Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İstirahət mərkəzlərində qiymətləri hamı üçün əlçatan etmək mümkündürmü?

İstirahət mərkəzlərində qiymətləri hamı üçün əlçatan etmək mümkündürmü?

04.08.2021 20:14
117
A+
A-

Ölkə əhalisinin əksəriyyəti yay mövsümünü respublikamızın dilbər guşələrində keçirməyə üstünlük verir. Lakin sosial şəbəkələrdə yayılan məlumatlardan da aydın olur ki, bölgələrimizdəki istirahət mərkəzlərinin heç də hamısında, daha doğrusu, çoxunda təklif olunan qiymətlər müştərilərin böyük qisminin cibinə uyğun olmur. İddia olunur ki, turist axınından istifadə edərək bəzi mərkəzlər şişirdilmiş qiymətlər qoyurlar. Qiymətlərin yüksək olması nə ilə əlaqədardır? Doğrudan da sosial şəbəkə istifadəçilərinin dediyi kimi, sui-istifadə halları, yoxsa real səbəblərlə bağlıdır?

Bu suallarla Azərbaycan Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadəyə və Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimova müraciət etdik.

Kənan müəllim dedi ki, bəli, bu məsələ hazırda çox aktualdır. İlk növbədə oxucularımızın diqqətinə çatdırım ki, turizm sahəsində qiymətləri dövlət yox, özəl sektor özü bazar iqtisadiyyatı qanunları əsasında müəyyənləşdirir. Yəni yüksək tələbin olması qiymətlərin artımına səbəb olur. Digər tərəfdən isə, otelçilərin pandemiya şəraitində xərcləri də artıb. Bununla belə, qeyd etməliyik ki, turizm xidmətləri üzrə qiymət optimallığının təmin edilməsi və əlçatanlığın artırılması, Azərbaycan vətəndaşlarının asudə vaxtlarının ən səmərəli ekonom təşkili Dövlət Turizm Agentliyinin prioritetləri sırasındadır.

K.Quluzadə qeyd etdi ki, bu məqsədlə daha əlverişli sahibkarlıq mühitinin təmin edilməsi, fiskal və vergi öhdəliklərinin azaldılması, müxtəlif təşviq mexanizmlərinin, o cümlədən birbaşa və dolayı subsidiyalaşdırılması alətlərinin yaradılması üçün müxtəlif layihələr  hazırlanmış və hazırda aidiyyəti qurumlarla müzakirələr davam etdirilir. Hədəf təklif ilə tələbin artım tempi arasında tarazlığın təmin edilməsi və dolayısı ilə qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına nail olmaqdır.

M.Ağakərimov isə  bölgələrimizdə olan turizm obyektlərində qiymətlərin pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli yüksəldiyini bildirdi. Əlavə etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Lakin qiymətlərin baha olması məzuniyyətini bölgələrdə keçirmək istəyənlər üçün çətinliklər yaradır. Bu da daxili turizmin inkişafına imkan vermir. Ötən illərlə müqayisədə pandemiya şəraiti ilə əlaqədar olaraq insanlar xarici ölkələrdə deyil, bölgələrimizdə dincəlməyə üstünlük verirlər. Sahibkarlar bundan istifadə edib qiymətləri süni şəkildə artırmamalıdırlar.

Müzəffər müəllimin dediyinə görə, regionlarda bu sahədə kadr məsələsi də zəifdir. Çünki müştəri adətən ödədiyi pulun müqabilini ala bilməməsindən şikayətlənir. Eyni zamanda yeməklər keyfiyyətli və münasib qiymətə olmalıdır. Ofisiantların yüksək səviyyədə xidmət göstərməsi üçün mütəmadi olaraq mütləq şəkildə treninqlər keçirilməlidir. Qiymət siyasəti düzgün qurulsa və xidmət yüksək səviyyədə olsa, əhali artıq digər ölkələrə getməyə ehtiyac görməz. Qiymətlərin də aşağı düşməsi üçün yeni hotellərin, istirahət mərkəzlərinin sayı artırılmalıdır. Nümunəvi evlər, kempinqlər yaradılmalı, bu sahəyə güzəştli kreditlər verilməlidir.

M.Ağakərimov dedi: “Son illər xüsusən də Bakıda hostellərə tələbat artıb. Hostellər ucuz olduğundan turistlərin daha çox diqqətini çəkir. Çünki turist ən çox gəzməyə vaxt ayırır. Yer isə ona yalnız gecə yatmaq üçün lazımdır. Eyni zamanda az büdcəli turistlər üçün nümunəvi kənd evləri də yaradılmalıdır. Adətən bahalı otellərdə beynəlxalq əhəmiyyətli tədbirlərə gələn biznes adamları qalır. Kütləvi turizmi inkişaf etdirmək üçün hostellərin və üçulduzlu otellərin də sayını artırmaq lazımdır. Vətəndaşların yay mövsümündə, xüsusən də daxili turizmdən faydalanmaları üçün istirahət mərkəzlərində qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsinə ehtiyac var.

Gülöyşə MƏMMƏDLİ