Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəllimə ciddi şəkildə diqqət ayırmaq lazımdır

Heç bir oğlandan “müəllim olacağam”  sözünü eşitməmişəm”.  Çünki oğlanlar gördüklərinin inikası olaraq şüuraltı düşünürlər ki, uşaqların tərbiyəsi ilə ancaq qadınlar məşğul olmalıdırlar.

01.09.2021 11:19
23
A+
A-

Avropada müəllimlərin əksəriyyəti kişilərdir. Ölkəmizdə isə əksinədir. Səbəb nədir? Kişilər niyə təhsil sektoruna üstünlük vermirlər? Kişi müəllimlərinin sayının az olması şagirdlərin mənəvi və psixoloji baxımdan formalaşmasına necə təsir göstərir?

 

Suallarımızı cavablandıran təhsil eksperti Kamran Əsədov dedi ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəbində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir. Orta məktəblərdə kişi müəllimlərin azlığı, üstəgəl, ailədə daha çox ana ilə ünsiyyət şagirdlərin xarakterinin formalaşmasına ciddi təsir göstərir.

Heç bir oğlandan “müəllim olacağam”  sözünü eşitməmişəm”.  Çünki oğlanlar gördüklərinin inikası olaraq şüuraltı düşünürlər ki, uşaqların tərbiyəsi ilə ancaq qadınlar məşğul olmalıdırlar.

Ekspert kişilərdə təhsil sahəsinə biganəliyin digər səbəbi kimi əməkhaqqının cəmiyyətin tələbləri səviyyəsində olmaması ucbatından yarandığını söylədi. Bildirdi ki, bu gün müəllimlərin aldığı əməkhaqqı onların aylıq xərclərini ödəmir. Müəllim kimi yeni işə başlayan gənc, təbii ki, bu maaşla dolana bilməyəcəyini başa düşür və müəllimlik diplomunu kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu cinsi bölgü 50/50 vəziyyətində idi. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik böyük sayda kişi müəllimi bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən, yəni ölkədə sabitlik yarandıqdan sonra da, bu proses davam etdi. Hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü isə kişidir. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimlər tədris edirlər.

K.Əsədov dedi ki, hətta dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur. Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin isə verdiyi tədris və tərbiyə uşaqların şəxsiyyət kimi formalaşması prosesinə yanaşmaları fərqlidir. Qadınlar inciməsin, təhsil sistemində kişilərin sayı qadınların sayından üstün olan ölkələrdə təhsilin keyfiyyəti daha yüksəkdir.

Təhsil eksperti onu da qeyd etdi ki, sovet hakimiyyəti  dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idilər. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdilər. Əlbəttə, sovet hakimiyyəti  sosial ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkədə müəllimin dövlətin kadr potensialının gücləndirilməsində, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əməkhaqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb.

Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa, müəllimi müəyyən xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su pulu ödəməkdən azad edilməlidir ki, aldığı az əməkhaqqını sosial rifahına yönəldə bilsin.

K.Əsədov vurğuladı ki, müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Çünki ölkənin infrastruktur sahələrində çalışan,  hər bir vətəndaşa təhil verən, onları   formalaşdıran müəllimdir.

 

Gülöyşə MƏMMƏDLİ

ETİKETLƏR: