq.

Uzun illərdir bazarda olan metformin tərkibli dərmanlar  əsasən 2-ci tip şəkərli diabet xəstələrində istifadə olunan dərmandır. Müsbət tərəfləri, təbii ki, var, qanda şəkərin miqdarını azaldır. Kilo atmağa səbəb olsa da, metforminin istifadəsi B12 və fol turşusunun düşməsinə gətirib çıxarır. Bu da öz növbəsində qan azlığına və verəcəyi effektdən çox, əks təsirlər ilə nəticələnir. Yan təsirləri hədsiz çoxdur: ürəkbulanma, qusma, halsızlıq, mədə-bağırsaq sistemində həzm pozğunluqları, şişkinlik, ödəm, ağızda metal hissi. Uzun müddət istifadə etdikdə orqanizmdə turşululuğun artmasına səbəb olur. Ağciyər, qaraciyər və böyrək xəstəlikləri olan insanlar üçün isə, ümumiyyətlə, qəbuledilməzdir”, - deyə S. Hacıyev bildirdi.

Həkim söylədi ki, son zamanlar çox populyarlıq qazanan ozempik kimi iynələr şəkərli diabet və bədən kütlə indeksi 40-dan çox olan insanlarda uzunmüddətli müalicələr (nutrisioloq, endokrinoloq tərəfindən verilən müalicələrindən) effekt vermədikdə istifadə olunan vasitələrdir. Bu dərmanların da yan təsirləri çoxdur. Bunlar iştahı azaltsa da, mədə-bağırsaq sistemində motorikanı azaldaraq daxil olan qıdanın həzmini ləngidir. Beləliklə, insan özünü tox hiss edir.

Onu da qeyd etmək lazımdır ki, arıqlamaq üçün satılan çayları da kor-koranə istifadə etmək düzgün deyil: “ Həkim məsləhəti olmalıdır. Müxtəlif çaylarla arıqlayıb sonra dəfələrlə artıq çəki alan insanları görmüşəm. Çünki sağlam üsullarla arıqlamırlar. Yanlış üsulla çəki atanda hüceyrələr ac olur, adi su da içəndə onlara kökəlmə verir”.

Sağlam şəkildə artıq çəkidən azad olmaq üçün bir insanın  alınan enerji ilə verilən enerji arasında balansın qorunması, yəni defisiti vacibdir. Alınan enerji (qidalar) az olmalıdır, verilən enerji (hərəkət) çox olmalıdır. Qida azalmalıdır, karbohidratlardan (şirniyyat), un məmulatları, qazlı içkilər rasiondan çıxarılmalıdır. Bunun əvəzinə bol zülallı qidalara (yumurta, ət və balıq məhsulları) üstünlük verilməlidir. Bol maye qəbulu rejiminə diqqət edilməlidir. Gün ərzində ən azı 1-1,5 litr su qəbul etmək vacibdir.  Günün ən azı bir saatı kardio idmanlara sərf olunmalıdır, yürüşlər, üzgüçülük və s. Aktiv həyat tərzi zəruridir. Yuxu rejimi də çox önəmlidir, çünki gün ərzində 7-8 saat normal yuxu saatları almadıqda, insan orqanizmində ciddi şəkildə stres hormonları artaraq kökəlməyə meyilli olur.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR: