Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazılan uğur

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

08.09.2021 10:15
12
A+
A-

Tokioda başa çatan XVI Yay Paralimpiya Oyunları Azərbaycan idmanının, xüsusilə milli Paralimpiya hərəkatının tarixinə qızıl hərflərlə yazıldı. Qeyd edək ki, Azərbaycan millisi yarışlarda 14 qızıl, 1 gümüş və 4 bürünc olmaqla, ümumilikdə 19 medal qazanıb. Bu, Azərbaycanın həm Paralimpiya, həm də idman tarixində görünməmiş hadisədir.

Paralimpiya yığmamız medalların ümumi sayına görə iştirakçı ölkələr arasında 20-ci, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri sırasında 1-ci, MDB ölkələri arasında isə 3-cü yerdə qərarlaşıb.

Dörd idmançımız “Tokio-2020”də rekordlara imza atıb. Həmin idmançılardan biri də atletika idman növü üzrə (T13) 400 metr kateqoriyasında 55,00 saniyəlik göstərici ilə Paralimpiya rekorduna imza atan Lamiyə Vəliyevadır.  Lamiyə “Spartak” Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin nəzdində fəaliyyət göstərən kompleks UGİM-nin atletika bölməsinin məşqçi-müəllimi, respublikanın “Əməkdar məşqçisi” Tofiq Əliyevin yetirməsidir. Bundan başqa, Lamiyə Vəliyeva (T-13) 100 metr məsafəyə qaçışda 11.99 saniyə nəticə ilə XVI Yay Paralimpiya Oyunlarında ölkəmizə gümüş medalı da qazandırıb.

Azərbaycan idmanının tarixinə qızıl hərflərlə yazılan milli Paralimpiya komandamızın uğuru Prezident İlham Əliyev tərəfindən layiqincə qiymətləndirildi. Sentyabrın 6-da dövlətimizin başçısı XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi, eləcə də milli Paralimpiya komandamızın üzvlərinin təltif olunmasına dair sərəncamlar imzaladı.

Həmin sərəncamlara əsasən, XVI Yay Paralimpiya Oyunlarında birinci yeri tutan hər bir idmançı üçün 200 min, onun məşqçisi üçün isə 100 min manat məbləğində mükafat müəyyən edilib. İkinci yeri tutan hər bir idmançı 100 min, məşqçisi 50 min, üçüncü yeri tutan hər bir idmançı 50 min, məşqçisi isə 25 min manat məbləğində mükafatlandırılıb.

Həmçinin Azərbaycan Milli Paralimpiya komandasının üzvləri orden və medallarla da təltif olundular.

Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq), Vüqar Şirinli (60 kq), Hüseyn Rəhimli (81 kq), Dürsədəf Kərimova (+70 kq) qızıl, Namiq Abaslı (66 kq) və İlham Zəkiyev (+100 kq) bürünc medallara sahib olublar.

Raman Salei Tokio Paralimpiadasında üç qızıl medal qazanıb. O, 100 metr məsafəyə arxası üstə, sərbəst və batterflay üsulu ilə üzmə yarışlarında Paralimpiya çempionu olub. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Hamed Heydari qızıl medala sahib olub. Orxan Aslanov uzunluğa tullanma yarışında qızıl, Səid Nəcəfzadə isə bürünc mükafata layiq görülüb. Elvin Astanov nüvəitələmə yarışında birinci yeri tutublar. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

 

Azər MUSTAFAYEV

ETİKETLƏR: