Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əlillik dərəcəsinin verilməsi qaydası dəyişib

Dedi ki, Nazirlər Kabinetinə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin müəyyən edilməsinin yeni meyarları təqdim olunmuşdu.

25.08.2021 12:03
204
A+
A-

Avqustun 16-da “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda dəyişiklik edilməsi barədə” Prezident İlham Əliyev fərman imzalayıb. Qanuna dəyişiklik edilməsi nəticəsində əlillik dərəcəsinin verilməsi qaydası dəyişib. Qanunvericilikdə “əlilliyinin səbəbi, dərəcəsi” sözləri “orqanizminin funksiyalarının pozulması faizi, səbəbi” sözləri, “I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

Vətəndaşların Hüquqlarının  Müdafiə Liqasının sədri Sahib Məmmədov qanunda edilmiş yeni dəyişikliyə aydınlıq gətirdi. Dedi ki, Nazirlər Kabinetinə 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyin müəyyən edilməsinin yeni meyarları təqdim olunmuşdu. Onun təsdiqi üçün qanunvericilikdə müəyyən dəyişiklik olmalı idi. Burada artıq əlillik qruplarla yox, dərəcələrlə müəyyənləşəcək. Fərq nədir?  Dəyişikliyə əsasən xəstəliklərin, patalogiyaların  diapazonu genişlənəcək. 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə xəstəliklərin sayı iki dəfə azaldılaraq cəmi 250-yə salınmışdı. Məhz bunun nəticəsində də bir çox insan əlillik dərəcələrini itirmiş oldu və pensiyaları kəsildi. Ancaq indiki meyarlar üzrə təxminən 800-dən çox  meyar əsasında əlillik təyini oluna biləcək. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatının, Avropa ölkələrinin standartlarında olduğu kimi, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında, əsasən özünəqulluq, səmtlənmə, qidalanma, sərbəst hərəkət etmə və sair kimi həyat fəaliyyətinin əsas istiqamətlərinin məhdudlaşma dərəcəsi nəzərə alınmaqla əlilliyin qiymətləndirilməsi aparılacaq.

Müxbir:- (ƏƏSMN) bildirilib ki, ötən ilin sonlarından indiyə kimi təxminən 23 min şəxsə əlillik pensiyasının ödənilməsi dayandırılıb.  Əlillik təyinatı üçün yenidən müraciət edənlər arasında təxmininən 16 min şəxs ya reabilitasiya olub, ya da xəstəlik vəziyyətləri əlillik qrupu təyinatı üçün əsas sayılmaylb. 190 min əlilliyi olan şəxsin isə bu il əlillik müddəti bitir və onlar əlillik qrupu üçün yenidən müraciət etməlidi. Maraqlıdır, xəstəlik vəziyyəti əlillik qrupu təyinatı üçün əsas sayılmayan, yəni əlillik pensiyası dayandırılmış şəxslərin  qanundakı dəyişikliyə əsasən əlillik pensiyasının yenidən bərpası gözlənilirmi?

S.Məmmədov:- İnanmaq çətin olsa da, bərpası çox yaxşı olardı. Çünki əlilliyin köhnə meyarlarla müəyyən olunmasında heç bir qrup üzrə pensiya almaq hüququ olmayan kriteriyaya sahib şəxslər var idi ki, bəlkə də indi onların bir qismi əlilliyi olan şəxs hesab oluna bilər. Çünki qeyd etdiyim kimi, xəstəliklərin diapazonunda xeyli sayda artım olub. S.Məmmədov bildirdi ki, əlliliyə görə əmək pensiyası hüququ olanların əlillik hüququnun dayandırılması onların həyatında çox ciddi problemlərə gətirib çıxarıb. Yeganə dolanışıq mənbəyi əlillik pensiyası olan şəxslərin maddi durumu ürəkaçan deyil. Çünki onlarla bağlı genişmiqyaslı əlavə tədbirlər görülməyib. Bu kimi səbəblərdən ümid edirdik ki, məsələ ilə bağlı amnistiya elan olunar, yəni  əvvəllər hətta uyğun olmayan əlillik təyin olunubsa da, həmin şəxslər üçün müəyyən güzəştlər nəzərdə tutular, xüsusən də müharibə veteranları üçün. Baxmayaraq ki, vətəndaşların xeyrinə olaraq qanunun geriyə qüvvəsi var. Amma görünən odur ki, bu, artıq əlillik pensiyası dayandırılmış şəxslərə şamil edilməyəcək. Ona əsaslanaraq deyirəm ki, əlilliyi olan şəxslər pensiya müddəti başa çatdığı üçün təkrar yoxlamadan keçib əlillik təyinatı alana qədər  aradakı aylar pensiya almaq hüququndan məhrum idilər.  Lakin qanuna dəyişiklik olundu və bu məbləğin 6 ay geriyə  qədər ödənilməsi  zəruri hal hesab olundu. Necə ki, bu qanun qüvvəyə mindiyi gündən sonra əlillik pensiyası təyin olunan şəxslər üçündür, yəni geriyə qüvvəsi yoxdur, eləcə də növbəti dəyişikliyin.

Millət vəkili Fazil Mustafa bildirdi ki, mövzu ilə bağlı təkliflər edildi və qanunvericilikdə dəyişiklər oldu. Lakin bunun tam mənada əlillərə nə dərəcədə təsir göstərəcəyini söyləmək çətindir. Ümid edək ki, bu islahat uğurla həyata keçiriləcək. Burada əsas məsələ əlillikdən məhrum olan, tanınmayan əliliklərə görə xəstəlik daşıyıcısı olmasına baxmayaraq, əlillərin işlə təmin olunmamasıdır. İndiyə qədər dolanışıq mənbəyi olaraq, aldıqları müavinətlərin itirilməsi onların böyük bir probleminə çevrilir.

 

Əsli ƏHMƏDOVA

ETİKETLƏR: