Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


2024-cü ildə hansı vergi və gömrük güzəştləri gözlənilir?

Ümumiyyətlə, sosial  xarakterli  güzəştlər hələ bir neçə il də qüvvədə qalacaq və 2024-2027-ci  illər  üzrə vergi gəlirləri üzrə siyasətinin əsas istiqamətləri sırasında olacaq.

01.11.2023 16:26
319
A+
A-

2024-cü ildə hansı vergi və gömrük güzəştləri gözlənilir?

Hökumət bir neçə ildir ki, tətbiq oluna vergi güzəşt və tətillərini növbəti ildə də davam etdirmək niyyətindədir. Bu məqsədlə Vergi Məcəlləsində bəzi dəyişikliklərin edilməsi nəzərdə tutulur. Ümumiyyətlə, növbəti ildə güzəşt və azadolmaların büdcə, iqtisadi və sosial baxımdan səmərəliliyi qiymətləndirilməklə, habelə nəticəyönümlü güzəşt və azadolmalar müəyyən edilməklə bu siyasətin yenidən davam etdirilməsinə qərar verilib. Məcəlləyə təklif olunan dəyişikliklər layihəsi hökumətə təqdim olunub və yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərə əsasən, güzəşt və azadolmalar həm sosial, həm də iqtisadi xarakterli olacaq. Sosial xarakterli güzəştlər sırasında fiziki şəxslərin gəlirlərinə düşən vergi  yükünün azaldılması məqsədilə bəzi kateqoriyalı şəxslərə verilən güzəştlərin  həcminin artırılması, eyni zamanda bir sıra gəlirlərin vergiyə cəlb olunan gəlir bazasından çıxarılmasıdır. Bu o deməkdir ki, bəzi sosial təbəqələr üçün əlavə vergi güzəştləri olunacaq, eləcə də onların indiyədək vergiyə cəlb olunan gəlirlərinin müəyyən hissəsi də vergidən azad ediləcəkdir. Həmçinin sosial məqsədlər  üçün  ödənilən mənfəət vergisinin azad olunan hissəsinin bir qədər də artırılması, bir sıra təsərrüfat sahələri üzrə mülkiyyət vergiləri üzrə əlavə güzəştlərin verilməsi də hədəflər sırasındadır. Belə ki,vergi ödəyicisinin mənfəətinin elm, təhsil, səhiyyə,  idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən  azad  olan hissəsinin 10 faizdən 15 faizə qaldırılması gözlənilir.
Ümumiyyətlə, sosial  xarakterli  güzəştlər hələ bir neçə il də qüvvədə qalacaq və 2024-2027-ci  illər  üzrə vergi gəlirləri üzrə siyasətinin əsas istiqamətləri sırasında olacaq. Bu strateji xəttə əsasən, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması, fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV cash-back) görə əldə olunan gəlirlərin gəlir vergisindən azad edilməsi nəzərdə tutulur. 
Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, 2024-cü ildə sahibkarlar üçün vergi yükünün optimallaşdırılması siyasəti əsas prioritetlərdən biri olacaqdır ki, bu da biznesin maraq və mənafelərinə xidmət edir. İqtisadi xarakterli güzəştlər üzrə siyasətin əsas istiqamətlərindən biri 2023-cü ildən tətbiqinə başlanılmış işğaldan azad edilmiş ərazilərdəki vergi güzəştlərinin təşviqini daha da gücləndirməklə bu ərazilərə xarici iş adamlarını cəlb etmək, bölgənin iqtisadi reinteqrasiya arxitekturasını möhkəmləndirməkdir. Həmçinin ölkədə kiçik və orta biznesin fəaliyyətini stimullaşdırmaq da əsas təşviqlərdən biridir. Yeni ildən qüvvəyə minəcək Rəqabət Məcəlləsi bu istiqamətdə imkanları daha da artıracaqdır. Bununla yanaşı, turizm subyektlərinə (mehmanxana, hotel və sanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi də güzəşt paketində yer tutur.
Biznes sektorunda fiziki vergi güzəştləri ilə yanaşı, bir sıra institusional alətlər üzrə optimallaşdırma tədbirləri nəticəsində vergi yükünün aşağı salınması da nəzərdə tutulur. Belə ki, kiçik, orta və mikro sahibkarların müxtəlif rəqəmsal – elektron sənədləşmələr, daha doğrusu, vergi əməletməsinə çəkdikləri xərclərinin minimallaşdırılması, eyni zamanda sadələşdirilməsi istiqamətində planlaşdırılan tədbirlər sayəsində də ümumi vergi yükünün azalması gözlənilir. Maliyyə lizinqinin vergiyə cəlb  edilməsi  mexanizminin sadələşdirilməsi, ictimai təyinatlı mənfəət vergisi üzrə azadolmanın artırılması vergi siyasətində yer alacaq. Ümumilikdə  2023-cü  ilin sonunda müddəti tamam  olan güzəşt və azadolmaların müddətinin 3 il uzadılması təklif  olunur.
Hökumət idxal inflyasiyasının təsirlərini məhdudlaşdırmaq və idxalı əvəz edən yerli istehsalı stimullaşdrımaq məqsədilə 2023-cü ildə tətbiq edilən vergi-gömrük güzəştlərinin 2024-cü ildə davam etdirilməsi məqsəduyğun hesab edir. Bu çərçivəyə əsasən, daxili istehsalda istifadə edilən bir sıra xammal və aralıq mallarına tətbiq olunan idxal gömrük rüsumlarının dərəcəsinin 2024-cü il yanvarın 1-dən 7 il müddətinə “0” dərəcəyə endirilməsi, bir sıra əsas vəsaitlərin idxalına ƏDV və gömrük güzəştlərinin tətbiqi nəzərdə tutulur.
Bütün bu güzəşt paketinin məqsədi qarşıdakı illərdə vergi yükünü optimallaşdırmaqla daha da aşağı salmaqdır. Vergi orqanları məhz bu alətlərlə qeyri-neft sektorunda çalışan biznes icmasını həvəsləndirməyi və bununla vergi bazasını genişləndirməyi hədəfləyir. Vergi bazasının artırılması üçün nəzarət mexanizminin    təkmilləşdirilməsi də islahatlar toplusunun istiqamətlərindən biridir. Ancaq bu o demək deyil ki, yumşaq nəzarət tədbirləri hansısa sahənin vergidən yayınmasına əsas verəcək, vergi orqanları qanunla müəyyən edilmiş qaydalar çərçivəsində vergi rejimlərinin tətbiqinə də xüsusi önəm verəcək. Xüsusilə də sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi, tütün məmulatları üzrə aksiz vergisinin markaların alınması zamanı əvvəlcədən ödəmə mexanizminin tətbiqi, eləcə də tütün məmulatları və alkoqollu  içkilər üzrə aksiz dərəcələrinin artırılması nəzərdə tutulur. Vergi borclarının yığılmasının effektivliyinin artırılması məqsədilə borcların alınmasına möhlət verilməsi mexanizminin və torpaq vergisi  ilə bağlı müddəaların da təkmilləşdirilməsi, vergi ödəyicisinə qarşı  vergi öhdəliyini verilmiş müddətdə yerinə yetirmədiyinə görə, məhdudlaşdırıcı tədbirlərin görülməsi də növbəti ilin planlarına daxildir.
Bütün bunlarla yanaşı,  növbəti ildə dövlət  büdcəsi  gəlirlərini  təmin  edən  vergi orqanı ilə  vergi  ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması, biznes fəaliyyətinin  və gəlirlərin leqallaşdırılması kontekstində addımların  atılması  davam  etdiriləcəkdir.

Elbrus CƏFƏROV

 

 

ETİKETLƏR: