Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Mən qırx ildir rabitə sahəsində əməliyyatçı işləyirəm. Lap əvvəllər məzuniyyətim iş və istirahət günləri ilə birlikdə 36 gün idi. Son illər isə məzuniyyətimi iş və istirahət günləri ilə birlikdə 30 günə endiriblər. Bu, düzgündürmü?

 Bu barədə məlumat verməyinizi xahiş edirəm.

28.07.2021 19:43
10
A+
A-

Mən qırx ildir rabitə sahəsində əməliyyatçı işləyirəm. Lap əvvəllər məzuniyyətim iş və istirahət günləri ilə birlikdə 36 gün idi. Son illər isə məzuniyyətimi iş və istirahət günləri ilə birlikdə 30 günə endiriblər. Bu, düzgündürmü?

 Bu barədə məlumat verməyinizi xahiş edirəm.

 

Adikə HACIYEVA, Oğuz rayonu.

- Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti işçilərin Əmək Məcəlləsində müəyyən edilmiş məzuniyyət hüququnun bir növüdür.

Əvvəlcədən qeyd edək ki, əmək məzuniyyətinin müddəti iş günlərinin sayı ilə yox, Əmək Məcəlləsinin 113-cü maddəsinə əsasən, təqvim günü ilə hesablanır, yəni ərizənizdə qeyd etdiyiniz kimi desək, iş və istirahət günləri ilə birlikdə hesablanır.

Qanunvericilikdə həm əsas, həm də əlavə məzuniyyətin müddətləri və verilmə qaydası qeyd edilmişdir.

Məcəllənin 114-cü maddəsinə əsasən, əsas məzuniyyət işçinin əmək müqaviləsində göstərilmiş peşəsi (vəzifəsi) üzrə minimum müddəti qanunvericilikdə nəzərdə tutulmuş məzuniyyətdir. Maddəyə əsasən, işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.

Aşağıdakı işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilməlidir:

a) kənd təsərrüfatı məhsullarının iste

hsalında çalışan işçilərə;

b) məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə;

c) xüsusi təhsil müəssisələri istisna olmaqla, təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə;

ç) təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına, təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə, dəyişək xidmətçilərinə, bədii rəhbərlərinə;

d) elmi dərəcəsi olmayan elmi işçilərə;

e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.

Göstərilən bütün hallarda əmək stajı 15 ildən çoxdursa, 6 təqvim günü də əlavə məzuniyyət verilməlidir.

 

Dostum bankdan kreditlə pul götürüb, mən də zamin durmuşam. Deyirlər dostum krediti ödəyə bilməzsə, pulu mən ödəməli olacağam. Bu, doğrudurmu? Zaminlik barədə ətraflı məlumat verməyinizi xahiş edirəm.

 

Səid AĞAYEV, Bakı şəhəri.

- Mülki qanunvericiliyə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sizi zaminliklə bağlı məlumatlar maraqlandırdığına görə, qanunvericilikdə təsbit olunmuş mühüm normaları nəzərinizə çatdırırıq. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

Müqavilə bağlandıqdan sonra həmin öhdəliyin icrası üçün zamin də məsuliyyət daşıyır. Belə ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Onu da qeyd etmək lazımdır ki, əgər zamin öhdəliyi tam, yaxud qismən icra etmişsə, bankdan təsdiqedici sənədləri alıb reqress qaydasında borcluya qarşı ödənilmiş məbləğə aid iddia irəli sürə bilər.

ETİKETLƏR: