Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Səttar Möhbalıyev: “Şəhid ailələrinin və qazilərin sosial şəraitinin yaxşılaşdırılması işləri ardıcıl və planlı şəkildə həyata keçirilir”

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

01.09.2021 09:59
13
A+
A-

“İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızın ailələri, valideynləri, yaxınları, həmçinin hər iki müharibədə əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunurlar. Torpaqlarımızın bütövlüyü uğrunda vuruşanlara, onların ailələrinə qayğı göstərməsi ənənəsinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onlara mənzillər və avtomobillər verilir, işlə təmin olunur, digər problemləri aradan qaldırılırdı. Bu ənənəni Ümummilli Liderin müzəffər davamçısı cənab İlham Əliyev də ləyaqətlə davam etdirir”.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında zəfərlə sona çatan Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlıq dastanıdır: “Xalqımızın dəmir yumruq kimi birləşməsi qələbəmizi təmin etdi. Bu gün şəhidlərimiz müqəddəs and yerimiz, qazilərimiz, ümumiyyətlə, bütün müharibə iştirakçıları cəmiyyətimizdə böyük nüfuz sahibidirlər. Bütün dünya, Ali Baş Komandan başda olmaqla, Azərbaycan hərbçilərinin qəhrəmanlıqlarından bəhs etdi. Vətən müharibəsində strateji və taktiki hərbi əməliyyatlarımız dünya hərb tarixində yeni bir səhifə açdı. Müharibədə iştirak etmiş hər bir şəxs qələbəmizin bir parçasıdır. Cənab Prezidentin sərəncamları ilə onlar ordenlərə, medallara, digər təltiflərə layiq görüldülər. Bütün bunlar cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin diqqət və qayğısıdır”.

“Şəhid ailələrinin və müharibə əlillərinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl və planlı şəkildə həyata keçirilir. Avqustun 26-da - hələ müharibənin başa çatmasından bir il keçməmiş şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına dövlət tərəfindən 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olundu. Təqdimetmə mərasimində cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirakı onların bu məsələyə nə qədər diqqət yetirdiklərinin bariz nümayişidir. Dövlət başçımız şəhid ailələri ilə, qazilərlə görüşdü, hərbçilərimizin qəhrəmanlıqlarından bir daha söz açdı. Görünən odur ki, dövlətimiz həmişə onların yanındadır, bütün problemlərinin həlli istiqamətində əlindən gələni edir.1997-ci ildən bu günə kimi şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev verilib. Dünyanın heç bir yerində Azərbaycanda olduğu kimi bu cür sosial layihələrin icrasına diqqət yetirilmir. Bu, cənab Prezidentin humanist xarakterli siyasi fəaliyyətinin tərkib hissəsidir. Dövlət başçısının bu ilin yanvar ayında imzaladığı Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. Belə ki, 2021-2025-ci illərdə şəhid ailələri üçün 11 min mənzil və fərdi ev inşa olunacaq”, - deyə AHİK sədri vurğulayıb.

S.Möhbalıyev qeyd edib ki, dövlətimizin diqqət və qayğısı sadaladıqlarımla məhdudlaşmır, şəhid ailələri və veteranlar işlə təmin olunur, özünüməşğulluq proqramına, ictimai işlərə cəlb edilir, onlara reabilitasiya xidmətləri göstərilir, həmçinin yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir, yeni nəsil protezlərlə təmin edilir.

 “Şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdimolunma mərasimində çıxışı zamanı cənab Prezident Ermənistanın indiki halını çox gözəl təsvir etdi. Bildirdi ki, Ermənistanı müstəqil ölkə adlandırmaq tamamilə əsassızdır. Həqiqətən də bunlar heç sərhədlərini belə qoruya bilmirlər, təhlükəsizliklərini təmin edə bilmirlər, müstəqil iqtisadiyyata malik deyillər. Özgə torpaqlarında quraşdırılan bu dövlət həmişə başqa ölkələrin əlaltısı olub, siyasi məqsədlər üçün ortaya atılıb. Onların işğal siyasətinin qurbanı elə özləri olublar. Başlarına enən dəmir yumruğun təsirindən xislətlərinə çökmüş işğal siyasəti bir daha çətin yadlarına düşə”, - deyə Milli Məclisin deputatı fikrini tamamlayıb.

ETİKETLƏR: