Biz Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladıq
Qubadlı 25.10.2020

Qubadlının işğaldan azad olunması tarixi qələbəni daha da yaxınlaŞdırdı. Əsasən dağlıq ərazidən ibarət olan şəhərdə mühüm strateji yüksəkliklər yerləşir. Bundan başqa, Qubadlı qərbdən 120 km. məsafədə Ermənistanla həmsərhəddir. Qubadlının azad olunması ilə Azərbaycan Ermənistanla olan sərhədi də öz nəzarətinə aldı.
Məhz Qubadlının işğaldan azad olunmasından sonra Laçın istiqamətində yolumuz açıldı. Laçının cənub istiqamətində olan kəndləri düşməndən təmizləndi. Qubadlının işğaldan azad olunmasından sonra ermənilərin Qarabağdakı ordularını Laçın vasitəsilə silah-sursatla təmin etməyi mümkün olmadı. Yəni kommunikasiya kəsildi. Bundan sonra isə Azərbaycan Ordusu böyük zəfərə doğru irəlilədi və müharibənin taleyini həll etmiş oldu.
Qubadlının azad olunması heç də asan başa gəlməyib. Bu torpaqların hər qarışı uğrunda mübarizə aparılıb. Qubadlı uğrunda döyüşlərin iştirakçısı Rüstəm Abdulrəhimov bildirir ki, düşmən Qubadlının strateji əhəmiyyətini yaxşı anladığı üçün burdan çıxmaq istəmirdi. Çünki Qubadlının əldən verilməsi Laçın dəhlizini tam atəş nəzarətində saxlamaq və düşmən bölmələrinin Qarabağ daxilində manevr imkanlarının məhdudlaşması demək idi. Elə buna görə də düşmən bütün mümkün vasitələrlə müqavimət göstərirdi. Qubadlı əməliyyatı hərbçilərimizdən son dərəcə peşəkarlıq və fədakarlıq tələb edirdi. Çünki şəhərə gedən yol ətraf yüksəkliklərin azad olunmasından keçirdi. Bu da işimizi daha da çətinləşdirirdi.
“Biz Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başladıq. Düşmən üzərinə qətiyyətlə irəliləyirdik. Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edildi. Hər dəfə irəli gedərkən bilirdik ki , ya şəhid, ya qazi, ya da müharibə veteranı olaraq tarixə düşəcəyik və hər üç hal bizim üçün şərəf olacaq. Bütün bunlarla yanaşı, erməni postlarında olarkən əsgər və zabitlərin nə qədər acınacaqlı vəziyyətdə yerləşdiklərinin, sovetdən qalma silahlarla təchiz edildiklərinin şahidi olduq. Düşmən həqiqətən çox hiyləgər idi. Bunun nəticəsi olaraq Azad etdiyimiz mövqelərdə yerləşərkən düşmən bizi fasiləsiz artilleriya atəşlərinə tuturdu. Lakin hər dəfə döyüş yoldaşlarımızın sayıqlığı nəticəsində təxribatların qarşısını qətiyyətlə alırdıq və hücuma keçərək düşməni xeyli itki verərək geri çəkilməyə məcbur edirdik. Qubadlı rayonunun Muradxanlı, Laçın rayonunun Aşağı Fərəcanlı , Arpagedik kəndləri ərazisində çox çətinlik yaşadıq, düşmən bizi ağır artilleriyadan- top, minamyot, qradlar vasitəsilə günlərlə atəş altında saxlayırdı. Bunun nəticəsində bizə ərzaq təminatı dayanmışdı. Təxminən 2-3 gün arası ərzaq təminatı olmadı. Günlərlə susuz və ac qaldıq. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Qubadlı şəhəri və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad edildi. O günlər yaddaşımdan heç vaxt silinməyəcək. Mən böyük qürur hissi ilə qeyd edirəm ki, nə yaxşı ki, ALLAH mənə Vətənin ərazi bütövlüyünün təmin edilməsində, kiçik də olsa, pay sahibi olmağı nəsib edib. Bununla həmişə fəxr etmişəm və edəcəm”, - deyə Rüstəm söylədi.
O, itirdiyi, çiyin-çiyinə döyüşdüyü yoldaşları haqqında xatirələrini bizimlə paylaşdı: “Oktyabr ayının 19-da biz Qubadlı istiqamətində yüksəklikləri azad edərək mövqelərə yerləşən zaman hiyləgər düşmən bizi 120 mm minaatanlardan atəşə tutmağa başladı. Nəticədə döyüş yoldaşım Mirzəyev Nuran Akif oğlu şəhadətə qovuşdu . Qəlpə onun sifətindən keçmişdi. Nuran Quba rayonunun Qımıl kəndindən idi. Biz, digər döyüşçü yoldaşlarımızla yanaşı Nuran da daxil olmaqla, Quba Rayon Hərbi Komissarlığından Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissənin 3-cü taborunun tərkibində döyüşlərə qatılmışdıq. Bir yatırdıq, bir dururduq, bir yerdə yemək yeyirdik, döyüşürdük. Nuran çox şən, mehriban, pozitiv, gülərüzlü bir insan idi. Həmişə keyfimiz olmayanda öz şən mahnıları ilə bizim keyfimizi açmağa çalışardı. Bir dəfə, Cəbrayıl istiqamətində irəlilədiyimiz zaman, Nuran irəlidə gedirdi. Hərəkət edən zaman möhkəm bağlanmış məftil simi görərək düşmən hiyləsini anlamış və ərazinin minalandığını bildirərək bizi geri qaytardı. Beləliklə, neçə hərbçinin həyatını xilas etdi. Nuranın qəhrəmanlıqlarını və onunla bağlı xatirələrimi heç vaxt unutmayacağam. ALLAH Nurana və bütün şəhidlərimizə rəhmət etsin!”.
Günel RAFAYILQIZI