Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Növbəti dərs ili- həmkarlar ittifaqlarının vəzifələri

“2021-2023-cü illər üçün Kollektiv Saziş”də əksini tapan müddəalardan bəhs edərək bildirib ki, bu il  sentyabrın 20-nə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakının rayon komitələri arasında kollektiv müqavilə bağlanmalıdır.

08.09.2021 10:19
26
A+
A-

Sentyabrın 2-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Bakı şəhərinin rayon komitələri sədrləri ilə onlayn seminar keçirib. Tədbirdə çıxış edən Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə yeni dərs ilinin başlanması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışıb. Qeyd edib ki, ilk təşkilat sədrləri məktəblərdə dərs bölgüsündə yaxından iştirak etməlidirlər. Həmçinin yeni işə qəbul edilmiş təhsil işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb  olunması istiqamətində işlər görülməlidir: “Yeni işə qəbul edilmiş təhsil işçiləri ilə görüşlər keçirilərək onlara həmkarlar ittifaqı üzvlüyünə qəbul edilməyin üstünlükləri izah edilməlidir. İttifaqa üzv qəbul edilmə zamanı, təlimata uyğun olaraq, sənədləşmə işləri qaydasında aparılmalıdır”. Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrinin birləşdirilməsi ilə bağlı məlumat verən M.Cəfərzadə bildirib ki, birləşdirilmə prosesi başa çatmış peşə təhsili müəssisələrində yeni təşkilatlar təsis edilməli, təşkilatlar yenidən formalaşdırılmalıdır.

Sonra tədbirdə Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov danışaraq qeyd edib ki, 2022-ci ildə TİAHİ-nin üzv təşkilatlarında hesabat-seçki konfranslarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, rayon komitələri hesabat-seçki konfranslarına ciddi surətdə hazırlaşmalı, seçkilər demokratik prinsiplər əsasında keçirilməlidir: “Seçkilər vaxtı layiqli namizədlərin seçilməsinə şərait yaradılmalı və müəssisə rəhbərlərinin seçkilərə müdaxiləsinə yol verilməməlidir. Rayon komitəsi sədrləri çalışmalıdır ki, layiq olan və kollektiv içində nüfuza malik insanlar ilk təşkilatlarda sədr seçilsinlər. Nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqlarının gücü ilk təşkilatlardadır”.

Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov “2021-2023-cü illər üçün Kollektiv Saziş”də əksini tapan müddəalardan bəhs edərək bildirib ki, bu il  sentyabrın 20-nə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Bakının rayon komitələri arasında kollektiv müqavilə bağlanmalıdır. Təhsil İdarəsi ilə bu barədə müzakirələrin aparıldığını qeyd edən Z.Məmmədov vurğulayıb ki, kollektiv müqavilə bağlanarkən kollektiv sazişdə əksini tapan müddəalara istinad edilməlidir.

Sonra Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək tövsiyələrini çatdırıb.

Tədbirin sonunda rayon və şəhər komitələri sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmişlər.

ETİKETLƏR: