Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara maliyyə dəstəyi ayrılmalıdır

Kainatın qlobal probleminə çevrilən autizm xəstəliyi ildən-ilə geniş yayılmaqdadır.

30.06.2021 10:40
184
A+
A-

Kainatın qlobal probleminə çevrilən autizm xəstəliyi ildən-ilə geniş yayılmaqdadır. Araşdırmalara görə, dünya əhalisinin 1 faizi, yəni 70 milyonu autizmdən əziyyət çəkir. Xəstəlik son vaxtlarda Azərbaycanda da geniş yayılmağa başlayıb. Qeyri-hökumət təşkilatlarının apardığı statistik araşdırmalara görə, hazırda ölkəmizdə 6 min nəfərdən çox autizmli uşaq var.

Hətta rəsmi statistikada autizmli uşaqların sayının az göstərildiyi də qeyd edilir. Çünki bəzi valideynlər uşaqlarına həmin diaqnozu qoymaq istəmirlər və fikirləşirlər ki, zamanla düzələcək.

Mövzu  ilə bağlı araşdırmalardan məlum oldu ki, autizmin müalicəsi üçün valideynlər reabilitasiya mərkəzlərinə ayda təxminən 1000-1500 manata qədər pul ödəməli olurlar. Bu sahədə istənilən qədər mərkəz, yüksək qiymətlər və çarəsiz valideynlər var. Onu da nəzərə almalıyıq ki, autizmli uşaq olan evlərdə valideynin biri qayğıya ehtiyacı olan övladla məşğul olmaq məcbiriyyətindədir deyə, əksər hallarda ailədə bir nəfər işləyir. Bir nəfərin isə bu və üstəlik, digər ailə-məişət problemlərinin həllinə sərf olunacaq məbləği qazanması asan, bəzən də heç mümkün olmur, əlbəttə!

Uşaq nevroloqu Kamran Salayev mövzu ilə bağlı fikirlərini bizimlə bölüşdü. İlk növbədə bildirdi ki, autizmin statistikasının son illərdə artımla göstərilməsi diaqnostikanın daha yaxşı aparılması, maarifləndirmə proqramlarının çoxalması, diaqnozun daha dəqiq və asan qoyulması ilə bağlıdır. Autizm elə xəstəliklərdəndir ki, onun artım tempi və səbəbləri barədə dəqiq fikir söyləmək qeyri-mümkündür. Bircə dəqiq onu demək olar ki, autizmin reabilitasiyasına çox erkən başlamaq lazımdır. Uşaqlarda 1-3 yaş qızıl dövr adlanır. 5 yaşdan sonra uşağın nitqinin açılması prosesi ləngiyir. Hətta nitq açılsa belə, o, cəmiyyətə inteqrasiya olmaqda çətinlik çəkir. Amma belə uşaqlar vaxtında reabilitasiyanın köməyi ilə çox irəliləyiş əldə edə bilərlər.

Özəl reabilitasiya mərkəzlərində aylıq ödənişin çox olmasına aydınlıq gətirən Kamran həkim bildirdi ki, mərkəzlərin başqa mənbələrdən dəstəyi olmadığını nəzərə almaq lazımdır. Çünki xüsusi qayğıya ehtiyacı olan belə uşaqlarla bir deyil, bir neçə mütəxəssis (psixoloq, loqoped, fizioterapevt, xüsusi pedaqoqlar) işləyir. Məsələn, nitqində problem olan uşaq ancaq həftədə 3 dəfə loqoped yanına gedirsə, danışa bilməyən uşaqlar bütün məşğələlərdə iştirak etməlidirlər ki, müəyyən nəticə əldə olunsun. Bu da ödənişlərə təsir edən amillərdir. Həmçinin bu işlə məşğul olan mütəxəssislərin işi o qədər çətindir ki, aşağı əməkhaqqı ilə işçi cəlb etmək çətindir. Ona görə biz də istərdik ki, bu uşaqlara hansısa maliyyə dəstəyi olunsun.

 -Ölkəmizdə bu xəstəlikdən əziyyət çəkən uşaqlarla təlim keçəcək peşəkar kadrlar yetərincə varmı?

-Xeyr, yetərli qədər deyil, təəssüf ki... Amma əvvəlki illərlə müqayisədə çox ciddi müsbət dinamika var. Bu dinamikanı inkişaf etdirmək lazımdır. Daha çox xaricdə təcrübə toplamış, beynəlxalq  treninqlərdə iştirak etmiş mütəxəssislərə ehtiyac var. Bizim tibb universitetində bu sahəyə aid olan psixiatr, nevropatoloq yetişdirilir. Onlar əsasən diaqnoz və dərman müalicəsinə ehtiyac varsa müdaxilə edirlər. Fizioterapevtlər bədən tərbiyəsi vasitəsilə kömək edirlər. Amma əsas reabilitasiya yükü düşür başqa mütəxəssislərə- psixoloqlara, loqopedlərə, xüsusi pedaqoqlara. Onlar da tibbi yox, digər universitetlərdə təhsil alanlardır.

- Bir çox valideyn şikayət edir ki, 5 və ya 6 ildir uşaqla mərkəzləri gəzirik, heç bir irəliləyiş hiss olunmur. Buna səbəb nədir?

- Qeyd edim ki, birinci, bilinməlidir uşaq həftədə neçə gün, neçə saat məşğələlərdə iştirak edib. Autizm ona görə böyük problemdir ki, 5, 6, 10 il, fərq etməz,  heç kim təminat verə bilməz ki, nəticə ürəkaçan olacaq, ya olmayacaq. Sağalma ehtimalını artırmağın yeganə yolu, bayaq dediyim kimi, müalicəyə çox erkən başlamaqdır.

Millət vəkili Məlahət İbrahimqızı mövzumuzla bağlı bildirdi ki, son zamanlar bu problemin aktuallaşdığını nəzərə alaraq düşünürəm ki, hökumət səviyyəsində də bu məsələləri müzakirə etmək zərurəti yaranıb. Bir sıra ölkədən fərqli olaraq Azərbaycanda bu sahədə müəyyən irəliləyişlərin olduğu danılmazdır. Bu problemlə məşğul olan təşkilatların sayı yetərincədir. Biz də onlara əlimizdən gəldiyi qədər dəstək olmalıyıq.

M.İbrahimqızı hesab edir ki, autizmli uşaqlara dəstək üçün dövlət proqramının hazırlanmasına ehtiyac var: “Ölkəmizdə autizm xəstəliyi ilə məşğul olan çox savadlı həkimlərimiz var. Düşünürəm ki, onların sayəsində hər bir ana yetərincə məlumatlana və vaxtında, əgər uşağında belə bir problem varsa, onu aşkarlaya bilər. Çünki maarifləndirmə işlərinin genişləndirilməsi bu sahədə çox böyük irəliləyişlərə səbəb olacaq. Dövlətimizin səhiyyə sahəsində işləyib hazırladığı proqramların bu sahəyə də öz müsbət təsirini göstərəcəyinə əminəm”.

 

Ə.ƏHMƏDOVA

 

ETİKETLƏR: