Əməkhaqqı əmək müqaviləsində yanlış göstərilib, işçi bir neçə ay artıq pul alıb. Bu halda əməkhaqqından tutulma olmalıdırmı? Əmək müqaviləsinə dəyişiklik etmədən işçiyə ödənilmiş artıq əməkhaqqı işəgötürən tərəfindən tutula bilərmi?
Maral ŞƏFİYEVA, Sumqayıt şəhəri.
Əməkhaqqı əmək müqaviləsində yanlış göstərilib, işçi bir neçə ay artıq pul alıb. Bu halda əməkhaqqından tutulma olmalıdırmı? Əmək müqaviləsinə dəyişiklik etmədən işçiyə ödənilmiş artıq əməkhaqqı işəgötürən tərəfindən tutula bilərmi?
Maral ŞƏFİYEVA, Sumqayıt şəhəri.
- Nəzərinizə çatdırırıq ki, Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digər tərəf isə işçidir. Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Dəyişikliklər çox olduqda və əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda isə ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənir.
Həmçinin Məcəllənin 175-ci maddəsinin 5-ci hissəsinə müvafiq olaraq, hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əməkhaqqı, o cümlədən müvafiq qanun və digər normativ-hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.
Belə ki, Sizin sualınıza cavab olaraq bildiririk ki, işəgötürən tərəfindən əmək müqaviləsində yanlış göstərilmiş əməkhaqqı məbləğinə düzəliş edilməsi ilə bağlı əmr (qərar, sərəncam) tərtib edilməlidir. Onun əsasında da əmək müqaviləsinin “Əmək müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi barədə məlumatlar” hissəsində həmin dəyişiklik qeyd edilməlidir.
Lakin, yuxarıda da göstərdiyimiz kimi, qanunvericiliyin tələblərinə istinad edərək bildiririk ki, işəgötürənin əmək müqaviləsində yanlış yazılması nəticəsində işçiyə verilmiş artıq əməkhaqqı geri tutula bilməz.
Zərərin əvəzi üzrə ödənişlər hansı qaydada ödənilir?
Cavad ZEYNALLI, Daşkəsən rayonu.
- Mülki Məcəllənin 1125-ci maddəsinə əsasən, zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri, zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər.
Əlavə xərclərin ödənilməsi məbləğləri yollayışların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər.
Qanunla yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi mümkündürmü?
Əvəz SEYİDOV, Şirvan şəhəri.
- Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir.
Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.
Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.
Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə aşağıdakı hallarda yol verilmir:
1. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda.
2. Keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə.
3. Keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla).