Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İcbari  Tibbi Sığorta özünü necə doğruldur?

Onu da nəzərinizə çatdırım ki, Agentlik tərəfindən əhalinin bu prosesdən daha çox yararlanması üçün maarifləndirmə işləri hələ də davam etdirilir”.

11.08.2021 22:56
42
A+
A-

İcbari  tibbi sığorta artıq aprel ayının 1-dən ölkə üzrə tətbiq olunmaqdadır. Bu xidmət özünü  nə dərəcədə doğruldur, ondan yararlanma statistikası və sair məsələlər barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədovaya müraciət etdik. Aynurə xanım bildirdi ki, Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli Qərarı ilə icbari tibbi sığorta ölkə üzrə 3 mərhələdə tətbiq edilib: “Birinci mərhələdə, yəni 2020-ci il 1 yanvar tarixindən etibarən icbari tibbi sığorta, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, 23 regionda (Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş) tətbiq edilib.

İkinci mərhələdə-2021-ci il 1 yanvar tarixindən 36 şəhər və rayon (Gəncə, Naftalan, Şirvan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul) sözügedən sistemə qoşulub.

2021-ci il aprelin 1-dən isə Bakı, Sumqayıt şəhər və Abşeron rayonun səhiyyə qurumları da bu siyahıya əlavə olunub”.

Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə, vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.

Onu da qeyd edək ki, Agentliyin müqaviləli tibb müəssisələrinə Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs, Mərkəzi Klinik Xəstəxana, Caspian International Hospital, Respublika Diaqnostika Mərkəzi, Gəncə Müalicə-Diaqnostika Mərkəzi, Gəncə Beynəlxalq Xəstəxanası, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası, Mərkəzi Neftçilər Xəstəxanası, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, EGE Hospital, Sumqayıt Hospital, Avrasiya Hospital, Xüsusi Müalicə Sağlamlıq Kompleksi kimi klinikalar aiddir”.

A.Əhmədova Xidmətlər Zərfindən yararlanan vətəndaşlar barədə statistikaya da toxundu: “Hazırda ölkə vətəndaşları icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınmış 2550 tibbi xidmətdən yararlanıb: “2021-ci ilin ilk 6 ayı ərzində ölkə üzrə 7386 nəfər dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyatlarla və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilmişdir ki, bu şəxslərin 260 nəfərini uşaqlar təşkil etmişdir. Ürək və damar cərrahiyyəsi-kardiologiya üzrə 2353, oftalmologiya üzrə 904, urologiya üzrə 437, neyrocərrahiyyə üzrə 327, travmatologiya üzrə 279, LOR üzrə 123, ümumi cərrahiyyə üzrə 37, digər sahələr üzrə 14, mamalıq və ginekologiya üzrə isə 8 nəfər əməliyyat olunub. Ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 101 nəfərini 18 yaşdan aşağı şəxslər təşkil edib. Eyni zamanda 2904 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilmişdir.

Onu da nəzərinizə çatdırım ki, Agentlik tərəfindən əhalinin bu prosesdən daha çox yararlanması üçün maarifləndirmə işləri hələ də davam etdirilir”.

Tibb müəssisəsində göstərilmiş tibbi xidmətlərin keyfiyyəti ilə bağlı narazılıq yarandığı və ya tibb personalı tərəfindən vətəndaşa qarşı hüquq pozuntusuna yol verildiyi təqdirdə atılacaq addımlara da aydınlıq gətirildi: “Bununla əlaqədar ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət edilməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa, TƏBİB-in (012) 310 17 70 nömrəsinə zəng edə, info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (İsmayıl Hidayətzadə küç. 11, Bakı, AZ1154) müraciət edə bilər”.

 

Aliyə SƏMƏDOVA