Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səttar Möhbalıyev: “Qələbəmiz Silahlı Qüvvələr Gününü daha da şərəfləndirdi”

“1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu.

01.07.2021 06:04
8
A+
A-

“Bu il ilk dəfədir ki, 26 İyun - Silahlı Qüvvələr Gününü fərqli əhval-ruhiyyədə qeyd edirik. Ötən il Silahlı Qüvvələrimiz 30 il düşmən tapdağında qalan torpaqlarımızı böyük rəşadətlə azad etdi və üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Beləliklə, Ordumuzun bu Qələbəsi Silahlı Qüvvələr Gününü daha da əzəmətli etdi və şərəfləndirdi. Dövlətin əsas atributu kimi Silahlı Qüvvələrimizin cəmiyyətdə rolu və nüfuzu daha da artdı”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Səttar Möhbalıyev bildirib ki, yarandığı vaxtdan - 1918-ci ilin iyunun 26-dan bu günədək Azərbaycan Ordusu müdafiə missiyası yerinə yetirib. Heç vaxt təcavüzkar addım atmayıb. 1918-ci il mayın 28-də qəbul olunan Azərbaycanın İstiqlal Bəyannaməsində göstərilirdi: “Xarici müdaxilələrdən qorunmaq, daxili düşmən qüvvələrini zərərsizləşdirmək məqsədilə silahlı qüvvələr yaradılır”. Həmçinin 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkənin təhlükəsizliyi və müdafiəsini təmin etmək məqsədilə Silahlı Qüvvələrin yaradılması öz əksini tapıb. Keçdiyi tarixi yola nəzər salanda görünür ki, Azərbaycan Ordusu işğala, xarici qüvvələrin müdaxiləsinə qarşı mübarizə aparıb, dövlət suverenliyinin qorunmasına xidmət edib. 1918-ci ildə Milli Ordunun Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından azad etməsi, Birinci və İkinci Qarabağ müharibələri bunun bariz nümunələridir.

Bu gün Azərbaycan Ordusunun dünyanın ən güclü orduları sırasında durduğunu deyən deputat bunun asan başa gəlmədiyini, Ümummilli Liderin apardığı ardıcıl siyasətin nəticəsi olduğunu qeyd edib. O deyib: “1971-ci ilin iyununda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılmasını xatırlamaq yerinə düşər. O dövrdə hərbi təyinatlı məktəbin yaradılması o qədər də asan deyildi. Bu təşəbbüs rəsmi Moskvanın ciddi narazılığına, müxtəlif irad və maneələrinə səbəb oldu, lakin bütün bu maneələrə baxmayaraq, Azərbaycanın həmişə gələcəyini düşünən, bu yolda heç nədən çəkinməyən ulu öndər Heydər Əliyevin qətiyyəti, əzmkarlığı sayəsində məktəbin yaradılmasına nail olundu. Bununla da hərbçi peşəsinin nüfuzu artmağa başladı, peşəkar hərbçilərimizin sayı çoxaldı. O vaxt bu məktəbi bitirən yüzlərlə gənc Bakının ali hərbi məktəbləri ilə yanaşı, SSRİ-nin ali hərbi təhsil ocaqlarında hərbçi peşəsinə sahib oldu. Müstəqillik əldə etdikdən sonra isə biz bu məktəbin yaradılmasının nə qədər əhəmiyyətli olduğunu daha yaxşı dərk etdik. Ordu quruculuğu sahəsində məhz həmin məktəbin məzunları mühüm rol oynayıblar”.

S.Möhbalıyev Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının, möhkəmləndirilməsinin və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq deyib: “1993-cü ildə xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin dövlət quruculuğu yolunda atdığı ilk addımlardan biri Azərbaycan Ordusunun yaradılması oldu. O vaxta qədər isə ordu quruculuğu istiqamətində heç bir uğurlu addım atılmamışdı. Ermənistan dövlətinin davam edən hərbi təcavüzünün qarşısını almaq üçün heç bir tədbir görülmürdü. Səriştəsiz, qeyri-peşəkar rəhbərlərin laqeyd münasibəti nəticəsində konkret şəxslərin məhdud siyasi maraqlarına xidmət edən, xarici qüvvələrin əlində oyuncaq olan silahlı dəstələr var idi ki, onların da fəaliyyəti ölkənin parçalanmasına gətirib çıxarırdı. Lakin Ulu Öndərin dövlətçilik təcrübəsi, sərkərdəlik məharəti, xalq içərisində olan inamı və hörməti ordunun yenidən qurulmasına kömək etdi. Yerli özünümüdafiə və könüllü batalyonları adı altında fəaliyyət göstərən siyasi birləşmələr ləğv olundu, hərbi hissələr təşkil edildi, vahid komandanlığa tabe olan nizami ordu yaradıldı. Ulu Öndər şəxsən cəbhə bölgələrinə getdi, hərbçilərimizi düşmənə qarşı döyüşə ruhlandırdı. Məhz bunun nəticəsi olaraq Azərbaycan tarixinin şanlı səhifəsi olan uğurlu Horadiz əməliyyatı keçirildi və qələbələrimizin əsası qoyuldu”.

Deputat Azərbaycan Ordusunun uğurları sırasında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda həyata keçirilən əməliyyatların xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, düşmənə endirilən sarsıdıcı zərbələri yada salıb, bu əməliyyatların Azərbaycan xalqının hərbi məğlubiyyətlə barışmayacağının göstəricisi olduğunu deyib. “Silahlı Qüvvələrimiz qarşısında ən böyük sınaq isə 2020-ci il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi oldu. Azərbaycan Ordusu qorxmadan, çəkinmədən böyük şücaət göstərərək, çətin iqlim və ağır relyefdə hər qarış torpağımız uğrunda mübarizə apardı. İstər meşə, istər dağ, istərsə də şəhər döyüşlərində Ordumuz misilsiz qəhrəmanlıq göstərdi və bütün növ döyüş qabiliyyətinə hazır olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimizin həyata keçirdiyi hərbi əməliyyatların strategiyası və taktikası tanınmış ekspertlər tərəfindən araşdırılır, dünyanın aparıcı hərbi məktəblərində təhlil və tədris olunur. Bütün bunlar, Prezident, Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan əsgərinin uğurudur. Müharibə nəticəsində işğal altındakı torpaqlarımız tamamilə azad olundu, Ermənistan ordusu sıradan çıxarıldı, təcavüzkarın işğalçılıq arzuları və faşist düşüncəsi məhv edildi. Bundan başqa, bölgənin və regionun siyasi mənzərəsi dəyişdi, siyasi-iqtisadi reallıqlar yarandı, yeni infrastruktur layihələri ortaya çıxdı. Görünür ki, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün region üçün xilaskarlıq missiyasını icra edib və bölgənin yeni inkişaf strategiyasının əsasını qoyub. Azərbaycan müharibə başa çatandan dərhal sonra işğaldan azad olunmuş ərazilərdə abadlıq və quruculuq işlərinə başlayıb. Yeni avtomobil yolları çəkilir, hava limanları tikilir, müasir kənd və qəsəbələr salınır. Zəngəzur dəhlizinin açılması Naxçıvanla respublikamızın əsas ərazisini birləşdirəcək, həmçinin oradan keçəcək nəqliyyat xətləri bölgə ilə yanaşı, regionun da inkişafına böyük töhfə verəcək.

Beləliklə, Azərbaycanın apardığı bərpa-quruculuq işləri, həyata keçirdiyi iri layihələr bölgənin inkişafına gətirib çıxaracaq, oraya qayıdacaq sakinlərin rahat və xoşbəxt yaşaması üçün əlverişli olacaq”,- deyə      S.Möhbalıyev qeyd edib.

ETİKETLƏR: