Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Pandemiya dövrünün “həftəsonu” problemi

“Şənbə, bazar günləri  ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir.

01.09.2021 10:02
259
A+
A-

Dövlət büdcəsindən maliyyələşən müəssisələrin əksəriyyəti istisna olmaqla, bir çox özəl təşkilatlarda çalışanların iş həftəsi bəzən şənbə, hətta bazar günlərinə qədər uzadılır. Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından onlar işə və ya işlə əlaqədar olaraq hansısa ünvana (ünvanlara) getmək üçün taksi xidmətindən istifadə etmək məcburiyyətində qalırlar.

Bu isə nəzərdə tutulmamış əlavə xərc deməkdir. Bəzi hallarda bu xərc vətəndaşın aylıq gəlirinin yarısından çoxu olur. İctimai nəqliyyatın həftədə iki gün işləməməsi, əhalinin cibinə dəyən ziyan pandemiyaya yoluxanların sayının azaldılmasına müsbət təsir göstərirmi?

Millət vəkili  Fazil Mustafa qeyri-iş günlərində ictimai nəqliyyatın işləməsinə qoyulan qadağanın bir o qədər də səmərəli nəticələr vermək iqtidarında olmadığını bildirdi: -”Dəfələrlə söyləmişəm, bir sıra qərarlar var ki, onları hökmən əhalinin real durumunu dəqiq araşdıraraq qəbul etmək lazımdır. Bazar günləri yarmarkaya alış-veriş etməyə gedənlər, günəmuzd işləyən fəhlələr, xadimələr, avtomobilsiz jurnalistlər, müəllimlər, həkimlər, tibb bacıları, sadə vətəndaşlar onsuz da aşağı səviyyədə olan gəlirlərinin əhəmiyyətli qismini nə üçün  taksi xidmətinə ayırmalıdırlar? Bu, pandemiya dövründə əhalinin daha çox yoxsullaşmasına səbəb olan amildir.  Axı bu qərarın ağlabatan bir əsaslandırılması da yoxdur.  Şənbə, bazar günləri ictimai nəqliyyatın işləməsi, əksinə, pandemiyanın yayılmasına mane olan amildir.  Bu  baxımdan bildirirəm ki, sərt yanaşmadan imtina edilməlidir və həftəsonu bütün ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir.

Azərbaycan Həkimləri İctimai  Birliyinin sədr müavini Aydın Əliyev də şənbə, bazar günləri ictimai nəqliyyatın əsassız olaraq işləməməsini bildirib: “Çörəkpulu qazanmaq ümidi ilə evindən çıxıb işinin dalınca getmək istəyən, yollarda, bu istidə boynunu büküb saatlarla nəqliyyat vasitəsi gözləyən insanlara əziyyətdir. Taksilər də yolun ortasında saxlayıb onları götürmək məcburiyyətində qalır. Bu isə şəhərdə ciddi tıxac yaradır.

“Şənbə, bazar günləri  ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, sosial zərər yaradır”,- deyən iqtisadçı Samir Əliyev problemləri sadaladı.

1. Taksilərə adətən 4 sərnişin götürürlər ki, onlar da avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar.

2. Gediş haqqı dəfələrlə baha başa gəlir. Bu isə həmin günlər işə gedənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir.

3. Tıxaclar yaranır. Şəhər yerlərində tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. “1 manatlıq” taksilər hesabına tıxac yaranır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə 10 dənə minik maşını xidmət göstərir. Üstəgəl, həftəsonları şəxsi maşınlardan istifadə artır.

4. Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Təsəvvür edin ki, şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ “1 manatlıq” taksilərə qismət olur. Həmin vəsait isə vergidən kənarda qalır. 

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto