BHİK-in yeni Baş katibi seçildi
AHİK sədri deyib ki, ötən il qəbul edilən Yeni Sosial Müqavilədə vurğulandığı kimi, bu gün işçilərin həmkarlar ittifaqının gücünə hər zamankından daha çox ehtiyacı var.

Oktyabrın 12-də Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) növbədənkənar onlayn VI Qurultayı keçirilib. Tədbiri BHİK-in prezidenti Akiko Gono açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Sonra BHİK-in Etimad Komitəsinin hesabatı dinlənilib.
Qurultayda yeganə namizəd kimi təqdim edilən və BHİK-in Baş katibi vəzifəsini icra edən Luk Trianql qurumun yeni Baş katibi seçilib.
Qeyd edək ki, Luk Trianql həmkarlar ittifaqı sıralarında fəaliyyətə 1982-ci ildə Belçika Həmkarlar İttifaqları Konfederasiyasının (ACV-CSC) gənc işçi təşkilatında başlayıb.1984-cü ildən 2011-ci ilə qədər o, ACV-CSC-də müxtəlif layihələrdə iştirak edib, gənc işçilərə dəstək, təlim mərkəzinin direktoru və sair vəzifələrdə çalışıb. 2011-ci ildə L.Trianql Avropa Tekstil, Geyim və Dəri Sənayesi Həmkarlar İttifaqı Federasiyasının (ETUF-TCL) Baş katibi seçilib. O, 2012-ci ildə “IndustriAll Europe” Baş katibinin müavini, 2016-cı və 2021-ci illərdə isə Baş katibi seçilib. “IndustriAll Europe” metal, kimya, enerji, mədənçilik, tekstil, geyim, ayaqqabı və əlaqəli sənaye və fəaliyyətlərində fiziki və zehni əməklə məşğul olan işçiləri təmsil edən müstəqil və demokratik həmkarlar ittifaqları federasiyasıdır.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı, BHİK-in və Pan Avropa Regional Şurasının vitse-prezidenti Səttar Möhbalıyev də çıxış edib. S.Möhbalıyev bildirib ki, bu yeni seçimimiz bütün BHİK ailəsinin gələcəyi üçün yeni fürsətlərin və imkanların başlanğıcı olacaq. Luk Trianqlı BHİK-in yeni Baş katibi seçilməsi münasibətilə təbrik edir, bu məsuliyyətli işdə ona uğurlar arzulayıram.
AHİK sədri deyib ki, ötən il qəbul edilən Yeni Sosial Müqavilədə vurğulandığı kimi, bu gün işçilərin həmkarlar ittifaqının gücünə hər zamankından daha çox ehtiyacı var. İş dünyasında dayanmadan baş verən ciddi dəyişikliklər və texnoloji inkişaflar istər iş saatlarında, istərsə də iş yerləri mühitində yeni imkanlarla bərabər, yeni problemlərə də səbəb olur. İqtisadiyyatın bəşəriyyətə xidmət etməsini təmin etmək, insanları və planeti məhv olmaq təhlükəsindən xilas etmək üçün Sosial Müqaviləyə əvvəlkindən daha çox ehtiyac yaranıb. Xüsusilə kollektiv müqavilələr və kollektiv əmək mübahisələrinin həlli kontekstində həmkarlar ittifaqlarının üzərinə əvvəlkindən daha çox vəzifə düşür. 2 il öncə üzləşdiyimiz pandemiya da bir daha sübut etdi ki, əməyin gələcəyi üçün davamlı və effektiv çıxış yolları axtarılmalıdır. Yeni iş yerləri yaratmaqla bərabər, zərərçəkmiş sahələrdə iş yerləri bərpa olunmalıdır. Xüsusilə Ukraynadakı müharibə və Türkiyədə baş vermiş əsrin ən dağıdıcı fəlakətlərindən sayılan zəlzələnin regionumuza mənfi təsiri göz qarşısındadır. Biz də uzun müddət müharibə şəraitində yaşamışıq və bunun dinc əhali, iqtisadiyyat, sosial vəziyyət üçün necə çıxılmaz vəziyyət, üzücü hal olduğuna yaxşı bələdik. Ümid edirik ki, tez bir zamanda təkcə regionumuzda deyil, dünyanın hər bir yerində sülh bərqərar olacaq və hər kəs bərabər şərtlərlə layiqli iş yerlərində çalışmaq imkanı qazanacaqdır.
S.Möhbalıyev qeyd edib ki, Azərbaycan həmkarlar ittifaqları beynəlxalq ictimaiyyətin qlobal inkişaf təşəbbüslərinə daim yaxından maraq göstərir. Bundan sonra da işçilərin hüquqlarının qorunması naminə BHİK-lə birgə tərəfdaşlığımızı davam etdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.