Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Fondun yaradılması inqilabi addımdır

K.Əsədov bildirdi ki, yüksək peşə təhsili alan tələbələr, həmçinin özəl ali təhsil müəssisələrində təhsil alan gənclər də tələbə təhsil krediti ala biləcəklər.

30.06.2021 10:48
33
A+
A-

Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Adından da göründüyü kimi, məqsəd aydındır. İctimaiyyəti maraqlandıran bu məqsədlərin necə həyata keçiriləcəyi Fondun fəaliyyət mexanizmidir. Elə təhsil üzrə ekspert Kamran Əsədovla söhbətimiz də bu barədə oldu.

K.Əsədova görə, Fondun yaradılması inqilabi addımdır. Çünki Fond tələbəyə təhsil haqqı ilə kifayətlənməyəcək. Eyni zamanda ona kirayə götürdüyü mənzil, hər hansı bir layihəni həyata keçirmək üçün lazım olan vəsaiti verə biləcək.

Fondda kreditlər ən aşağı faizlə veriləcək. Müraciət edənlərin təhsil göstəricilərinə xüsusilə diqqət yetiriləcək. Əgər müraciət edən şəxs yüksək akademik fəaliyyət göstərərsə, beynəlxalq olimpiadalarda, yarışlarda qalib gələrsə, dövlət tərəfindən verilən kredit bağışlana bilər. Fondun idarə heyəti tələbənin akademik fəaliyyətinə nəzarət edəcək, göstəriciləri yaxşı olan tələbələrə təhsil kreditinin tətbiqi barədə qərar verəcək. Yəni akademik fəaliyyəti passiv olan, kəsirlərlə təhsil alan şəxslər bu kreditdən yararlana bilməyəcəklər.

K.Əsədov dedi ki, Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər. Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Bu kredit kommersiya məqsədi daşımır. Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə ödəniləcək. Kredit öz hesabına təhsil alan tələbələrə də şamil olunacaq. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Tələbə təhsil kreditini   20 il müddətinə qaytara biləcək. Yəni tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə-hissə Fonda qaytara biləcək. Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu zaman, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqını keçməyəcək. Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq. Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil ediləcək.

K.Əsədov bildirdi ki, yüksək peşə təhsili alan tələbələr, həmçinin özəl ali təhsil müəssisələrində təhsil alan gənclər də tələbə təhsil krediti ala biləcəklər.

Həmsöhbətim onu da qeyd etdi ki, kredit ilə bağlı Amerika təcrübəsi var. Amerikada artıq 2 milyard dollar vəsait problemli kreditə çevrilib. Bu da məhz tələbələrə verilmiş kreditlərdir ki, geri qaytarılmır: “Ona görə hesab edirəm ki, dövlət kredit verəcəyi şəxslər ilə müqavilə imzalamalıdır. Müqavilədə xüsusi bənd olmalıdır ki, universiteti bitirdikdən sonra bir il ərzində kredit götürən şəxs özü iş tapmalıdır ki, birinci kreditini ödəsin, ilin tamamında isə ixtisas sahəsinə uyğun iş təklif edilə bilər. Tələbə ali təhsilini başa vurduqdan sonra üzərində ən azı 6-7 min manatlıq kredit olacaq. Özəl fəaliyyətini yaxşılaşdırmaq, şəxsi biznesini böyütmək üçün kredit istədiyi zaman banklar  vətəndaşın  üzərində aktiv borc olduğunu görəcək. Bunun üçün elə etməliyik ki, tələbəyə verilən kredit ən aşağı faizlə olsun. Dövlətin burada məqsədi kommersiya deyil, ali təhsilli insanların sayının çoxalmasıdır. Bunların fonunda maddə olmalıdır ki, tələbə təhsilini başa vurduqdan sonra mütləq işləməlidir. Beləliklə, işsizliyin də qarşısı alınar və savadlı kadrlar çoxalar”.

 

Gülöyşə MƏMMƏDLİ