Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhsil və sağlamlıq arasında...

 Birmənalı olaraq bildirirəm ki, peyvənd yoluxmanın qarşısını almır, vaksin olunma 90 faizdən çox ölümün qarşısını alır.

08.09.2021 10:33
114
A+
A-

Yeni tədris ilinin başlanmasına bir həftə qalsa da, əksər valideynlər,  o cümlədən təhsil və səhiyyə mütəxəssisləri uşaqları məktəbə göndərib-göndərməmək məsələsində tam qəti qərara gələ bilməyiblər.

Sosial şəbəkələrdən də göründüyü kimi, tərəddüdə səbəb uşaqların sağlamlığı və tədrisdən geri qalmaq qorxusudur. Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, həkim Aydın Əliyev müsahibəsində valideynlərin narahatlığının başadüşülən olduğunu söylədi. Dedi ki, hazırkı yoluxma sayını nəzərə alaraq, həm orta ümumtəhsil, həm də ali məktəblərdə əyani dərslərin keçirilməsi bir müddət təxirə salınmalıdır. Toy və şənliklərin başlanmasına verilən icazə göstərdi ki, çox sayda insanın, xüsusilə qapalı məkanlarda təmasda olması koronavirusun geniş miqyasda yayılmasına münbit şərait yaradır.

Aydın həkim hesab edir ki, əyani təhsilə sağlam şəraitdə başlamaq istəyiriksə, ən çoxu bircə ay səbir etməliyik. Dövlətimizin son vaxtlar COVID-19-a qarşı apardığı davamlı, səmərəli tədbirləri bu qənaətə gəlməyimizə haqq verir. Bildiyiniz kimi, son günlər peyvəndlənmənin intensivliyi artıb. Belə davam etsə, düşünürəm ki, oktyabr ayında yoluxma sayında azalma müşahidə oluna bilər və tədrisin əyani formada davam etməsi üçün maneə yaranmaz.

Aydın həkim onu da vurğuladı ki, vaksin olunmayanların içərisində ağırlaşanların sayı daha çoxdur: “Ölkədə tibb sahəsini idarə edən qurumların təşkilatçılığında ciddi qüsurlar var. Zamanında peyvəndlə bağlı təbliğat  işi  düzgün aparılmadı. Bunun üçün videoroliklər çəkilsə, məşhur, cəmiyyətdə hörmətə, nüfuza malik insanlar vasitəsilə maarifləndirmə aparılsa, daha effektiv nəticə olardı. Nəinki əhalinin ciddi qəbul etmədiyi, sevmədiyi hansısa məmurun vaksinləşmənin vacibliyi haqqında çağırışları daha da onlarda yanlış fikirlər formalaşdırdı. Bəzi vətəndaşlar  “peyvənd olunanlar da yoluxur, daha nəyə lazımdır” deyib inamsızlıq etdilər, vaksindən uzaq durdular.
 Birmənalı olaraq bildirirəm ki, peyvənd yoluxmanın qarşısını almır, vaksin olunma 90 faizdən çox ölümün qarşısını alır.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin direktoru Kamran Əsədov isə məsələyə fərqli mövqedən yanaşdı: “Artıq 7 milyon şəxs vaksinasiyada iştirak edib. 18 yaşdan yuxarı, demək olar ki, 70 faiz insan peyvənd olunub. Biz artıq pandemiya dövrünün yaşayış qaydalarına yiyələnmişik. Bütün bunlar birmənalı şəkildə tədrisin əyani  formada başlanılmasını qaçılmaz edir. İlk növbədə  ona görə əyani təhsil olmalıdır ki, bu gün ölkənin 4447 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır və bu şagirdlər günün heç bir saatında, heç bir məkanda yoxlanılmır. Üç aydır şagirdlər yay tətilindədirlər. Yoluxma halları azaldımı? Yox, əksinə, artdı. Təəssüf ki, uşaqlar arasında da xəstəliyi keçirənlər oldu. Demək istəyirəm ki, təhsil müəssisələri yoluxma üçün əlverişli məkan deyil. Təhsil müəssisələri açılmalıdır ki, bu şagirdlər hardasa yoxlanılsınlar, temperaturları ölçülsün, virusa aid simptomlar aşkar olunarsa, lazımi tədbir görülsün. Əks halda uşaqlar bilavasitə infeksiyanın yayılmasında əhəmiyyətli rol oynayırlar.  Məsələn, onlar yoxlanılmadan marketlərə, restoranlara, əyləncə mərkəzlərinə, dənizə və sair ictimai yerlərə gedirlər. Uşaqlarda koronavirus əlamətləri mövsümi qirip kimi göründüyü üçün valideynlər  bunu müəyyənləşdirə bilmir və bu ünsiyyət nəticəsində ölkədə yoluxma sayında ciddi artımlar müşahidə olunur. Düşünürəm ki, məktəblər açılsa, şagirdlərin hər gün yoxlanılması sayəsində koronavirusun və ya digər mövsümi qiripin əlamətləri daha tez aşkar olunacaq və həmin uşaqlar ictimaiyyətdən müvəqqəti təcrid olunacaqlar”. 

K.Əsədov qeyd etdi ki, bütün şagirdlərin kompüter, planşet, telefon və internetə çıxış imkanlarının olmaması da onlayn təhsilin tətbiqini çətinləşdirir. Həmçinin ibtidai sinif şagirdlərinə onlayn formada oxumağı-yazmağı öyrədə bilmirik. Digər bir məsələ isə, uzun müddət monitorun qabağında oturma şagirdlərdə görmə problemi, onurğa sütununda əyilmə-skalioz xəstəliyi  ortaya çıxardır.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkədə 150 nəfərdən ibarət toy mərasimlərinin təşkilinə  icazə verilir və orada heç bir gigiyenik qaydaya əməl olunmur. Ölkə məktəblərinin isə 51 faizində şagird sayı 200-dən aşağıdır və dezinfeksiya tələblərinə  tam riayət olunur. Niyə də bu məktəblər fəaliyyətə  başlamasın?!

 

Əsli TELMANQIZI

ETİKETLƏR:

Foto