Hesabat-seçkilərə hazırlıqla bağlı regional seminar
Tədbiri giriş sözü ilə TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva açaraq tədbirin keçirilmə məqsədindən danışıb.

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin təşkilatçılığı ilə Şəki şəhərində 2024-cü ildə təşkil olunacaq hesabat-seçki yığıncaqlarına hazırlıq məqsədilə regional seminar keçirilib. Seminarda TİAHİ Şəki, Yevlax, Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Qəbələ, Oğuz, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş rayon komitələrinin sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə TİAHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasıyeva açaraq tədbirin keçirilmə məqsədindən danışıb.
Sonra sahə Hİ Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov çıxış edib. Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin adından tədbir iştirakçılarını salamlayan E.Rüstəmov bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisinin müvafiq qərarı ilə 2024-cü ildə AHİK-in xidmətinə daxil olan sahə həmkarlar ittifaqlarının, o cümlədən də TİAHİ-nin bütün təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi nəzərdə tutulub. O, hesabat-seçkilərlə bağlı rayon komitəsi sədrlərinin üzərinə düşən vəzifələrdən danışaraq bildirib ki, rayon komitələri də öz növbəsində yerlərdə seminarlar keçirərək ilk təşkilat sədrlərini məlumatlandırmalı, lazım olan sənəd nümunələri ilə təmin etməlidir.
Həmçinin hesabat-seçkilər zamanı təşkilat sədrlərinin hesabatları hazırlanarkən son hesabat-seçkilərdən keçən müddətdə görülmüş işlər barədə ittifaq üzvlərinə ətraflı məlumat verilməli, hesabat-seçki yığıncaqlarının keçirilməsi zamanı Azərbaycan Respublikasının qanunvericiliyinin, ittifaqın nizamnaməsinin və digər normativ sənədlərin tələblərinə ciddi əməl edilməsinə nəzarət təmin olunmalıdır. Həmçinin ilk təşkilatların, şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin seçkili orqanlarının formalaşdırılması zamanı gender bərabərliyinin və gəncləşmə siyasətinin tələblərinə əməl olunmalı, qadınların və gənclərin bu seçkilərdə fəal iştirakı təmin edilməlidir.
İclasda Şəki şəhər komitəsinin sədri Ziyafət Xasıyeva, İsmayıllı rayon komitəsinin sədri Hafiz Kərimov və başqaları çıxış edərək hesabat-seçki yığıncaqlarına hazırlıqla bağlı görüləcək işlərdən danışıblar, təkliflərini veriblər.