AHİK sədri Səttar Möhbalıyev Naxçıvana səfər edib
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına yeni alınmış “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və “Ağbulaq” İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri ilə tanış oldular.

Avqustun 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Naxçıvan şəhərinə səfər edib.
AHİK sədri Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsinin ziyarət edib, önünə gül dəstələri qoyublar.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına yeni alınmış “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC və “Ağbulaq” İstirahət Mərkəzində aparılan təmir-bərpa işləri ilə tanış oldular.
AHİK sədrinə məlumat üçün bildirilib ki, dəniz səviyyəsindən təxminən 900 metr hündürlükdə yerləşən “Darıdağ”ın suyu karbon qazlı, mərgümüşlü, yüksək minerallaşdırılmış xlorlu-hidrokarbonatlı-natriumludur: Kudova (Polşa), Dürkgeym (Almaniya), Sineqorsk (Saxalin) sularının analoqudur. Lakin suyun tərkibindəki mineral duzların mütənasibliyinə görə “Darıdağ” suyu onlardan üstündür. “Darıdağ” suyundan hələ qədim zamanlardan kustar şəkildə sümük-oynaq, əzələ sistemi xəstəliklərinin, o cümlədən “duzlaşma” adlanan patologiyalar və onun müxtəlif fəsadlarının müalicəsində geniş istifadə edilib. Hazırda burada arsenli su vannası vasitəsilə revmatik, dəri, əzələ və sinir sistemləri xəstəliklərinin ambulator müalicəsi aparılır. Bu mineral suyu istər soyuq, istərsə də isti içmək zərərlidir.
AHİK sədrinə həmçinin bildirildi ki, uzun müddət baxımsız vəziyyətdə olan mərkəzlərdə vətəndaşların müayinəsi, müalicəsi və istirahəti üçün hərtərəfli şəraitin yaradılması işlərinə başlanılıb.