Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Şuşa Bəyannaməsindən sonra Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin bir daha yüksəlişi

Sənəddə digər istiqamət beynəlxalq yükdaşımalarla, eləcə də nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə əlaqədardır.

30.06.2021 10:27
10
A+
A-

Bu əlaqələr hələ ölkəmizin müstəqilliyinin ilk illərindən etibarən inkişaf etməyə başlamışdır. Bu istiqamətdə ilkin olaraq 1 noyabr 1992-ci il tarixində Azərbaycan və Türkiyə arasında Ankarada “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” imzalanmış, 23 yanvar 1993-cü il tarixindən isə qüvvəyə minmişdir.

İkitərəfli iqtisadi münasibətlərin hərtərəfli inkişafı isə 1994-cü ildən sonra həyata keçirilən tədbirlər və hüquq-müqavilə bazasının təkmilləşdirilməsi istiqamətində atılmış addımlarla genişlənmişdir. Ölkəmizin regional iqtisadi əməkdaşlığa verdiyi böyük əhəmiyyət və trans-regional infrastruktur layihələrində fəal iştirakının nəticəsi olaraq iki ölkə arasında beynəlxalq əhəmiyyətli bir sıra regional layihələr həyata keçirilib. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri bu baxımdan ən yaxşı nümunələrdir.

44 günlük müharibədən sonra əldə olunan qələbə, məhsuldar torpaqlarımızın işğaldan azad edilməsi iki qardaş dövlət arasında iqtisadi əlaqələrin artmasına və daha səmərəli inkişafına yeni təkan verəcək. İqtisadi əlaqələrin yeni müstəvidə inkişafı Şuşa Bəyannaməsi ilə rəsmi olaraq sənədləşdirildi. Bəyannamədə əksini tapmış iqtisadi əməkdaşlığa dair bəndlərin reallıqda nələr vəd etdiyi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Vüqar Bayramova və Vahid Əhmədova suallarla müraciət etdik.

“Hazırda Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4.5 milyard dollardır.Yaxın 3 il üçün ticarət dövriyyəsinin 15 milyard dollara qədər çatdırılması nəzərdə tutulur”. Bunu millət vəkili Vüqar Bayramov dedi. Qeyd etdi ki, artıq mart ayının 1-dən iki ölkə arasında ticarət rejiminin liberallaşması ilə bağlı anlaşma imzalanıb. Digər tərəfdən, nəzərə almalıyıq ki, Türkiyə Azərbaycanın qeyri-neft ixracatında da ən böyük ticarət tərəfdaşıdır. Bu baxımdan yeni müqavilə və anlaşmalar Azərbaycanın Türkiyəyə qeyri-neft ixracatının da həcminin artırmasına və iki ölkə arasındakı əməkdaşlığın daha da güclənməsinə səbəb olacaq.

Sənəddə digər istiqamət beynəlxalq yükdaşımalarla, eləcə də nəqliyyat dəhlizlərinin genişləndirilməsi ilə əlaqədardır. Bu istiqamətdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi gözlənilir. Bu da hər iki ölkənin regiondakı nəqliyyat dəhlizlərindən daha sıx  və birgə şəkildə faydalanmasına imkan yaradacaq.

İqtisadçı alim bildirdi ki, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin, eləcə də strateji münasibətlərin dərinləşməsinə xidmət edəcək: “Qeyd edim ki, bəyannamə imzalandıqdan sonra Türkiyə Prezidenti iki ölkə arasında yeni müqavilələrin bağlanacağını da bəyan etdi. Artıq ölkələr arasında yeni anlaşmaların və müqavilələrin bağlanması məsələsi müzakirə olunur. Əvvəla, Şuşa Bəyannaməsinə diqqət yetirsək, burada iqtisadiyyatın fərqli sektorlarının, o cümlədən iqtisadiyyatın şaxələnməsi kimi məsələlərin öz əksini tapdığını görərik. Ölkələr bir-birilərinə iqtisadiyyatın şaxələnməsi ilə bağlı dəstək olacaqlar. Xüsusən də ixracatın genişləndirilməsi, eyni zamanda iki ölkə arasında ticarət dövriyyəsinin inkişafı, xüsusən də mal və xidmətlərin liberallaşması və sərbəst hərəkətlərinin formalaşması məsələləri burada öz əksini tapıb.

Millət vəkili Vahid Əhmədov qeyd etdi ki, ikitərəfli birgə istehsal sənayeni, faydalı qazıntıları, kənd təsərrüfatını, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Artıq Türkiyə şirkətləri işğaldan azad olunan torpaqlarımızda işləyirlər, yol, körpülər çəkirlər, çox böyük işlər görürlər. Kənd təsərrüfatı ilə əlaqədar hər iki ölkənin bu sahədə nazirləri həmin əraziləri gəzdilər. Hazırda müəyyən məsələlərin həlli yolunda danışıqlar aparılır. Yəni iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orda əməkdaşlıq olmasın.

Həmsöhbətim bildirdi ki, həmçinin sənaye istehsalı ilə bağlı cənab Prezident İlham Əliyevin göstərişi var. Artıq təsdiq olunub ki, orada 3 sənaye parkı tikiləcək. İkisi Ağdamda, biri Cəbrayılda fəaliyyət göstərəcək sənaye parklarında rezidentlər iştirak edəcək. Burada həm emal sənayesi, kənd təsərrüfatı sahələri, qızıl emalı və sairə böyük sahələr fəaliyyət göstərəcək. Bütün bu yeni yaradılacaq sahələrdə bir çox Türkiyə şirkətləri də iştirak edəcək: “Qeyd edim ki, işğaldan azad olunan torpaqlarda bir milyon hektar əkinə yararlı sahə var. Bu ərazilər üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Eyni zamanda burada emal və ərzaq sənayesinin inkişafı potensialı var”.

V.Əhmədov vurguladı ki, hesab edirəm burada iqtisadiyyatın birgə təşkili həm də ölkəmizdə yaxın gələcəkdə ərzaq təhlükəsizliyinin təmininə ciddi töhfə verəcək. Xüsusən də heyvandarlıq məhsulları ilə özünütəminetmə səviyyəsi yaxşılaşacaq.

 

Əsli TELMANQIZI

 

ETİKETLƏR: