Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yay məktəbi davam edir

Yay məktəbi davam edir

14.07.2021 06:15
13
A+
A-

Muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdlərinin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etmələri məqsədilə Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində “STEAM yay məktəbi” təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin açılışında çıxış edən təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodunun ümumtəhsil müəssisələrində tətbiqinin əhəmiyyətindən danışıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020-2021-ci tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan STEAM-dır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli sərəncamı bu sahədə görülən işləri sürətləndirib. Sərəncama uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcək.
Təhsil naziri bildirib ki, Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 11 iyun tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Hazırda tədbirlərin icrası istiqamətində işlər davam etdirilir. Bu günə qədər 15 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Sentyabrın 15-dək əlavə 38 məktəbdə də kabinələr yaradılacaq. Beləliklə, 2021-2022-ci tədris ilindən etibarən 7 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaq.
“Şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə iyulun 6-9-da və 13-16-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM yay məktəbi”nə start verilir”, - deyən Rəhman Məmmədov qeyd edib ki, proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən STEAM “Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.
Təhsil naziri “STEAM yay məktəbi”nin iştirakçılarına uğurlar arzulayıb, müəllimlərə təlimlərin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlar verib, təhsildə innovasiyaların tətbiqi üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib.
Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək vurğulayıb ki, son illər muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında yeniyetmə və gənclərin fəal iştirakı, yeniyetmə və gənclər üçün müxtəlif layihələrin, tədbirlərin, yay məktəblərinin, düşərgələrin təşkili gələcəyimizə qayğının ifadəsidir. İnanırıq ki, bu gün təşkil olunan “STEAM yay məktəbi” də yaxın gələcəkdə doğma Naxçıvanımızda elm sahəsində daha böyük nailiyyətlər əldə edilməsinə səbəb olacaq.
Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov çıxış edərək bildirib ki, respublika rəhbərinin ictimai təşəbbüslərinə qoşularaq onların həyata keçirilməsində iştirak etmək qarşımızda duran ümdə vəzifələrdən biridir. Bu mənada “STEAM yay məktəbi”ndə - insan kapitalına yatırım kimi əhəmiyyətli layihədə iştirak bundan sonra da davam etdiriləcəkdir. 
O, yay məktəbinin işinə uğurlar arzulayıb, şagirdləri təbrik edib.
Çıxışlardan sonra tədbir iştirakçıları “STEAM yay məktəbi”nin proqramı və orada iştirak edən şagirdlərə yaradılan şəraitlə tanış olublar.
“STEAM yay məktəbi”nin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 10 ədəd notebook, 4 ədəd 3D printer və çap materialı, 15 ədəd mikrobit dəsti, 15 ədəd 3D qələm, 10 ədəd servo mühərrik, 4 ədəd LEGO, 1 ədəd rokokey inkişaf kartı, 1 ədəd EVO STEM dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılıb.
Dördgünlük təşkil olunmuş “STEAM yay məktəbi”ndə 60 şagird iştirak edir. Avqust ayında tələbələr üçün də “STEAM yay məktəbi” təşkil olunacaq.

ETİKETLƏR: