Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu”

​​​​​​​mövzusunda keçirilən konfransda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ÇIXIŞI

08.09.2023 00:15
32
A+
A-

- Hörmətli tədbir iştirakçıları, əziz tələbələr!

Xanımlar və cənablar!

Hər birinizi salamlayıram və bugünkü konfransımızın işinə uğurlar arzulayıram.

Əziz dostlar, gəlin öncə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək....

ALLAH rəhmət eləsin!

Bildiyimiz kimi, bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Möhtərəm Prezidentimiz cənab    İlham Əliyev ötən il sərəncam verərək 2023-cü ili “Heydər Əliyev İli” elan etdi. Bu münasibətlə ölkəmizdə yerli və beynəlxalq əhəmiyyətli forumlar, konfranslar keçirilir, idman yarışları, müsabiqələr, sərgilər təşkil olunur. Öz növbəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da   “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı hazırlayıb və ilin əvvəlindən başlayaraq həyata keçirməkdə davam edir. Bugünkü tədbirimiz də tədbirlər planına daxildir.

Əziz tələbələr!

Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Cavanşir, Şah İsmayıl Xətai, Qara Yusif, Uzun Həsən və digərləri böyük dövlətlər yaradaraq şanlı tariximizdə dərin iz qoyublar. Heydər Əliyev də bu yolun davamçısı olaraq müasir Azərbaycan dövlətini qurdu. Əziz gənclər, bu gün sizlər həmin dövlətin xoşbəxt vətəndaşlarısınız. Ulu Öndər bu dövləti sizin üçün qurdu. Sizin xoşbəxt və firavan həyatınız üçün. Heydər     Əliyev bu yolda bütün mənalı ömrünü xərclədi və yalnız xalqı, Vətəni, banisi olduğu dövləti üçün yaşadı. Həyatının mənasını da ancaq bunda gördü.

Dəyərli gənclərimiz, sizdə belə bir sual yarana bilər ki, ötən əsrin 90-cı illərində xalqımız üzləşdiyi ağlasığmaz bəlalardan xilas olmaq üçün niyə məhz Heydər Əliyevə üz tutdu? Xalq niyə təkidlə Heydər    Əliyevi tələb edirdi? Xalqın ona olan inamı haradan qaynaqlanırdı? Mən sizə deyim ki, Heydər Əliyev hələ 1969-cu ildə sovet ittifaqının tərkibində olan Azərbaycanın rəhbərliyinə gətirilərkən respublikamızda vəziyyət o qədər də ürəkaçan deyildi. Azərbaycan əsasən kənd təsərrüfatı ölkəsi kimi tanınırdı. İttifaq səviyyəsində geri qalan respublikalardan biri idi. Onun müdrik rəhbərliyi Azərbaycanın böyük sosial-iqtisadi inkişafına yol açdı. Qısa müddətdə Azərbaycan iri sənaye ölkəsinə çevrildi. Həmin illərdə Heydər Əliyevin qətiyyəti və təşəbbüskarlığı sayəsində keçmiş sovetlər ittifaqının bir çox qabaqcıl texnologiyalara əsaslanan sənaye müəssisələri Azərbaycanda inşa olundu. Neft sənayesinin iqtisadi inkişafdakı müstəsna rolunu düzgün qiymətləndirən Ulu Öndər Heydər Əliyev 70-ci illərdə bu sahənin dinamik inkişafına, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail oldu.

Əziz gənclər!

Dahi Öndərin Bakı Məişət Kondisionerləri Zavodunun inşası naminə göstərdiyi səyləri sizin diqqətinizə çatdırmaq istərdim. Belə ki, 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunması barədə qərar vermişdi. Lakin Heydər Əliyev sovet rəhbəri Brejnevlə görüşərək həmin qərarı dəyişdirmiş, müəssisənin məhz Bakıda tikilməsinə nail olmuşdu. Bu, həmin dövr üçün çox qətiyyətli addım idi. SSRİ-yə daxil olan respublikaların heç bir rəhbəri belə riskə getməzdi. Amma Heydər Əliyevin xalqı naminə gördüyü işlər onu heç nədən qorxutmayıb.

Məsələn, bu gün də iqtisadiyyatımızın güclənməsinə, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən Bakı Dərin Özüllər Zavodunun tarixinə nəzər salaq. Həmin zavodun da o vaxt Azərbaycanda tikilməsi məhz Heydər Əliyevin xidmətidir. Mərkəzi hökumət zavodu Həştərxan şəhərində tikmək qərarına gəlmişdi. Amma Heydər Əliyevin müdaxiləsindən sonra zavod Azərbaycanda tikildi. Hazırda həmin zavodda 3500 azərbaycanlı işləyir.

Bundan başqa, 1970-ci illərdə Azərbaycanın paytaxtı Bakı şəhərinin inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi tamamilə dəyişdi. Yeni binalar, mədəniyyət obyektləri tikildi. Həmin dövrdə respublika əhalisinə 376 mindən çox yeni tikilmiş mənzil verildi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə təzə mənzillə təmin edilməsinə imkan yaratmışdı.

Hörmətli tədbir iştirakçıları!

Biz təkcə həmin dövrdə Ulu Öndərin gördüyü işləri burda saymaqla qurtara bilmərik. O, xalqının firavan yaşaması üçün əlindən gələn hər şeyi edirdi. Gənclərimiz də hər zaman onun diqqət və qayğısı ilə əhatə olunurdu. Biz həmin vaxt sizin kimi gənclər idik və bunu öz həyatımızda hiss edirdik. O çalışırdı ki, azərbaycanlı gənclər savadlı, elmli olsun, müasir biliklərə yiyələnsinlər. Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Qarabağda Pedaqoji İnstitut Heydər Əliyevin təşəbbüsü ilə həmin dövrdə yaradıldı. Şəxsən onun təşəbbüsü ilə SSRİ-nin Moskva, Leninqrad, Kiyev və başqa ali məktəblərində oxumağa göndərilən tələbələrin sayı hər il artırdı. Bu faktı qeyd etmək kifayətdir ki, təkcə 1978-ci ildə Sovetlər İttifaqının 151 ali məktəbində Azərbaycandan 3 mindən çox tələbə oxuyurdu. Həmçinin Sovet hökumətinin ən sərt dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu tədris ocağı fəaliyyətdə olduğu müddətdə burada ordu üçün yüzlərlə, minlərlə peşəkar hərbçi kadrlar hazırlanmışdır. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, xalqına, millətinə qəlbən bağlı olan, həyatını Vətəninin çiçəklənməsinə həsr edə bilən Heydər Əliyev kimi dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.

Əziz gənclərimiz!

Qeyd etdiyim faktlardan aydın olur ki, müdrik xalqımız Heydər Əliyevin qurucu, yaradıcı, təşəbbüskar ruhuna, Vətəninə olan sonsuz məhəbbətinə, qətiyyətli, qorxmaz iradəsinə ötən əsrin 70-ci illərindən yaxşı bələd idi. Məhz bu səbəbdən idi ki, 90-cı illərin əvvəllərində düşdüyü ağır böhrandan çıxmaq üçün xalqımız Heydər Əliyevi hakimiyyətə gətirdi. Nəticə isə bu gün ortadadır. Bütün sahələrdə dinamik inkişaf edən, regionun lideri, dünyada böyük söz sahibi olan qalib Azərbaycan.

Bir az əvvəl dediyim kimi, Azərbaycan gəncliyi də daim Ulu        Öndərin diqqətində idi. Onun gördüyü işlər, müəyyən etdiyi siyasi kurs təkcə bu gün üçün deyildi, həm də uzaq gələcəyi hədəfləyirdi. Buna görə də Heydər Əliyevin müəyyən etdiyi dövlətimizin Gənclər Siyasəti sağlam ruhlu, sağlam düşüncəli, Vətəninə və dövlətinə sadiq, mənəviyyatca zəngin gənclərin yetişməsinə mühüm zəmin yaradıb. O, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərib. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması Azərbaycan gənclərinin həyatında əlamətdar bir hadisə idi. Nazirlik ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirməklə bu sahədə vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edir. Ümummilli Liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir. Bu da gənclərin cəmiyyətin həyatında rolunun artmasında, ölkənin gələcək inkişafında onların iştirakının və məsuliyyətinin yüksəlməsində, ölkə gəncləri arasında fikir mübadiləsinin aparılmasında mühüm rol oynayır. 1997-ci il fevralın 2-də Ulu Öndər tərəfindən imzalanan Fərmanla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. O vaxtdan başlayaraq hər il ölkəmizdə Gənclər Günü təntənəli şəkildə qeyd olunur. Onu da nəzərinizə çatdırım ki, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra, yəni 1999-cu ildə BMT 12 avqust tarixini Beynəlxalq Gənclər Günü elan edib.

Hörmətli gənc həmkarlar!

Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il “Gənclər ili” elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Dövlətimizin başçısının Sərəncamı ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və “2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Həmçinin bildirim ki, ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bu gün respublikamızda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.

Xanımlar və cənablar!

2012-ci ildən başlayaraq hər il ölkəmizin bir şəhəri Azərbaycanın Gənclər paytaxtı seçilir. Bu layihə yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədilə həyata keçirilir. İnanırıq ki, Mingəçevir şəhərinin 2023-cü il, Lənkəranın isə 2024-cü il üçün Gənclər paytaxtı seçilməsi bölgələrdə gənclər hərəkatının və gənclərin inkişafına töhfə verəcək.

Xüsusilə vurğulayım ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaq 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti ilə qazanılan Zəfər sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Hörmətli konfrans iştirakçıları!

Ölkəmizin ən böyük ictimai təşkilatı olan Azərbaycan həmkarlar ittifaqları dövlətimiz tərəfindən müəyyən olunan gənclər siyasətinə öz səlahiyyətləri çərçivəsində fəal dəstək verir. Gənclərin böyük qisminin həmkarlar ittifaqı sıralarında birləşməsi təşkilatımızın bu istiqamətdə məsuliyyətini daha da artırır. Belə ki, həmkarlar ittifaqı üzvlərinin 38,5 faizini 29 yaşadək gənclər təşkil edir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası müxtəlif vaxtlarda “Azərbaycanda uşaq və gənclərin hüquqlarının müdafiəsi və mənəvi tələbatlarının ödənilməsi sahəsində həmkarlar ittifaqlarının fəaliyyəti və tədbirlər planı”, “Gənclər siyasəti konsepsiyası”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi”, “Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri” və başqa sənədlər qəbul edib və uğurla həyata keçirib.

Biz də gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində yaxından iştirakını yüksək qiymətləndiririk və onları həmkarlar ittifaqlarının gələcək inkişafının və daha da möhkəmlənməsinin əsas mənbəyi hesab edirik. Buna görə də gənclərin sosial-iqtisadi problemlərinin həllinə kömək göstərilməsinə, onların həmkarlar ittifaqı strukturlarındakı fəaliyyətinə, keçirilən tədbirlərə, aksiyalara cəlb edilməsinə və həmkarlar ittifaqının kadr ehtiyatının gənclər hesabına yaradılmasına xüsusi önəm veririk.

Hazırda sahə həmkarlar ittifaqlarının böyük əksəriyyətində Gənclər Şurası fəaliyyət göstərir və gənclərlə mütəmadi iş aparılır. Gənclər Şurası gənclərin tələbatına cavab verən strategiyanın, kollektiv müqavilələrin və sazişlərin işlənib hazırlanmasında, peşə ustalığı üzrə müsabiqə və baxışların keçirilməsində fəallıq göstərirlər. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirilməsi məqsədilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 434 gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülüb.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əlaçı müdavimlərinə hər il həmkarlar ittifaqlarının pul mükafatı verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də “Adlı təqaüd” verilir. İndiyədək 3000 nəfərə yaxın  gənc bu təqaüdə layiq görülüb. Bəzi ali məktəblərdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərcləri, hər il onlarla imkansız tələbənin təhsil haqlarının 30%-i, bəzilərinin isə 100%-i həmkarlar ittifaqı tərəfindən ödənilir. Hər il tələbə-gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, onlarda elmə marağın aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi istiqamətində addımlar atılır.

Hörmətli gənclər!

Nəzərinizə çatdırım ki, möhtərəm Prezidentimiz cənab     İlham Əliyevin idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan ruhlanan həmkarlar ittifaqları da Azərbaycanda idmanın inkişafına öz töhfəsini verməkdədir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Konfederasiyanın təklifi ilə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə birlikdə Respublika Spartakiadaları keçirilir. Keçirilən ilk Spartakiadanın açılış mərasimində Ümummilli Lider Heydər Əliyev şəxsən iştirak etməklə idmançılara öz tövsiyələrini vermişdir. Həmkarlar ittifaqlarının idmançıları dünya, qitə, Olimpiya, İslam həmrəyliyi, Avropa Oyunları və ölkə çempionatlarında mütəmadi olaraq qazandıqları nailiyyətlərə görə ən yüksək orden və medallara layiq görülmüşlər. Azərbaycan həmkarlar ittifaqları bundan sonra da gənclərlə bağlı fəaliyyətini uğurla davam etdirəcək, dövlətimizin bu istiqamətdə gördüyü bütün işlərə fəal dəstək verəcək.

Xanımlar və cənablar!

Çıxışımı yekunlaşdıraraq bir daha bildirirəm ki, ölkəmizin hər bir uğurunun təməlində Heydər Əliyevin siyasi kursu dayanır. Prezident İlham Əliyev hələ 2003-cü ildə keçirilən andiçmə mərasimində Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bildirmişdi. 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf  Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycanın iqtisadi möcüzələr ölkəsi kimi tanınması, beynəlxalq tədbirlərə evsahibliyi etməsi, inkişafın Azərbaycan modelinin dünyaya böyük səs salması Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün siyasətə əsaslanır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Ulu Öndər siyasətini uğurla gerçəkləşdirir, bu irsi ləyaqətlə yaşadır. Dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi xoşməramlı missiyaların, müxtəlif layihələrin hamısı Ulu      Öndərin təbliğatının tanıdılmasına yönəlib. Xalqımızın milli sərvəti hesab edilən Ulu Öndərin zəngin və çoxşaxəli irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin müqəddəs borcudur. Bu işdə siz gənclər də daha fəal olmalısınız. Əmin olun ki, Heydər Əliyevin irsi bundan sonra da doğma Azərbaycanımızın yeni zirvələr fəth etməsi və əzəmətli qələbələr qazanması yoluna parlaq işıq tutacaq.

Əziz gənclər!

Siz dövlətimiz tərəfindən göstərilən etimadı layiqincə doğruldur, Vətənimizin inkişafı naminə səylə çalışır, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi fəaliyyətini ləyaqətlə dəstəkləyirsiniz. İnanırıq ki, bundan sonra da Azərbaycan gəncliyi həmrəylik nümayiş etdirəcək, Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək parlaq gələcəyə doğru inamla irəliləyəcək.

Diqqətinizə görə təşəkkür edirəm və konfransın işinə uğurlar arzulayıram. Çox sağ olun.

 

ETİKETLƏR: