Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Orta məktəb üçün müəllim seçiriksə,

onları orta məktəb proqramı ilə imtahan etməliyik

28.07.2021 19:37
16
A+
A-

“Hüseyn Cavidin “Ana” əsərində Qanpolad həbsxanadan çıxıb evə gələndə hansı rəngdə paltar geyinmişdi və materialı nə idi?”. Bu, müəllimlərin işə qəbulu üzrə Azərbaycan dili və ədəbiyyat fənnindən keçirilən imtahan zamanı namizədlərə verilən suallardan biridir. Müəllimlərin narazılığına səbəb olan bu tipli sualların imtahana salınması nə dərəcədə doğrudur?

İmtahana bu cür sualların salınmasının nə kimi əhəmiyyəti var? Bu nüansları bilməklə namizədlər nəyə nail ola bilərlər?

Təhsil üzrə ekspert Kamran Əsədov əvvəlki illərlə müqayisədə son dövrlər imtahana salınan sualların çox dəyişikliyə uğradığını təsdiqlədi. Qeyd etdi ki, mərkəzləşdirilmiş qaydada orta ümumtəhsil məktəblərində müəllimlərin işə qəbulu Bakı şəhəri üzrə 2009-2012-ci illərdə, ölkə üzrə isə 2011-ci ildən etibarən həyata keçirilir: “İlk vaxtlarda imtahana yalnız ixtisas biliklərini yoxlayan test tapşırıqları salınırdı, sonradan bura məntiq və kurrikulum üzrə test tapşırıqları da əlavə edildi. Amma 2 il bundan əvvəl, yəni 2019-cu ildə Təhsil Nazirliyi qaydalarda dəyişiklik etdi və məntiq üzrə test tapşırıqları müəllimlərin işə qəbulundan çıxarıldı. Bu, doğru idi. Çünki imtahan iştirakçılarının heç də hamısı riyaziyyatçı deyil və məntiq sualları da məlum olduğu kimi, daha çox riyazi bilikləri yoxlayırdı. Beləliklə, son 7 ilin nəticələrinə baxdıqda görürük ki, hər il müəllimlərin işə qəbul imtahanlarından sonra namizədlər arasında çox ciddi narahatlıq və narazılıqlar yaranırdı. Bu il isə tamamilə fərqli formatda və çox böyük sayda narazı kütlə formalaşdı. Əgər əvvəlki illərdə test tapşırıqları çətin olurdusa və ağır suallardan daha çox istifadə edilirdisə, cari ildəki imtahanlarda test tapşırıqları, ümumiyyətlə, hər hansı bir testologiya prinsipinə sığmırdı. Xatırladım ki, bir müddət əvvəl Təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının uşaqların yaş xüsusiyyətinə və psixologiyasına uyğun olmaması ilə bağlı Milli Məclisdə narazılığını bildirmişdi. Amma bu gün biz elə Təhsil Nazirliyinin özünün keçirdiyi imtahanlarda təqdim edilən test tapşırıqlarının da məzmun və testologiya baxımından standartlara uyğun olmadığını görürük”.

K.Əsədov bildirdi ki, bu tip suallar peşəkar müəllim yox, əzbərçi müəllimin seçilməsinə şərait yaradır: “Son illər yüksək balla imtahandan keçən müəllimlərin sonradan gedib sinfi idarə edə bilmədiyinin, ən primitiv məsələlərdə aciz qaldığının şahidi oluruq. Bu da onu deməyə əsas verir ki, bizim keçirdiyimiz imtahanlar şəffaf ola bilər, amma keyfiyyətli və ədalətli deyil. Çünki biz daha yaxşı müəllimi seçə bilmirik. Daha yaxşı müəllimi seçmək üçün isə peşəkar testlərdən istifadə edilməli, fərqli yoxlama və ölçü sistemləri tətbiq edilməlidir”.

Ekspert müəllimlərin işə qəbuluna hazırlaşan namizədlərin vəsait çatışmazlığından da əziyyət çəkdiyini vurğuladı: “Bilirsiniz, bu proqram və vəsait məsələsi ən ciddi və mübahisəli məsələdir. Birincisi, ona görə ki, əgər biz orta məktəb üçün müəllim seçiriksə, onları orta məktəb proqramı ilə imtahan etməliyik. Nəzərə almalıyıq ki, həmin gənclər orta məktəbi 4-5 il bundan əvvəl bitirib. Bu müddət ərzində dərsliklər dəyişib. Ona görə də universiteti təzə bitirmiş şəxslərin qısa müddət ərzində həmin proqramla hazırlaşması elə də asan olmayacaq.

Digər bir məsələ, kurikulumla bağlı vəsaitin olmamasıdır. Düzdür, Təhsil Nazirliyi bu və ya digər formada hansısa bir vəsaiti qarşılayır, ancaq bu, ədalətli yanaşma prinsipini ciddi şəkildə pozur.

Düşünürəm ki, ümumiyyətlə, kurikulum fənnindən imtahan tətbiq etməyə ehtiyacımız yoxdur, bizə ancaq ixtisası yaxşı bilən müəllim lazımdır. Digər bacarıqlar onsuz da universitetdə həmin şəxslərə çatdırılır.

Son olaraq hesab edirəm ki, bu sahədə proqram təminatı mütləq həyata keçirməli, konkret ədəbiyyat siyahısı tərtib olunmalı, obyektiv və düzgün nəticə əldə etməliyik”.

Aliyə SƏMƏDOVA