Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hər 10 uşaqdan 3-ü inkişafdan geri qalır

problemin kökündə nələr dayanır?

01.11.2023 12:04
38
A+
A-

Azərbaycanda uşaqlar arasında inkişafdan qalma halları artıq kütləviləşib. Hər 10 uşaqdan 3-ü əqli olaraq gec inkişaf edir.

İstər varlı, istərsə də kasıb, təhsilli və ya təhsilsiz, hər bir valideyn öz övladı üçün ən yaxşı gələcək arzulayır. Ancaq hər bir insan bunu fərqli formada anlayır. Bu, onların öz nöqteyi-nəzərindən, necə və hansı mühitdə böyüdüklərindən, mədəni və siyasi kontekstdən, həmçinin də həyatları boyu yaşadıqları təcrübələrdən asılıdır.

UAFA (Azərbaycana Birgə Yardım) tərəfindən  2018-ci ildə aparılan tədqiqat göstərdi ki, Azərbaycanda parklarda və ətrafda rastlaşa biləcəyiniz normal görünən uşaqların 34%-də inkişaf geriliyi müşahidə olunur. Təşkilatın direktoru Burchell Gwendolyn Trixie mətbuata açıqlamasında deyib ki,  biz bu sorğunu  4 yaşa qədər uşaqlar arasında keçirdik. Bunlar əqli əlilliyi olan və ya diaqnoz qoyulan uşaqlar deyil. Bunlar hər gün gördüyünüz uşaqlardır. Hər 10 uşaqdan 3-ü inkişafdan geri qalır. Bu, həqiqətən də Azərbaycan və onun uzunmüddətli inkişafı üçün narahatedici statistikadır. Problem həll edilməsə, vəziyyət daha da pisləşə bilər. Digər ölkələrdə aparılan oxşar araşdırmaların nəticələrinə nəzər salsaq görərik ki, yaxın Türkiyədə bu statistika 22, uzaq ABŞ-də 17 faiz təşkil edir.

Mütəxəssislər Azərbaycanda daha çox sayda uşağın əqli cəhətdən geri qalmasının bir neçə səbəbdən baş verdiyini iddia edirlər. Bunlardan biri, bəlkə də birincisi qohum evliliyidir. Bu iddia ilə razılaşmamaq da mümkün deyil. Tədqiqatlar da göstərir ki, qohum evliliyini qadağan edən ölkələrdə bu rəqəm olduqca aşağıdır.

Digər səbəblərdən biri uşaqlara “ənənəvi” yanaşmadır. Yəni uşaqların valideynlərinin dediklərini sorğu-sualsız yerinə yetirməsidir. Seçim və şəxsi səlahiyyətinin olmaması uşaqların erkən yaşlarından aldığı tərbiyədən qaynaqlanır. Bu, uşaq bağçalarında, məktəbəqədər təhsil müəssisələrində də özünü göstərir. Bunu Sovet repressiya sisteminin nəticəsi kimi adlandıra bilərikmi? Bu, cəmiyyətdə və ailələrdə geniş yayılmış hal idi. Uşaqlar yalnız ailə təzyiqi ilə deyil, həm də ümumi cəmiyyət təzyiqi ilə böyüyürdülər. Çünki Sovet İttifaqı nizam-intizam üzərində qurulmuşdu. Beləliklə, Azərbaycanda uşaqlar üzərində ikiqat təzyiq var idi.

Aparılan araşdırmalarda müəyyən edildi ki, uşaqların üzləşdikləri əsas problem nitq və ünsiyyətlə bağlıdır. Uşaq valideynlərini təqlid edərək və danışıqlarını görərək danışmağı öyrənirlər. Yəni televizor, telefon  və ya baxdığı digər cihazlardan öyrənmir. Bu, 2D görüntüdür, onlar isə 3D görüntüdən danışmağı öyrənirlər. Əgər valideyn uşaqla ünsiyyət qurmursa, valideyn uşağın erkən yaşlarından ona vaxt ayırmırsa, uşaq valideynlərindən öyrənmək, üz ifadələrini və ağzının necə hərəkət etdiyini təqlid etmək imkanını itirir. Bu, onların inkişaf mərhələlərinə də müvafiq təsir göstərir.

Bundan başqa,  Azərbaycan dünyada ürək xəstələrinin və ürək xəstəliyindən ölüm hallarının ən çox olduğu ölkələr siyahısında ikinci yerdədir. Harvard tərəfindən aparılan digər bir araşdırma göstərir ki, erkən uşaqlıq təcrübələri ilə uzunmüddətli sağlamlıq problemləri arasında əlaqə var. Araşdırmanın nəticələrinə əsasən, erkən uşaqlıq dövründəki mənfi təcrübələrə müharibə, valideyn “yoxsulluğu”, uşaq istismarı və evdə laqeydlik aiddir. Əfsuslar olsun ki, Azərbaycan xalqı son 20-30 ildə hər üç problemlə ciddi şəkildə üzləşib. Uşaqların erkən yaşlarında məruz qaldıqları bu təsirlər ilə ürək xəstəliyi, şəkərli diabet, psixi sağlamlıq, depressiya və intihar kimi uzunmüddətli sağlamlıq problemləri arasında güclü əlaqə var.

Əgər həqiqətən sözügedən məsələyə çox əhəmiyyət verməsək, indi üç, dörd, beş yaşında olan, lazımi erkən uşaq dəstəyi almayan azyaşlı uşaqlar inkişaf geriliyi ilə böyüyərək məktəbə gedəcəklər. Bəziləri öz yaşıdlarına yetişəcəklər, amma bir çoxunda bu, alınmayacaq. Gələcək nəsil məktəbi erkən tərk edib, ali məktəbdən, ümumiyyətlə, vaz keçə bilər. Beləliklə, təhsil, bacarıq və ya bilik əldə etməyən insan qrupu çoxalmağa davam edəcək. Bu gün xarici şirkətlərin yuxarı vəzifələrində yerli kadrlardan daha çox əcnəbi mütəxəssislərə rast gəlirik.  Gənclər işsizlikdən gileylənsə də, təhsil ilə əmək bazarında mövcud vakansiyalar arasında uyğunsuzluq problemini dilə gətirən yoxdur.

Beləliklə, erkən uşaqlıq dövründəki problemlər təkcə insan resurslarındakı çatışmazlığı deyil, həm də uzunmüddətli sağlamlıq problemlərinə də gətirib çıxarır. Bu problem yalnız hər hansısa bir qurumun öhdəliyində deyil. Hökumət və cəmiyyət tərəfindən birlikdə həlledilməli olan çoxşaxəli problemdir. Bütün nazirliklər, cəmiyyət, valideynlər, bir sözlə, hamımız bu işdə maraqlı olub diqqət ayırmalıyıq. Bir sözlə, problemin həlli üçün əməkdaşlıq zəruridir.

Biz dərk etməliyik ki, ölkəmizin gələcəyi, əhalinin iqtisadi rifahı yalnız bizdən və məsuliyyətimizi nə qədər dərk etməyimizdən asılıdır.

 

Günel RAFAYILQIZI

ETİKETLƏR:

Foto