Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müstəqilliyə gedən yolun əsas mərhələlərindən biri

17 noyabr bir daha göstərdi ki, bütün cidd-cəhdlərə baxmayaraq, azadlığı uğrunda mübarizə aparan xalqı müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür.

15.11.2023 11:42
2
A+
A-

Tarixən keşməkeşli yol keçən, əsrlərin sınaqlarından mərdliklə çıxan Azərbaycan müstəqil dövlətə sahib olmaq naminə əzmkarlıqla mübarizə aparıb və azadlıq uğrunda usanmadan mücadilə edib. Azərbaycan xalqı çətinliklərdən qorxmayaraq arzu etdiyi azadlıq, müstəqillik və dirçəliş yoluna qovuşa bilib.

17 Noyabr - Milli Dirçəliş    Günü hər il qürurla qeyd etdiyimiz xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri kimi tarixə düşüb. Milli Dirçəliş Günü məhz xalqın istəklərini reallaşdırmaq məqsədindən güc alıb və bu istəyə gedən yol da çox çətin olub.

Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda bu siyasətə qarşı etiraz edən xalq hərəkatı təşəkkül tapdı. 1988-ci il noyabrın 17-də də Bakının əsas meydanı sayılan “Azadlıq” meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı.

Ozamankı SSRİ rəhbərliyinin ermənilərlə əlbir olub Dağlıq Qarabağı Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqımızın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından və əsarət zəncirindən azad olmaq istəyirdi. Azadlıq istəyi Azərbaycanda meydan hərəkatının geniş vüsət almasına gətirib çıxardı. Bu milli hərəkat xalqın dirçəlişi idi. Bundan qorxuya düşən imperiya başçıları noyabrın 24-dən 25-nə keçən gecə Bakıya qoşun yeritdilər. Lakin Azərbaycan xalqı geri çəkilmədi. Sovet rejimindən Ermənistanda və Dağlıq Qarabağın dağlıq hissəsində erməni separatçılığına və terrorizminə son qoymaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, sərvətlərimizin talan edilməsini dayandırmaq kimi tələblərlə başlamış meydan hərəkatı tezliklə Azərbaycanı müstəqilliyə çağıran şüarlara keçdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır. Dekabrın 4-dək 18 gün aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşdı. Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. Həmin dövrdə başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli oyanış, dirçəliş aksiyaları kimi düşdü. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

17 noyabr bir daha göstərdi ki, bütün cidd-cəhdlərə baxmayaraq, azadlığı uğrunda mübarizə aparan xalqı müstəmləkə boyunduruğu altında saxlamaq qeyri-mümkündür.

Qeyd edək ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən   17 Noyabr - Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.

1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər     Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər    Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub saxlanmasına xüsusi diqqət yetirir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Prezident İlham Əliyev ölkəmizi gələcəyə və yeni uğurlara inamla aparır. İlham Əliyev Ulu Öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir. Bütün bu nailiyyətlər, nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmizin möhtəşəm Qələbəsini şərtləndirdi. Azərbaycanın    Müzəffər Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdi, ərazi bütövlüyümüz bərpa olundu və haqq-ədalət öz yerini tapdı.

 

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR: