Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Uşaqların sağlam gələcəyi bizdən ciddi tədbirlər görməyi tələb edir

Hesab edirəm ki, sağlam gələcək üçün bununla bağlı ciddi tədbirlər görülməli, uşaqların smartfon cihazlardan uzaq durması üçün alternativ yollar tapılmalıdır.

25.08.2021 10:58
151
A+
A-

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri Kamran Əsədov qeyd etdi ki, ölkəmizdə şagirdlərin yay tətilinin səmərəliliyi üçün ciddi çatışmazlıqlar mövcuddur deyən valideynlər haqlıdırlar. Ölkədə tədris müddəti başa çatdıqdan sonra şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsi ilə bağlı mexanizm yox səviyyəsindədir. Əvvəlki dövrlərdə şagirdlər düşərgələrə gedə bilirdilərsə, hazırda onlar bu imkanlardan məhrumdurlar. Düşərgələr uşaqların birgə yaşayış vərdişləri qazanmasına yardımçı olurdu. Musiqi, rəsm, idman, əmək fəaliyyəti, yaradıcılıq, gəzinti... uşaqların mənəvi, fiziki sağlamlığının inkişafında mühüm əhəmiyyət daşıyır. Həmçinin uşaqlar bu düşərgələrdə nə qədər dost qazanırdılar, biliklərini artırırdılar. Şagirdlərin vaxtının səmərəli təşkil olunması tədris prosesinin ən vacib nüanslarından biridir. Hesab edirəm ki, problemin həlli üçün ilk növbədə  hər bir rayon və şəhərdə şagirdlərin yay tətilini keçirə biləcəkləri düşərgələr təşkil edilməlidir.

K.Əsədov əlavə etdi ki, sovet dövründə təkcə Abşeron ərazisində 16 belə düşərgə fəaliyyət göstərirdi. “Qaranquş”, “Mayak” və s. kimi düşərgələrdə şagirdlər istirahətlərini səmərəli keçirirdilər. Xüsusilə bu məsələnin üzərində dayanmaq istərdim ki, dil öyrədən yay düşərgələri Azərbaycana hava-su kimi lazımdır. Bilikli, savadlı uşaqlar çoxdur, amma kommunikativ vərdişlərə malik deyillər. Yay düşərgələri bu vərdişləri əxz etdirmək gücündə olmalıdır. “Düşərgə yoxdur, uşaqlar necə dincəlir, necə istirahət edir”, sualına gəlincə, siz də, mən də bunu hər gün görürük: “Maddi imkanı yaxşı olan ailələr uşaqları ilə istirahət guşələrinə gedir, səfərlərə çıxır. O uşaq şanslıdı ki, yaşadığı binanın həyətində attraksionlar hələ sökülməyib, hansısa iş adamı gəlib həyətdə obyekt, market, ya da yanaşı başqa bir hündürmərtəbəli bina tikib oyun meydançasını zəbt etməyib. Nənə-babaları rayonlarda yaşayan uşaqlar da dincəlməyə fürsət tapır. Qalanlar isə, təəssüf ki, vaxtlarını, bir qədər əvvəl dediyim kimi, telefon, planşet, kompüterlə keçirdirlər.

Pediatr Aytən Bağırova isə smartfon alətlərdən saatlarla istifadə etməyin fiziki sağlamlığa nə qədər zərərli olduğunu söylədi: “Uzun müddət kompüter qarşısında oturma şüalanmayla bərabər, sümüklərdə əyilmələrə, qeyri-düzgün inkişafa səbəb olur. Bu, birmənalı şəkildə tənqid olunmalı, hələ körpə yaşlarında nadinclik etməməsi üçün uşağa telefon, planşet verən valideynlər qınanmalıdır. Alimlər bu cihazların yaydığı elektromaqnit dalğalarının insan sağlamlığı üçün təhdid yaratdığını bildiriblər. Qeyd ediblər ki, bu təsirlərin inkişaf dövrünü yaşayan uşaqlar üçün zərərləri daha çoxdur. Ona görə də 16 yaşından kiçik uşaqlar mobil telefondan istifadə etməməlidirlər. Çünki nəticədə uşaqlarda inkişaf pozğunluğu yaranır. Müasir dövrdə uşaqlarda daha çox müşahidə edilən söz ehtiyatı kasadlığı, nitq qüsuru, fikrini sərbəst ifadə edə bilməmək, diqqətini mövzuya cəmləməkdə çətinlik və s. kimi nöqsanlar ortaya çıxır. Həmçinin onlar özlərini həmyaşıdlarından, qohum və valideynlərindən təcrid edərək vaxtlarını elektron media vasitələri ilə keçirməyə üstünlük verirlər.

A.Bağırova qeyd etdi ki, İsveçin Hospital Universitetinin professoru L.Hardell ikiillik araşdırma nəticəsində müəyyənləşdirib ki, mobil telefonların istifadəsi zamanı beyin xərçəngi riski uşaqlarda böyüklərə nisbətən iki dəfə artıq olur. Təəssüf ki, hazırda biz kiçik uşaqların mobil telefondan istifadəsi ilə hər an rastlaşırıq. Mobil telefonlar oyuncaq kimi körpələrə verilir, məktəbyaşlı uşaqların isə əksəriyyəti ondan istifadə edir.

Hesab edirəm ki, sağlam gələcək üçün bununla bağlı ciddi tədbirlər görülməli, uşaqların smartfon cihazlardan uzaq durması üçün alternativ yollar tapılmalıdır.

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto