Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan, Türkiyə və Pakistan birliyinin təcəssümü

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

28.07.2021 18:15
7
A+
A-

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə Türkiyə Böyük Millət Məclisi sədrinin ölkəmizə səfərinin Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edildi. Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunularaq bildirildi ki, Azərbaycan və Türkiyə prezidentləri arasında imzalanan müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi əlaqələrimizin daha yüksək səviyyəyə qalxmasına xidmət edir. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında bütün sahələrdə uğurlu işbirliyinin olduğu vurğulandı.

Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirildi ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Vurğulandı ki, Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri mövcuddur. Həm Türkiyə, həm də Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyinin mühüm rolu qeyd edildi.

Söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirildi.

Görüşdə Azərbaycan və Türkiyə parlamentlərarası əməkdaşlığının da uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvinin və Baş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

Prezident İlham Əliyev Pakistan Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alviyə və İmran Xana çatdırmağı xahiş etdi.

Milli Assambleyanın sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini dedi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi qeyd olundu, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirildi.

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edildi, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olundu.

Söhbət zamanı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri vurğulandı. Prezident İlham Əliyev Pakistana səfərini məmnunluqla xatırladaraq əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunuldu və bu, ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı məmnunluqla qeyd edildi.

ETİKETLƏR:

Foto