Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yaxşı istirahət uğurlu fəaliyyətin əsasıdır

“Təbib” İstirahət Mərkəzində dincəlmiş əməkdaşlarımızın təəssüratlarını öyrəndik.

01.09.2021 10:09
5
A+
A-

Azərbaycan Tibb Universitetinin Nabrandakı  “Təbib” İstirahət Mərkəzi pandemiya  səbəbindən yaranmış birillik fasilədən sonra yenidən qapılarını turistlərin üzünə açdı.  İstirahət mərkəzindəki mövcud şərait də göstərdi ki, universitetin rəhbərliyi, həmkarlar ittifaqı təşkilatı vaxtdan səmərəli istifadə edə bilib. Quruculuq və təmir-tikinti işlərini daha geniş miqyasda aparmağı fürsət bilib.

200 nəfəri birdəfəyə qəbul etmək imkanına malik, ümumi sahəsi 711 kv. metr olan müasir standartlara uyğun yeməkxana binası istifadəyə verilib. Yaşayış evləri, inzibati və xidmət binalarında təmir işləri aparılıb. Ərazi abadlaşdırılıb.

“Təbib” İstirahət Mərkəzində dincəlmiş əməkdaşlarımızın təəssüratlarını öyrəndik.

Universitetin Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev deyir ki, bu gözəl məkanda ailəlikcə istirahət etdik. İstirahət çox yaxşı təşkil olunmuşdu. Otaqlar təmiz, səliqəli və rahatdır. 24 saat isti və soyuq su ilə təminat var. Yeməklərin keyfiyyətinə də söz ola bilməz. Sanitar-gigiyenik tələblərə əməl edən xoş simalı işçi heyəti nümunəvi xidmət göstərir. Xörəklər bizim istəklərimiz nəzərə alınaraq hazırlanırdı. Bundan əlavə, düşərgənin ərazisində yüksək səviyyəli işlər görülüb. Bütün bunlar turistlərdə yüksək təəssürat oyadıb. Ailə üzvlərimiz adından zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm. Əgər qismət olsa, gələn il də bizə doğma olan bu məkanda istirahət edəcəyik.

Eldar Əliyev (I Cərrahi xəstəliklər kafedrasının professoru):

-Dəniz yanımızda, meşə yanımızda. İdmanla məşğul olmağa da kifayət qədər vaxtımız qalır. Günlərimiz maraqlı keçir. Bir həkim kimi onu da deyim ki, açıq havada və dənizdə olmaq, tez-tez gəzintiyə çıxmaq uşaqların orqanizminin müqavimətini artırır. Qışda onların xəstələnmək ehtimalı aşağı düşür. Hər şey qaydasındadır.

Cavanşir Rəhimov (Tibbi və bioloji fizika kafedrasının dosenti):

-Sakinlərə gündə üç dəfə yüksək keyfiyyətli, həkim nəzarətindən keçmiş geniş çeşidli yeməklər verilirdi. Yeməyin çeşidi və dadı ən tələbkar qonaqları belə razı salırdı. Düşərgənin Xəzərə yaxın yerləşməsi, ərazinin səfalı olması və təmiz saxlanılması onun dəyərini daha da artırır. ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Cahangir Qasımovun diqqət və qayğısını hər an hiss edirdik. O, tez-tez düşərgədə dincələn əməkdaşlarla telefon əlaqəsi saxlayır, düşərgə ilə maraqlanır, dincələnlərin təklif və fikirlərini, iradlarını soruşurdu. Həftəsonu Cahangir müəllim özü şəxsən düşərgədə oldu və hər bir masaya yaxınlaşıb istirahət edənlərin arzu və təkliflərini dinlədi. Bir sözlə, ATU rəhbərliyinin, o cümlədən HİK-in diqqət və qayğısı sayəsində həmişəlik yaddaşa həkk olunan bir istirahət alındı. Buna görə ATU-nun rəhbərliyinə, HİK-ə dərin minnətdarlığımı bildirirəm.

Düşərgədə görülən və görüləcək işlərlə bağlı C.Qasımovun da fikirlərini öyrəndik. Bildirdi ki, 2020-ci ildə avadanlıqların saxlanılması üçün anbar inşa edildi. 3 ailənin istirahət edə biləcəyi əlavə 3 otaq tikildi.

Müsahibimiz dedi ki, bu mövsümdə istirahət düşərgəsində 84 ailənin, ümumilikdə 336 nəfərin istirahəti təşkil olundu. Məqsədimiz yaxın 1-2 il ərzində otaq sayını kifayət qədər çoxaltmaqdır. Gələcəkdə düşərgənin ərazisində uşaqlar üçün əyləncə yerlərinin inşası, idman qurğularının quraşdırılması və digər xidmət obyektlərinin tikilməsini də nəzərdə tutmuşuq.

 

ETİKETLƏR:

Foto