Geriqayıtma prosesi yaz aylarından başlaya bilər
Sualımızı Milli Məclisin deputatı Elman Nəsirli cavablandırdı.
Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpa olunması xalqımızda böyük qürur hissi doğurdu. Bu qürurdan, sevincdən ən çox pay isə Xankəndinin, Ağdərənin, Xocalının 31 il əvvəl öz ata- baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinlərinə düşdü. İndi onlar da geri qayıtmaq üçün gün sayırlar. Bəs köçkün düşən soydaşlarımız Xankəndinə hansı tarixdə qayıda bilərlər?
Sualımızı Milli Məclisin deputatı Elman Nəsirli cavablandırdı.
Elman müəllim qeyd etdi ki, Azərbaycanda Böyük Qayıdış Konsepsiyası işğaldan azad edilmiş ərazilərə tətbiq olunur. 2026-cı ilə kimi 140 minə qədər soydaşımızın öz torpaqlarına köçürülməsi planlaşdırılır. 19- 20 sentyabr tarixində Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu lokal antiterror əməliyyatı zamanı Qarabağ üzərində tam suverenliyimizi təmin etdik. Bu isə yeni reallıqdır. Xankəndi və ətraf ərazilərdə qayıdış prosesi aparmaq üçün ilk növbədə təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılmalıdır. Rusiya sülhməramlıları hələ də buradan tam çıxarılmayıb. Müəyyən dərəcədə meşələrdə terrorçu qüvvələrin qaldığı təxmin edilir. Təhlükəsizlik üst səviyyəyə qaldırıldıqdan sonra Böyük Qayıdış Xocavənd, Əskəran, Xocalıda həyata keçiriləcək. Artıq bir aydan çoxdur ki, antiterror əməliyyatı başa çatıb. Bir aya Qayıdış Konsepsiyasını tətbiq etmək tezdir. Baxmayaraq ki, ora digər işğaldan azad olunmuş ərazilər kimi, tam dağıdılmayıb. Orada məskunlaşmaq üçün hər bir şərait var. Həmçinin nəzərə alaq ki, orada müəyyən sayda erməni sakinləri də yaşayır. Ona görə də ilk növbədə təhlükəsizlik tam şəkildə təmin olunmalıdır. Təhlükəsizlik orqanları bu sahədə lazımi tədbirlər həyata keçirməkdə davam edir. Bundan sonra isə Qayıdış Konsepsiyası həyata keçiriləcək.
Elman müəllim dedi: “Düşünmürəm ki, Qarabağı könüllü tərk edən ermənilər bura qayıdıb birgəyaşayışı qəbul etsinlər. Artıq onların bir çoxu Ermənistanı tərk edib. Azərbaycan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin ediləcəyini dəfələrlə vurğuladı. Amma, göründüyü kimi, əksəriyyət bunu qəbul etmədi. Erməni sakinlərin yenidən kütləvi surətdə Qarabağa geri qayıdacağı proqnozlaşdırılmır”.
Deputatın sözlərinə görə, Xankəndindən, Xocalıdan, Ağdərədən, Xocavənddən köçkün düşən soydaşlarımızın geriqayıtma prosesi gələn ilin yaz aylarından başlaya bilər.
Leyla BƏHRAMQIZI