Layiqli əməkhaqqı uğrunda mübarizə
BHİK-in Baş katibi vəzifəsini icra edən Luk Triangl deyib ki, maaşlar Yeni Sosial Müqavilənin mərkəzidir, davamlı və ədalətli iqtisadiyyatın əsasını təşkil edir.
Yaxınlaşmaqda olan 7 Oktyabr - Ümumdünya Layiqli Əmək Günü ərəfəsində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) korporativ spekulyasiyanın yaratdığı inflyasiya səbəbindən işçilərə və ailələrinə qarşı böyük təzyiqi azaltmaq üçün maaş artımının vaxtı gəldiyini bildirir.
Qlobal sərvətin maaşlara gedən payı son 40 ildə, hətta qlobal iqtisadiyyatın həcmi dörd dəfə artsa da, 13 faiz azalıb. Bu, BHİK-in Qlobal Hüquqlar İndeksində izah olunduğu kimi, işçilərin hüquqlarının uzunmüddətli pozulması nəticəsində həmkarlar ittifaqı sıxlığının azalmasıdır.
BHİK-in Baş katibi vəzifəsini icra edən Luk Triangl deyib ki, maaşlar Yeni Sosial Müqavilənin mərkəzidir, davamlı və ədalətli iqtisadiyyatın əsasını təşkil edir. Bir çox işəgötürən mal istehsal edən və xidmətlər göstərən işçilərlə rifahı bölüşməkdən imtina edir və rekord səviyyədə korporativ vergidən yayınmaqla, dövlət sektorunu da layiqli əməkhaqqı təmin etmək üçün lazım olan resurslardan məhrum qoyur.
İşəgötürənlər maaş artımına etinasız yanaşdıqda hökumətlər həmkarlar ittifaqı təşkilatı və kollektiv sövdələşmə hüquqlarını, qanunla müəyyən edilmiş minimum yaşayış həddi və razılaşdırılmış minimum əməkhaqqını təmin etməklə müdaxilə etməlidir. Dünyada formal iqtisadiyyatda çalışan işçilərin təxminən 20 faizi minimum əməkhaqqından asılıdır.
Mərkəzi banklar da inflyasiyanın qarşısını almaq üçün maaşların azalması yanaşmasından kənara çıxmalıdırlar. Artıq sübut olunub ki, korporativ tamah və mənfəətpərəstlik bütün dünyada qiymətlərin artmasına səbəb olub. Keçən il 722 şirkət 1 trilyon dollar gəlir əldə etdi, bir milyard işçinin real əməkhaqqı isə 746 milyard dollar azaldı.
Həmkarlar ittifaqı sıralarında olanlar həmkarlar ittifaqı üzvü olmayan işçilərə nisbətən 10-25 faiz daha çox qazanırlar. Əməkhaqqına əlavələr bəzi iş yerlərində daha aşağı ola bilər. Bunun səbəbi həmkarlar ittifaqı üzvü olmayanlar daxil olmaqla, bütün işçilərin həmkarlar ittifaqı tərəfindən razılaşdırılan əməkhaqqı dərəcələrindən faydalanmasıdır.
Hazırda bütün dünyada gender maaş fərqi təxminən 20 faiz təşkil edir. Həmkarlar ittifaqı üzvü olan qadınların çalışdıqları iş yerlərində əhəmiyyətli dərəcədə aşağı ola bilər və bir çox hallarda kollektiv sövdələşmələr vasitəsilə faktiki olaraq aradan qaldırılır.
Bütün dünyada həmkarlar ittifaqları miqrantlar, gənc işçilər və ayrı-seçkiliyə məruz qalan digər qruplar üçün əməkhaqqı bərabərsizliyinə, minimumdan aşağı maaşa və istismar dərəcələrinə qarşı mübarizə aparır.
BHİK-in son hesabatı həmkarlar ittifaqının fəaliyyəti nəticəsində minimum əməkhaqqı artımına necə nail olunduğunu birbaşa sübut edir.
İşçilərin layiqli əməkhaqqı almasının yeganə yolu vaxtında həmkarlar ittifaqı sıralarına qoşulmasıdır.