Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Vətən Müharibəsi Qəhrəmanlarına və onların ailə üzvlərinə göstərilən yüksək dövlət qayğısı

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

25.08.2021 09:38
8
A+
A-

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncamda həmin şəxslərin mənzillə təmin olunmasının bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilməsi müəyyən edilib.

Həmçinin İpoteka və Kredit Zəmanət Fonduna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin nazirliyin balansına verilməsini təmin etmək tapşırılıb.

Bu Sərəncam həmin kateqoriyadan olan şəxslərə dövlət başçısı tərəfindən daha yüksək qayğının təzahürüdür.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxsləri və ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərini mənzillə təmin edəcək.

“Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” 26 noyabr 2020-ci il tarixli Qanununa əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi kimi müəyyən olunub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Silahlı Qüvvələrimizin bir qrup hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdikləri qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiklərinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər, habelə ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvləri xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Dövlət başçısının 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən Vətən Müharibəsi Qəhrəmanlarına (ölümündən sonra bu ad verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə, həmin şəxsin ailə üzvlərinə) dövlət qayğısını artırmaq məqsədilə onlar üçün Prezidentin təqaüdü təsis edilib. Təqaüdün aylıq məbləği 2 min manat müəyyən olunub.

Şəhidlərimizin ailə üzvlərinin, müharibə qazilərinin çevik və genişmiqyaslı sosial dəstək paketi ilə əhatə olunması dövlətimizin sosial siyasətinin prioritetlərindən biridir. Dəstək istiqamətlərindən biri kimi, şəhid ailələrinin, müharibə əlillərinin mənzillə və fərdi evlə təminatı sahəsində mühüm addımlar atılır. Ötən dövrdə 10 min 500 şəhid ailəsi və müharibə əlilli mənzil və fərdi evlə təmin edilib. 2021-ci ildə də 3 minədək mənzil və fərdi evin bu kateqoriyalardan olan vətəndaşlara verilməsi nəzərdə tutulub ki, onlardan artıq 1300 mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim edilib.

Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi barədə yeni Sərəncamla həmin kateqoriyadan olan vətəndaşlar da dövlətin mənzillə təminat proqramına daxil edilir və bu proqramın əhatə dairəsi daha da genişlənir.

ETİKETLƏR: