Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Geri qaytardığımız torpaqlarımızın adlarını da “azad” etməliyik

Qlobal xəritələrdə işğaldan azad edilən ərazilərin adlarının hələ də Azərbaycan dili ilə yanaşı, erməni dilində yazıldığının şahidi oluruq. Bunun qarşısını almaqdan ötrü hansı addımlar atılır?

30.06.2021 10:43
14
A+
A-

Qlobal xəritələrdə işğaldan azad edilən ərazilərin adlarının hələ də Azərbaycan dili ilə yanaşı, erməni dilində yazıldığının şahidi oluruq. Bunun qarşısını almaqdan ötrü hansı addımlar atılır?

“Azad edilmiş torpaqlarımızın adlarının qlobal xəritələrdə, beynəlxalq axtarış saytlarında öz dilimizlə yanaşı, xarici dildə yazılması qanunazidd deyil. Ancaq işğalçı ölkənin dilində qeyd olunursa, bu, artıq yolverilməzdir, hətta deyərdim ki, cinayətdir”. Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov qəzetimizə verdiyi müsahibəsində qeyd etdi. Bildirdi ki, hazırda hansı konkret addımlar atıldığını deməyə çətinlik çəkirəm. Amma, yəqin ki, müvafiq qurumlar, xüsusən Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq qurumları məlumatlandıracaqlar. Eyni zamanda BMT-dəki nümayəndəliyimiz də bu istiqamətdə işlər görəcək”.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz də məsələyə münasibət bildirdi. Dedi ki, ötən müddət ərzində qlobal xəritə xidmətləri göstərən şirkətlərin (“Google”, “Apple”, “Yandex”, “OpenStreetMap” və sair) söykənəcəyi və istifadə edəcəyi milli datalarla bağlı ölkə qanunvericiliyində müəyyən dəyişikliklər edilib, dövlət qurumları arasında səlahiyyət bölgüsü dəqiqləşib, koordinasiya məsələsi həll edilib: “Problemin həlli istiqamətində konkret  addımlar atılıb. Belə ki, məsələ ilə bağlı Nazirlər Kabinetinin (NK) 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı”  təsdiq edilib, Ekologia və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Geodeziya və Kartoqrafiya” dövlət şirkəti rəqəmsal xəritələri və datanı, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik və Coğrafiya üzrə qurumları tərəfindən coğrafi adların elektron bazası, coğrafi adların transliterasiyası və düzgün yazılışı hazırlanıb, NK-nın Qaydaları təsdiqlənib, bundan başqa, ETSN və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (NRYTN MHM) coğrafi adlarla bağlı rəqəmsal datanı, 11 adda açıq coğrafi məlumatları NRYTN-in Açıq Məlumat Portalına (opendata.az) yerləşdirib, məsələdə maraqlı tərəflər  və qlobal xəritə şirkətləri üçün APİ servislər hazırlanıb.

Qlobal xəritə şirkətlərinin  coğrafi adlarla bağlı milli datamıza istinad edilməsinin təşkili ilə bağlı məsələyə də toxunan ekspert bildirdi ki, NK-nın yuxarıda adıçəkilən sərəncamına uyğun olaraq qlobal resurslarda milli coğrafi adlarımızın  təhrif olunmasının qarşısının alınması istiqamətində XİN əlaqəli qurumlarla birgə  addımlar atmalı idi: “Lakin, göründüyü kimi, bu istiqamətdə rəqəmsal milli data hazır olsa da, onun tətbiqi istiqamətində   atılan addımlar hələlik yetərli olmayıb. Düzdür, hazırda XİN bu istiqamətdə işləri davam etdirir, ancaq, fikrimcə, qanunvericiliyə uyğun olaraq hazırlanmış milli xəritə datalarının əldə edilməsi üçün qlobal şirkətlərlə kommunikasiyaları gücləndirməlidir. Bu məqsədlə internet ictimaiyyətinin, diasporanın potensialından effektiv istifadə edilməlidir. Düşünürəm ki, internet istifadəçilərinin həmin ərazilərin adlarının iki dildə yazılmasının qarşının alınması ilə bağlı  dövlət tərəfindən müəyyən olunan dəqiq coğrafi adlarımıza istinad etməklə qlobal xəritə şirkətlərinə müraciətlər etməsi  faydalı olardı. Eyni zamanda işğaldan azad edilən rayonlarımızın həm də adlarının azad edilməsi, Azərbaycan dilinin qlobal dünyada düzgün istifadəsi üçün dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin səylərinin gücləndirilməsinə ciddi ehtiyac var.

 

Aliyə SƏMƏDOVA