Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Kollektiv müqavilələr real vəziyyətə uyğun bağlanmalıdır

Bu sahəyə maddi köməklik göstərməli və inzibati tədbirlərin hazırlanmasında, icrasında fəal iştirak etməliyik.

08.09.2021 10:32
11
A+
A-

Sentyabrın 7-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi yeni dərs ilinin başlanması ilə əlaqədar növbəti onlayn seminarını keçirib. Bu dəfə seminara orta və ali ixtisas təhsil müəssisələrinin həmkarlar ittifaqı komitələrinin sədrləri cəlb olunub. Tədbiri giriş sözü ilə Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə açıb. Deyib ki, pandemiya dövrünə təsadüf edən növbəti dərs ili təhsil işçilərindən, o cümlədən həmkarlar ittifaqından yeni məsuliyyətlər tələb edir. Biz, həmkarlar ittifaqı olaraq, müəllimlərlə sıx əlaqələr qurmalı, problemləri ilə ikiqat artıq məşğul olmalıyıq. Sağlamlıqlarına xidmət edəcək amillərin istifadəsi, Operativ Qərargahın qərarlarının tətbiqi daimi diqqətimizdə saxlanılmalıdır.

Bu sahəyə maddi köməklik göstərməli və inzibati tədbirlərin hazırlanmasında, icrasında fəal iştirak etməliyik.

Mirzə müəllim dedi, dəfələrlə bildirmişik, yenə təkrar edirəm müəllimlərdə daha çox narazılıq doğuran məsələlərdən biri də dərs bölgüsüdür. Bu sahədə ədalət prinsipinin qorunmasına, reallıqların, müəllimlərin peşə bacarığının rəhbərlik tərəfindən nəzərə alınmasına çalışmalıyıq.

M.Cəfərzadə dedi ki, hər il orta və ali məktəblərdə müəllimlərin iş ünvanını dəyişməsi halları baş verir. Yeni müəllimlər işə götürülür. Həmin işçilər diqqətdən kənarda qalmamalıdır. Onlarla görüşməli, söhbətlər aparmalı, könüllü şəkildə həmkarlar ittifaqına üzv olmalarına nail olunmalıdır.

Sədr müavini onu da diqqətə çatdırdı ki, Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində birləşdirmə prosesi gedir. Bu proses nəzarətdə saxlanılmalıdır. Birləşdirilmiş müəssisələrdə yeni təşkilat yaratmaq lazımdır. Buna görə maarifləndirmə işlərinə üstünlük verilməlidir. İşçilərə həmkarlar ittifaqının missiyası imkanları izah olunmalıdır. Sənədləşmə işində kömək göstərilməlidir.

Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov rayon komitələrində, ilk təşkilatlarda təşkilati məsələlərin mövcud vəziyyətinə toxundu. Bu sahədə işlərin daha da təkmilləşdirilməsinə dair bəzi məsləhətlərini söylədi. Sonra dedi ki, qarşıda bizi mühüm bir kampaniya gözləyir. Bildiyiniz kimi, 2022-ci il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarında hesabat-seçki ilidir. Respublika Komitəsi bu kampaniyaya indidən hazırlaşır. Təbliğati, maarifləndirici xarakterli sənədlər, əyani vəsaitlər hazırlanıb yerlərə göndəriləcək. Lakin əsas vəzifə rayon komitələrinin, ilk təşkilatların üzərinə düşür. Siz çalışmalısınız ki, komitə üzvləri, sədrlər seçilərkən onların təşkilatçılıq bacarığı, kollektivdə nüfuzu, sosial dialoq aparmaq qabiliyyəti əsas meyar kimi götürülsün. Seçkilərə kənar təsirlərin qarşısı qətiyyətlə alınsın.

Respublika Komitəsinin katibi, Əməkhaqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov kollektiv müqavilələrin imzalanması zamanı hansı məsələlərə daha çox diqqət yetirilməsi barədə çıxış etdi. Dedi ki, ilk növbədə Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında 20-21-2023-cü illər üçün bağlanmış Kollektiv Saziş öyrənilməlidir. Orada razılaşdırılmış müddəalar minimum hədd kimi götürülməlidir. Kollektiv müqavilələrdə işçilərin əmək, sosial tələbləri, istirahəti, əməyinin mühafizəsi və sair hüquqlarına dair məsələlər dəqiq, ətraflı əksini tapmalıdır.

Sentyabrın 20-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsi və paytaxtın rayon komitələri arasında kollektiv müqavilənin bağlanması prosesinin başa çatacağı gözlənilir.

Seminarda Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov da çıxış etdi.

Gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı.

ETİKETLƏR: