Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pensiya yaş həddinə yenidən baxılması gözlənilirmi?

Cəmiyyəti maraqlandıran sualları nəzərə alıb məsələyə aydınlıq gətirmək üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədova müraciət etdik. 

14.07.2021 05:42
47
A+
A-

İnformasiya vasitələrində  mütəmadi olaraq  müzakirə mövzusu olan məsələlərdən biri  ölkədə pensiya yaşının orta ömür həddinə müvafiqliyi ilə bağlıdır.  İctimai təşkilatlar və ayrı-ayrı dövlət nümayəndələri tərəfindən də bu sahədə cəmiyyəti narahat edən məqamlar araşdırılaraq  xarici təcrübələrə əsaslanan fikirlər, təkliflər irəli sürülür. Hətta millət vəkilləri belə bir neçə dəfə sosial islahatlar çərçivəsində pensiya yaş həddinə yenidən baxılmasını,  bu limitin azadılmasını təklif ediblər. 
 Biz də səslənən təkliflər, yeni layihələr barədə cəmiyyəti maraqlandıran sualları nəzərə alıb məsələyə aydınlıq gətirmək üçün Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədova müraciət etdik. 
S.Məmmədov ilk növbədə qeyd etdi ki, əmək pensiyasına görə yaşın azadılacağını gözləmirəm. Çünki pensiya fonduna yığımın aşağı olması, işləyən 5 milyon şəxsin cəmi 1 milyon 6 yüz mininin əmək müqaviləsi ilə işləməsi  və digər bu kimi səbəblər buna maneə törədir. Məsələn,  normalda 3 işləyənə 1 pensiyaçı düşməlidirsə, bizdə bu rəqəmlər arasındakı fərq çox yaxındır. Demək olar ki, 1 milyon 300 min pensiyaçı, 1milyon 600 min müqaviləli  işçi var. Ona görə də  yaş həddinin azadılması ilə bağlı yayılan fikirlərin, təkliflərin heç bir nəticə verməyəcəyini hesab edirəm. 
Həmsöhbətim əlavə etdi ki, pensiya yaşının azaldılması üçün “yığım” məsələsinin qaydaya salınması vacibdir: “Qeyri-formal əmək bazarı, ikili mühasibatlıq ləğv olunmalıdır. Bundan sonra artıq əhalinin orta ömür həddi ilə pensiya yaşı arasındakı fərqin optimal olması haqqında düşünmək olar. 
O  həmçinin bizdə Avropadakı kimi yaşlı əhalinin sayı çox deyil,- dedi: “Ölkədə əhalinin 62 faizi 40 yaşından aşağı olanlardır. Yaşı 70-dən yuxarı olanlar ümumi əhalinin 4 faizini təşkil edir. İtaliyada isə bu rəqəm 22 faizdir. Bu o deməkdir ki, ölkədə pensiyaya çıxandan sonra orta yaş həddi  12 il deyil”.  
Liqa sədri bildirdi ki, Avropanın da  sosial təminat sistemi əvvəlki - “firavan” dövr üçün hesablanmış normativlərə “dözmür”. Buna görə də onlar da pensiya yaşının artırılması ilə bağlı addımlar atmağa başlayıblar. Yəni problemlər fərqlidir. Bizdə Pensiya Fonduna yığım məsələsində problemlər varsa, onlarda əhalinin yaş tərkibi ilə bağlı problem var.
Sahib müəllim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanan layihə haqqında da ətraflı məlumat verdi. Dedi ki, layihə zərərli və ağır əmək şəraitində çalışan şəxslər üçün bəzi güzəştlər nəzərdə tutur: “Belə şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə 2017-ci ildə dəyişiklik edilib. Şərtlər və tələblər sərtləşdirilib. Pensiya hüququ əldə etmək üçün kişilər üçün 25 illik, qadınlar üçün 20 illik staj tələb olunur. Bunun da kişilər 12 il yarımını, qadınlar 10 ilin zərərli əmək şəraiti və ağır işlərdə işləmiş olmalıdılar. Bundan əlavə, onların fərdi hesablarındakı pensiya kapitalı minimum pensiya təminatına imkan verən məbləğdən az olmamalıdır. Bu isə kifayət qədər ağır şərtlərdir. Sovet vaxtında 1 və 2 saylı siyahılar vardı. 1 saylı siyahı daha ağır işlərdə çalışanları əhatə edirdi - onlardan kişilər 50 yaşına, qadınlar 45 yaşına çatdıqda və 10 il müvafiq işlərdə çalışmış olduqda pensiyaya çıxmaq hüququ əldə edirdilər. 2 saylı siyahıdakı işçilərə isə pensiya yaşından 5 il əvvəl pensiyaya çıxmaq imkanı tanınırdı. Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir.
Təəssüflər olsun ki, indi müvafiq şəraitdə işləmək müddətini kişilər üçün12 il yarıma, qadınlar üçünsə 10 ilə qaldırıblar. Yeni layihədə hətta bunun 15 ilədək artırılması nəzərdə tutulur. Hesab edirəm ki, çox yanlış yanaşmadır. Fikrimi layihə müzakirə olunanda da demişəm. Ümumiyyətlə, hazırkı qanunvericilik elədir ki, zərərli əmək şəraitli və ağır işlərdə çalışan şəxslərin əksəriyyəti pensiya hüququndan istifadə edə bilmədən həyatdan köçəcək. Pensiya yaşına çatanların isə qoyulan tələbləri təmin etməsi çətindir”.
Onu da qeyd edək  ki, ƏƏSMN-in “Əmək pensiyaları haqqında” qanuna təklif etdiyi dəyişikliklər hələ qəbul olunmayıb. Bununla bağlı nazirlikdən verilən məlumata görə, layihə müzakirə mərhələsindədir.

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: