15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi haqqında müddəa Konstitusiyamızda yer alırmı?
Səbuhi RƏHİMLİ, Mingəçevir şəhəri.
15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi haqqında müddəa Konstitusiyamızda yer alırmı?
Səbuhi RƏHİMLİ,
Mingəçevir şəhəri.
- BƏT-in uşaq əməyinə dair daha vacib müddəaları özündə əks etdirən konvensiyalarına və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulduqdan sonra milli qanunvericilikdə uşaq əməyi ilə mübarizəyə, uşaqların mənəviyyatının, sağlamlığının qorunmasına aid olan konstitusion normalarda dəyişikliklər edilməsi zərurəti meydana çıxdı. İlk növbədə 18 mart 2009-cu il Azərbaycan Respublikasının Referendum Aktından sonra Konstitusiyamıza əlavə və dəyişikliklər edildi. Həmin tarixdən Konstitusiyanın “Ailə və dövlət” adlanan 17-ci maddəsinin adı dəyişdirildi, maddəyə əlavə və dəyişikliklər edildi. Əvvəlki redaksiyaya əsasən, “uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur, bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir” ifadələrindən əlavə uşaqların işə qəbulunun minimum yaş həddi, uşaqların həyat və sağlamlığının qorunması haqqında normalardan danışılmırdı. Doğrudur, “Uşaq hüquqları haqqında” qanunda, Əmək Məcəlləsində uşaqların əmək hüququnun yaranması və bu hüquqların hansı şərtlər daxilində həyata keçirilməsindən danışılırdı. Lakin referendumdan sonra qeyd edilən maddə “Ailə, uşaqlar və dövlət” adlandırıldı. Burada qeyd olundu ki, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti dəyişərsə, zərərin əvəzinin ödənilməsi miqdarının sonradan dəyişdirilməsi mümkündürmü?
Şəhla ŞABANOVA,
Gəncə şəhəri.
- Bəli, mümkündür. Mülki Məcəllənin 1123-cü maddəsinə əsasən, əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər.
Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər.
Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.
Əgər zərər vurmuş fiziki şəxsin əmlak vəziyyəti əlilliklə və ya pensiya yaşına çatmaqla əlaqədar olaraq zərərin əvəzinin ödənilməsinin təyin edildiyi məqamdakı vəziyyətə nisbətən pisləşmişdirsə, onun tələbi ilə məhkəmə zərərin əvəzinin ödənilməsi miqdarını azalda bilər, amma zərərin qəsdən törədilmiş hərəkətlərlə vurulduğu hallar istisna təşkil edir.
İşləməklə yanaşı, doktoranturada oxuyanlara və fəlsəfə doktoru elmi adı almaq üçün müdafiə edənlərə ödənişli, ya ödənişsiz hər hansı bir məzuniyyət düşürmü?
Qənirə ƏSƏDOVA,
Şirvan şəhəri.
- Əmək Məcəlləsinin 122-ci maddəsində yaradıcılıq məzuniyyətləri və onların müddətlərindən bəhs edilir. Həmin maddəyə əsasən, işəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı, doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq üçün ödənişli yaradıcılıq məzuniyyətləri verilə bilər.
İşləməklə yanaşı, doktoranturada (adyunkturada) təhsil alan (o cümlədən doktoranturaya (adyunkturaya) daxil olmaq üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü iki təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. Bu yaradıcılıq məzuniyyətindən işçi, müvafiq elmi şuranın qərarına uyğun olaraq, ona verilən arayış əsasında istifadə edir.
Onu da qeyd etmək lazımdır ki, yaradıcılıq məzuniyyəti müddətində ödənilən əməkhaqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əməkhaqqından hesablanır.
Doktoranturada (adyunkturada) təhsil alan işçilərə, yuxarıda qeyd edilən ödənişli məzuniyyətlərdən başqa, onların yazılı ərizəsi əsasında hər iş ilində 1 təqvim ayınadək ödənişsiz məzuniyyət də verilir.
Eyni nazirliyə tabe olan başqa bir müəssisədə yeni əmək müqaviləsi bağlayaraq işə başlamalıyam. Bu, köçürmə yolu ilə mümkündürmü?
Zamin MƏMMƏDLİ, Şirvan şəhəri.
- Qanunvericilik yalnız eyni müəssisənin daxilində işçinin başqa vəzifəyə köçürülməsinə yol verir. Qalan hallarda işçi ilə əmək müqaviləsinə xitam verilməli, işçi ilə son haqq-hesab aparılmalı və işçi ümumi qaydada o biri müəssisədə yeni əmək müqaviləsi bağlamaqla işə düzəlməlidir. Ona görə də Siz ümumi qaydada başqa işə keçməklə əlaqədar olaraq öz təşəbbüsünüzlə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etməli və yalnız əmək müqavilənizə xitam verildikdən sonra o biri işəgötürənlə yeni əmək müqaviləsi bağlanması üçün ərizə ilə müraciət edə bilərsiniz.
Səhiyyə sahəsində çalışıram və II qrup əliləm. Bu yaxınlarda təhsil sahəsində çalışan dostumdan eşitdim ki, işlədiyi müəssisədən ona əməkhaqqının 25 faizi miqdarında əlavə ödəniş verilir. Mən isə bu günə kimi həmin əlavəni almamışam. Həmin əlavəni ala bilərəmmi və əməkhaqqıma 25 faiz əlavə hesablanacaqsa, bu, hansı dövrü əhatə edəcək?
Sənəm İBRAHİMOVA,
Balakən rayonu.
- Nazirlər Kabinetinin 10 may 1994-cü il tarixli, 185 saylı Qərarı ilə “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram” təsdiq edilmişdir.
Proqramda əlillərin sosial müdafiəsi sisteminin məqsəd və vəzifələri, işə düzəldilməsi və onların əməyindən istifadə edilməsi, onların reabilitasiyası və sağlamlığının möhkəmləndirilməsi və təhsilə cəlb edilməsi məsələləri ilə yanaşı, əlillərin sosial müdafiəsinə yönəldilmiş tədbirlər də müəyyən edilmişdir. Bu tədbirlərin həyata keçirilməsinin təmin edilməsi müvafiq nazirliklər, fondlar, komitələr, baş idarələr və yerli icra hakimiyyəti orqanları ilə yanaşı, aidiyyəti üzrə idarə və təşkilatlara da tapşırılmışdır.
Sualınızda qeyd etdiyiniz əməkhaqqına 25 faiz əlavə əlillərin gəlirlərinin müntəzəm artırılmasının təmin edilməsi məqsədini daşıyır. Adıçəkilən Proqramın 5.4-cü bəndində əməkhaqqına əlavənin ödənilməsi müəssisə və təşkilatlara həvalə edilmişdir. Bu bənddə qeyd edilir ki, əmək kollektivinin razılığı ilə kollektivdə işləyən III qrup əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15 faiz, I və II qrup əlillərin əməkhaqqının isə 20-25 faiz artırılmasının təmin edilməsi müəssisə və təşkilatlara tapşırılır.
Göründüyü kimi, burada əməkhaqqına hesablanacaq əlavə 10-15 və 20-25 faiz arasında olaraq qeyd edilir. Deməli, bütün təşkilat və müəssisələrdə həmin faiz dərəcəsi eyni olmaya bilər. Bu əlavə Sizə 25 faizdən az olaraq da, yəni 20-25 faiz arasında olmaqla ödənilə bilər.
Bunun üçün çalışdığınız müəssisənin həmkarlar ittifaqı təşkilatına müraciət etməlisiniz. Əməkhaqqına əlavə müraciət tarixindən ödəniləcək. “Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks Proqram”a əsasən, müəssisə və təşkilatlar tərəfindən əlillərin əməkhaqqına nəzərdə tutulan faiz dərəcələri 1994-cü ildən başlayaraq ödənilir.
Bəzi müəssisələrdə bu, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdur. Buraxılmış müddətə görə əlavənin alınması üçün idarə rəhbərliyinə müraciət etməyiniz məsləhət görülür. Lakin buraxılmış müddət üçün həmin vəsaitin ödənilməsi haqqında Proqramda heç bir göstəriş yoxdur.