Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İqtisadiyyatın dayanıqlı və  dinamik inkişafına töhfə vermək, 

həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir

14.07.2021 02:19
29
A+
A-

Ölkə başçısı İlham Əliyev iyulun 1-də Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Ümumi sahəsi 850 hektar olacaq Ələt Azad İqtisadi Zonasının 60 hektarında layihələndirmə artıq başa çatıb və inşaat işlərinə start verilib. Bəs Azad İqtisadi Zona niyə Ələtdə yaradılır? İnvestorları Azad İqtisadi Zonaya nə cəlb edəcək?  Onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar? Suallarımızı Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya və siyasi idarəetmə kafedrasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov cavablandırıb. Bildirib ki, dünya standartlarına cavab verən Beynəlxalq Dəniz Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonasının yaradılması Azərbaycanın Avrasiyanın orta xətti üzərində yerləşən Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən nəqliyyat qovşağının mərkəzi iştirakçılarından birinə çevirəcək, ölkəmizin geoiqtisadi və strateji nəqliyyat statusunu daha da gücləndirəcək. Azad iqtisadi zonalar gömrüksüz və ya imtiyazlı ixrac-idxal rejimi tətbiq edilən, digər ölkələrin və bölgələrin valyuta-maliyyə vəziyyəti ilə fərqlənən, daha sərfəli iqtisadi və coğrafi mövqeyə malik olan ölkə ərazisi və ya onun hər hansı bir hissəsidir. Azad iqtisadi zonalarda yerləşən təsərrüfat subyektləri xüsusi qanunvericilik normaları altında fəaliyyət göstərir  və onların bu fəaliyyəti ölkənin xüsusi qanunları ilə tənzimlənir. Azad iqtisadi zonaların bir sıra xarakterik  xüsusiyyətləri var. Bu zonalarda müxtəlif növ güzəşt və stimullar tətbiq edilir. Yəni xarici ticarət zamanı ixrac-idxal rüsumları azaldılır və ya ləğv edilir. Bundan başqa, azad iqtisadi zonalara büdcədən subsidiyalar ayrılır, güzəştli dövlət kreditləri, torpaqdan və əmlakdan istifadəyə görə imtiyazlı icarə haqları verilir, müəssisələrin qeydiyyatdan keçirilməsi prosedurları, qeyri-rezidentlərin ölkəyə giriş-çıxışı sadələşdirilir. 
Z.Məmmədov xüsusilə qeyd etdi ki, heç də yaradılan bütün iqtisadi zonalar qarşılarına qoyulan məqsədləri reallaşdıra bilmir. Hazırda dünyada qlobal miqyasda sayılıb-seçilən azad iqtisadi zonalar az saydadır. Birləşmiş Ərəb Əmirliklərindəki Dubay iqtisadi zonasını, Çindəki müxtəlif azad zonaları misal göstərmək olar. Lakin əminliklə deyə bilərik ki, Ələt Azad İqtisadi Zonası da beynəlxalq miqyasda aparıcı, tanınmış azad iqtisadi zonalardan birinə çevriləcək. Bu zonanın yaradılmasında əsas məqsəd həm də qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı və dinamik inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Ələt Azad İqtisadi Zonasının yaradılması sözsüz ki, ölkəmizə mühüm iqtisadi-siyasi dividentlər gətirəcək. Ən əsası milli iqtisadiyyatın qlobal iqtisadi sistemə inteqrasiyasında, aparıcı şirkətlərin milli iqtisadiyyatlara sərmayə qoymasında, ölkənin iqtisadi və maliyyə cəhətdən güclənməsində  azad zonalar xüsusi əhəmiyyətə malikdir.  Azərbaycan isə son zamanlar dünyanın aparıcı nəqliyyat qovşağına və geoiqtisadi mərkəzlərindən birinə çevrilməyi bacarıb və Böyük Britaniya, Çin, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, İran, Rusiya və digər bir çox dövlət rəsmi Bakının Xəzərin qərb sahilllərində qurmaqda olduğu meqalayihələrdə iştirak etmək istədiyini dəfələrlə bəyan edib.
Z.Məmmədov onu da qeyd etdi ki, düzgün müəyyənləşdirilmiş strategiya, daxili imkanlardan düşünülmüş şəkildə istifadə edilməsi nəticəsində Azərbaycanın qədim İpək Yolu boyunca ticarət mərkəzi kimi tarixi mövqeyini bərpa etməsi, Şərqlə Qərbi, habelə Şimalla Cənubu birləşdirən əsas nəqliyyat dəhlizlərinin yolu üzərində yerləşməsi respublikamızın Avrasiyanın regional mərkəzinə çevrilməsinə, qloballaşma prosesləri baxımından onun həm regional,  həm də beynəlxalq layihələrdə rolunu və əhəmiyyətini daha da artırır. Qeyri-neft sektorunda həyata keçirilən irimiqyaslı islahatların, uğurla reallaşdırılan nəhəng nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən azad iqtiasdi zonaların yaradılmasının vahid məqsəd və strategiyada birləşdirilməsi ölkəmizin, eləcə də regionun gələcək inkişafına böyük töhfələr verir. Beləliklə, azad iqtisadi zona Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə Xəzər hövzəsində ən böyük logistika mərkəzi olaraq fəaliyyət göstərəcək.  Azad İqtisadi Zona yaxın gələcəkdə Avropa, Türkiyə, İran, Rusiya, Çin, Orta Asiya, Yaxın Şərq dövlətləri üçün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının iqtisadi əhəmiyyətini daha da artıracaq. Bu o deməkdir ki, artıq yeni Bakı limanı Avrasiyanın ən əsas nəqliyyat qovşaqlarından birinə çevrilir.

Gülöyşə MƏMMƏDLİ