Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İxtisas seçimi edərkən daha çox nələrə diqqət yetirilməlidir?

 Suallarımızı təhsil ekspertləri Elçin Əfəndi və Kamran Əsədov cavablandırıb.

25.08.2021 10:06
59
A+
A-

Ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 20-dən etibarən başlanıb. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2021-ci il avqustun 30-dək internet vasitəsilə aparılır. Bəs şagird ixtisas seçimi edərkən daha çox nələrə diqqət yetirməlidir? Hazırda əmək bazarında hansı ixtisaslar üzrə daha çox tələb var?

 Suallarımızı təhsil ekspertləri Elçin Əfəndi və Kamran Əsədov cavablandırıb.

Elçin müəllim dedi ki, ali təhsil müəssisələrinə qəbul üçün ixtisasseçmə prosesinin 20-30 avqusta qədər davam etməsi nəzərdə tutulsa da, ehtimal var ki, bu vaxt daha bir gün uzadılsın. İlk növbədə abituriyentlərin ixtisas seçimi zamanı daha çox diqqət yetirməli olduğu məqamları açıqlamaq istəyirəm. Şagirdlər ixtisas seçərkən, ballarının həmin ixtisasa uyğunluğunu nəzərə almalıdır. Eyni zamanda əmək bazarında daha çox tələbat olan ixtisaslara üstünlük verməlidirlər. 1-ci qrup abituriyentlər informasiya, texnologiyayönümlü ixtisaslara, 2-ci qrup abituriyentlər daha çox iqtisadiyönümlü ixtisaslara, maliyyə-mühasibat, menecment, marketinq, 3-cü qrup abituriyentlər humanitar və sosial sahələrə, 4-cü qrup abituriyentlər isə müəllimlik, tibb üzrə sahələrə üstünlük verməlidirlər.

E.Əfəndi onu da qeyd etdi ki, hansı şəxslər ki, sosial həssas qruplara daxil deyil və təhsil tələbə krediti götürə bilməyəcəklər, onlar yüksək ödənişli ixtisasları seçməməlidirlər. Əks halda dəfələrlə şahidi oluruq ki, ödəniş edə bilmədikləri üçün onlar universitetdə sonradan təhsil almaqdan imtina etməyə məcbur olurlar. Abituriyentlər peşəyönümlü ixtisaslara da üstünlük verməlidirlər. Yəni onlar bacara biləcəkləri peşələrə yönəlsələr daha çox uğur qazana bilərlər.

K.Əsədov isə ali və orta təhsil müəssisələrində qəbul imtahanlarının başa çatmasının ardından daha məsuliyyətli bir dövrün başlayacağını vurğuladı. Belə ki, müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentin qarşısında ixtisas seçimi kimi ciddi problem var. Düzgün, ağıllı qərar qəbul etməli, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını da bilməlidir - ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə formalaşmış keçid ballarını nəzərə almalıdır. Bu, seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər.

Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 50 yerdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 300 nəfər göstərib. Bu zaman həmin 300 nəfərdən ən yüksək bal toplayan 50 abituriyent bu ixtisasa qəbul edilir və 50-ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur.

Təhsil eksperti bildirdi ki, abituriyentləri ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə builki abituriyentlər üçün oriyentir rolunu oynaya bilər. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.

Amma 2021-ci ildə seçim edəcək abituriyentlər çox diqqətli olmalıdırlar. Onlara 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları ilə tanış olmağı məsləhət görürəm, lakin bu ballar ilə tam şəkildə yola çıxmaq uğurlu olmayacaq. Abituriyentlər mütləq şəkildə 2020-ci ildə ixtisas qrupları üzrə onlarla eyni və onlardan çox bal toplayan şagirdlərin sayına və həmin ildəki plan yerlərinə baxmalıdırlar. İxtisaslar üzrə keçid balının formalaşmasına 3 əsas amil-abituriyentlərin sayı, imtahan nəticəsi və plan yerlərinin sayı təsir edir.

K.Əsədov onu da qeyd etdi ki, abituriyentlərə  bir məsləhətim də odur ki, 2020-ci ildə bəzi aşağı bal formalaşmış ixtisasların plan yerlərini həmin il ilə müqayisə etsinlər. Çünki bu il onların bəzisində azalma var ki, bu da ixtisas seçimi zamanı onları yanılda bilər. Misal üçün, 2020-ci ildə 250 keçid balının formalaşdığı Azərbaycan Texniki Universitetinin Elektronika, telekommunikasiya və radiotexnika ixtisasında 200 plan yeri var idi, bu il isə o ixtisasda plan yeri 110 yer azalıb. Bu o deməkdir ki, keçən illə müqayisədə bu ixtisasda plan yerinin azalması həmin balın təkrarlanmasına səbəb ola bilər.

Başqa misal, 2020-ci ildə 278 keçid balının formalaşdığı Azərbaycan Neft və Sənaye Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasında 85 plan yeri var idi, bu il isə o ixtisas üzrə plan yeri 25 yer azalaraq 60 olub. Deməli, bu ixtisası seçən abituriyentlər də diqqətli olmalıdırlar.

Belə hallar çoxdur, ona görə də ixtisas seçimi edən hər kəs Dövlət İmtahan Mərkəzinin  (DİM) jurnallarına baxmalıdır, ən əsası heç bir əlavə informasiyaya aldanmamalıdır. Abituriyentlər mütləq şəkildə yalnız DİM-in resurslarından istifadə etməklə uğurlu ixtisas seçimi edə bilərlər.

 

Gülöyşə MƏMMƏDLİ