Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türk dövlətlərinin İqtisadi İttifaqı yaradılır

Yeni təşkilat Türk dünyasında inteqrasiyanın mühərrikləri olan iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində də əməkdaş proqramlarını  birləşdirərək vahid Türk Birliyi iqtisadiyyatının qurulmasına da töhfə verəcəkdir.

31.05.2023 17:42
22
A+
A-

Məlum olduğu kimi, Milli Məclisdə “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Sənədə əsasən, Azərbaycan həmin Fondun investorlarından biri kimi, nizamnamə kapitalının formalaşmasında əsas iştirakçılardan biri olacaq. Fondun investisiya portfelini Türkiyə,  Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmin edəcək. Fond Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin hər birinin sərmayələri əsasında fəaliyyət göstərəcək və üzv ölkələrin iqtisadi birliyinin möhkəmləndirilməsi, qarşılıqlı ticarətin genişləndirilməsi, iqtisadi fəaliyyətləri dəstəkləmək və türkdili dövlətlərin birgə layihələrdə təmsilçiliyini genişləndirməkdir.

Türk İnvestisiya Fondunun ilkin mərhələdə nizamnamə kapitalının 500 milyon dollar formalaşdırılması nəzərdə tutulur. Yaxın dörd il ərzində Fondun investisiya portfelinin artırılması planlaşdırılır. Beləliklə, İnvestisiya Fondu türkdilli ölkələrin biznes icmalarını bir araya gətirəcək, maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq edərək birgə layihələri maliyyələşdirəcək, nəqliyyat və logistika zəncirlərini birləşdirəcək.

Yeni təşkilat Türk dünyasında inteqrasiyanın mühərrikləri olan iqtisadiyyat, ticarət, nəqliyyat və enerji sahələrində də əməkdaş proqramlarını  birləşdirərək vahid Türk Birliyi iqtisadiyyatının qurulmasına da töhfə verəcəkdir.

Fondun əsas lokomotivi qardaş Türkiyədir. Hazırda Türkiyənin  iqtisadi potensialı, müasir sənaye inkişafı və regionda lider mövqeyi  Fondun gələcəkdə Avropa Birliyi ölkələrinin iqtisadi təşkilatına oxşar Türk İqtisadi İttifaqının yaranmasına səbəb ola bilər. Bunun üçün güclü potensiallar da mövcuddur. Belə ki, türkdilli ölkələr öz enerji imkanları, iqtisadiyyatları, nəqliyyat-tranzit qovşaqlarında geostrateji mövqeyə malik olmasına görə fərqlənir. Hazırda Türkiyə 980, Qazaxıstan 205, Azərbaycan 82, Özbəkistan 68, Türkmənistan 55 və Qırğızıstan 11  milyard dollar nominal ÜDM-ə malikdir. Birlikdə bu ölkələrin iqtisadiyyatı 1,4 trilyon dollar təşkil edir. Bu kimi amilləri nəzərə aldıqda Fondun gələcəkdə beynəlxalq arenada mühüm rol oynayacağı şübhəsizdir.

Türk İnvestisiya Fondunun fəaliyyətinin genişləndirilməsi üçün ölkələr arasında bir sıra iqtisadi stimullar, vergi-gömrük güzəştləri nəzərdə tutulur. Ötən il “Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanmış saziş təsdiq edilib ki, bu, vergi-gömrük güzəştləri üçün güclü zəminlər yaradır. Belə ki, ölkələr arasında Azad Ticarət Rejiminin yaradılması nəzərdə tutulur ki, dəhliz  tərəflər arasında daşınan mallar barədə əvvəlcədən məlumat mübadiləsi etmək, onların gömrük prosedurlarının mümkün qədər asanlaşdırmaq məqsədi daşıyır. Türk dövlətlərinin birliyini şərtləndirən çoxsaylı amillər sırasında iqtisadi inteqrasiya imkanlarının kifayət qədər geniş olmasını  da xüsusi vurğulamaq lazımdır. Ötən il Türkmənistan, Azərbaycan və Türkiyə arasında Gömrük Əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının yaradılması da azad gömrük dəhlizi üçün əsas sütunlardan biridir.

Türkdilli dövlətlər regionun ən zəngin enerji təminatçısı rolunda da çıxış edir. Dünyanın enerji təminatında mühüm rol oynayan  Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP və Qazaxıstanın qoşulduğu yeni enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rola malikdir. Eləcə də “dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti isə türkdilli dövlətlərin çoxşaxəli nəqliyyat şəbəkəsinin “qan damarı” sayıla bilər. BTQ Mərkəzi və Şərqi Avropa regionu ilə bərabər, Asiyanın inkişaf etmiş dövlətlərinin yerləşdiyi ərazini də əhatə edir və gələcəkdə Çin, Hindistan və digər dövlətlərin bu dəmiryolundan istifadə etməsi istisna olunmur. Beləliklə, perspektivdə BTQ-nin Çindən başlayaraq Mərkəzi Avropaya, oradan Böyük Britaniyaya qədər uzanması onun dünya əhəmiyyətli layihə kimi iqtisadi və geosiyasi əhəmiyyətini artıracaq. Bu layihə “Şərq-Qərb” marşrutu sistemində ən çox rentabelli nəqliyyat dəhlizinə çevriləcək.

Son illər Türk dövlətləri arasında iqtisadi əlaqələrin sürətli inkişafı və ticarət dövriyyəsində kəskin artımlar müşahidə olunur. 2022-ci ildə Azərbaycan ilə Türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 10 milyard dollaradək yüksəlib. Ötən il bütün Türk dövlətləri ilə ticarət dövriyyəsində artım qeydə alınıb.

Türkdilli ölkələrin əməkdaşlığı üçün ən yaxşı imkanlar isə Azərbaycan-Türkiyə əlaqələrində özünü göstərməkdədir. İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyub. Hazırda Türkiyədə Azərbaycan kapitallı 2 minə yaxın şirkət fəaliyyət göstərir. Bütövlükdə Türkdilli ölkələr arasında ümumi ticarət dövriyyəsi 21 milyard dollara çatıb. Potensial isə bundan xeyli çoxur. Həmin potensialdan tam istifadə etmək üçün ölkələr arasında azad gömrük dəhlizinin yaradılmasının xüsusi əhəmiyyəti vardır. Bu dəhliz Türkdilli ölkələrin Yeni İpək Yolu üzərində mövqelərinin güclənməsi üçün də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Asiyanın ən böyük türk dövləti olan Qazaxıstan Orta dəhlizin əsas açar ölkələrindən biridir. Türkmənistanın sahil infrastrukturu Asiyadan sürətlə artan yükləri ötürmək gücündə deyil. Aşqabad müvafiq infrastrukturun yaradılmasını maliyyələşdirməyə də həvəs göstərmir, bunu digər tərəflərin etməsi variantını seçib. Qazaxıstan isə müvafiq infrastruktura malikdir. Ölkənin Xəzər dənizindəki limanlarının illik ötürücülük gücü 23,7 milyon tondur. Bu dəhliz Azərbaycanın Ələt Dəniz Limanı ilə birləşir. Ələt Limanının illik ötürücülük gücü isə 15 milyon tondur və artıq onun genişləndirilməsi üçün layihə hazırlanır. Beləliklə, Orta dəhlizin əsas magistralları da birbaşa türk dövlətlərinə məxsusdur.

Zəngəzur dəhlizi də Türk dövlətləri üçün yeni imkanlar açır. Bu dəhliz Çindən Avropaya daşınmalar üçün ən sərfəli və rentabelli marşrut hesab olunur. Zəngəzur dəhlizinin açılması da Türk dünyasının orta maraq və prinsiplərinə xidmət edir. Yeni dəhliz Türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı, regionun strateji əhəmiyyətini daha da artıracaq. Dəhliz Türkdilli ölkələr arasında ticarət dövriyyəsinin və eləcə də beynəlxalq yük daşımaların həcminin artırılması üçün yeni imkanlar açacaq.

 

Elbrus CƏFƏROV

ETİKETLƏR: