Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Ölmüş şəxs haqqında məlumatı kim verir? Ölümün qeydiyyatı harada aparılmalıdır?

Sona FƏRƏCOVA, Daşkəsən rayonu.

04.08.2021 18:33
48
A+
A-

Ölmüş şəxs haqqında məlumatı kim verir? Ölümün qeydiyyatı harada aparılmalıdır?

 

Sona FƏRƏCOVA, Daşkəsən rayonu.

 

- Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.

Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir.

Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır.

Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

 

İş yoldaşım xəstədir və öz işimi görməklə yanaşı, onun da işini görürəm. İkimizin də maaşı eynidir. Mənə əvəzetməyə görə maaşın 50 faizi məbləğində haqq ödənilir, bu, düzgündürmü?

Solmaz VƏLİYEVA, Gəncə şəhəri.

 

- Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi Əmək Məcəlləsinin 162-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı, müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir.

Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əməkhaqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.

Müvəqqəti əvəzetməyə görə haqq sizə Məcəllənin tələblərinə uyğun ödənilir.

 

 

 İşəgötürən uşaqları onların həyatı və sağlamlığı üçün təhlükə törədə bilən işə cəlb edərsə, buna görə məsuliyyət daşıyırmı?

 

Cəmilə XASIYEVA, Qusar rayonu.

 

- Əmək Məcəlləsində işəgötürənin əsas hüquqları, vəzifələri və məsuliyyəti müəyyən edilmişdir. Məcəllənin 12-ci maddəsinin “ğ” bəndinə görə, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək də işəgötürənin əsas vəzifələrindən biridir.

Həmin maddənin 2-ci hissəsinə əsasən, işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, habelə Əmək Məcəlləsinin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.

İnzibati Xətalar Məcəlləsinin 192.9-cu maddəsinə əsasən, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə-

vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

ETİKETLƏR: