Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda taxıl istehsalını tələbat səviyyəsinə qaldırmaq olarmı?

Azərbaycan taxıl ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyir.

08.09.2021 10:37
57
A+
A-

Azərbaycan taxıl ehtiyaclarının böyük hissəsini idxal hesabına ödəyir. Halbuki ölkəmizdə taxılçılığın inkişafı üçün münbit şərait var. Hər il dövlət büdcəsindən bu sahəyə kifayət qədər vəsait ayrılır. Bəs idxaldan asılılığın səbəbi nədir?

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamova görə, bu gün dünya üzrə ərzağın əsas tərkib hissəsi olan taxıla tələbat kəskin artmaqdadır: “Bu artıma əsasən iki amil təsir göstərir: birincisi, dünyada əhali sayının kəskin artması. İkincisi isə, son illər baş verən iqlim dəyişiklikləri - iqlim dəyişikliyi taxıl istehsalının azalmasına gətirib çıxarır. Təbii ki, əsas taxıl ixracatçısı olan ölkələrdə istehsalın azalması dünya bazarında qiymətlərə də təsirsiz ötüşmür. Dünya bazarında qiymətlərdə kəskin artımlar idxalçı ölkələrdə un məmulatlarının qiymətlərinin də yüksəlməsinə səbəb olur və həmin ölkələr qarşısında yeni çağırışlar qoyur. Ona görə də idxalçı ölkələr mövcud imkanlardan istifadə etməklə taxıl istehsalına daha çox diqqət yetirməlidirlər. Çünki gələcəkdə taxılın idxal qiymətləri ilə bağlı böyük çətinliklər yarana bilər.

Dövlətimiz taxıl idxalının azaldılması istiqamətində ciddi addımlar atır. Belə ki, taxıl istehsalçılarının stimullaşdırılması üçün subsidiyalar verilir, kənd təsərrüfatı texnikaları və toxumlar güzəştlərlə satılır. Bundan başqa, fermerlərimiz torpaq vergisindən savayı, bütün vergilərdən azad olunmuşdur. Haqlı olaraq soruşursunuz ki, bəs nə üçün ölkəmiz buğda ilə təminatını yerli istehsal hesabına ödəyə bilmir? Çünki fermerlərimiz keyfiyyətli toxumlardan istifadə etmirlər. Məhsuldarlığın əldə edilməsində birinci amil keyfiyyətli toxumdur. Uzun illər eyni sahədən götürülmüş buğdanı yenidən həmin sahəyə səpirlər. Bu da buğdanı cırlaşmaya aparır və məhsuldarlığın azalmasına birbaşa təsir göstərir. İkinci amil isə, aqrotexniki qaydalara düzgün riayət edilməməsidir. Torpağın vaxtında şumlanması, toxumun normada səpilməsi, gübrələrin və pestititlərin vaxtında verilməsı və digər amillər bura daxildir. Biz yeni yaradılmış aqroparklarda və iri fermer təsərrüfatlarında məhsuldarlığa nəzər salanda görürük ki, ortalama 60-70 sentner məhsul əldə olunur. Xırda təsərrüfatlarda isə bu, 30 sentnerə yaxınlaşır. Bir sözlə, fermerlər eyni torpaq sahəsindən daha çox məhsul əldə etmək üçün yuxarıda qeyd etdiyim məqamlara fikir verməlidirlər. Belə olan halda biz daxili tələbatımızı yerli istehsal hesabına ödəyə bilərik”.

A.Badamov bildirdi, təcrübə göstərir ki, daha keyfiyyətli buğdanın əldə edilməsi və məhsuldarlığın artması üçün iri fermer təsərrüfatlarının və kooperasiyaların genişləndirilməsinə ehtiyac var: “Kiçik təsərrüfatlar maddi imkanlarına qənaət edərək aqrotexniki qaydalara düzgün əməl etmirlər. İri təsərrüfatlarda isə bütün qulluq tədbirləri görülür və məhsulun maya dəyəri də aşağı olur” .

Millət vəkili onu da qeyd etdi ki, işğaldan azad olunmuş torpaqlarda, xüsusən də Qarabağ və Şərqi Zəngəzur torpaqlarında əkinə yararlı torpaqlar 600 min hektardan çoxdur: “Təbii ki, həmin torpaqların dövriyyəyə buraxılması və həmin ərazilərdə taxılın əkilməsi ölkədə ərzaqlıq taxılın istehsalını artıracaq və idxaldan asılılığı azaldacaq. Məlumat üçün deyim ki, həmin torpaqların müəyyən hissəsində artıq taxıl əkini aparılmışdır.

2020-ci ildə ölkəmiz 1,3 milyon tona yaxın ərzaqlıq taxıl idxal etmişdir. Düşünürəm ki, həmin torpaqlardan düzgün istifadə olunmaqla, ölkəmizin ərzaqlıq taxıla olan tələbatı tam şəkildə ödənilə bilər”.

“Azərbaycan yeyinti tələbatı üçün nəzərdə tutulan taxılın, demək olar ki, 95 faizini idxal edir”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov məsələyə münasibət bildirərkən dedi. Qeyd etdi ki, Azərbaycanın istehsal etdiyi taxıl daha çox yem məqsədilə istifadə olunur: “Çünki bizdə istehsal olunan taxıl keyfiyyət göstəricilərinə cavab vermir. Ondan hazırlanan un qida sənayesində demək olar ki, istifadə olunmur.

Taxıl əsasən qara torpaqlarda becərilir. Azərbaycanda qara torpaq ərazisi bir o qədər də geniş deyil. Olanlarda da digər kənd təsərrüfatı məhsulları daha məhsuldar olur. Misal üçün, həmin torpaqlarda bir hektar sahədə kartof və yaxud da digər kənd təsərrüfatı məhsulu əksək, daha çox gəlir əldə edərik. Və yaxud Göyçay torpaqlarında nar yetişdirmək imkanı daha genişdir. Dünya, xüsusən də Avropa Birliyi bazarlarında nara və nar şirələrinə olan tələbat kifayət qədər yüksəkdir. Yəni hər hansı bir dövlət qurumunun və ya fərdi sahibkarlığın təşəbbüsü ilə o torpaqlarda taxıl becərilməsi düzgün olmaz. Çünki həmin məhsullardan əldə olunan gəlir taxıldan əldə olunan gəliri üstələyir.

Əgər sual versəniz ki, bütün bunlara baxmayaraq, idxalı minimuma endirmək mümkündürmü? Bəli, mümkündür. Müəyyən qədər intensiv təsərrüfatçılığa keçməklə, yəni akademik institutlarla prosesi və sahibkarlıq bacarıqlarını dəstəkləməklə, maarifləndirməni gücləndirməklə idxalı azaltmaq yolunda müəyyən nəticələrə nail olmaq mümkündür və düşünürəm ki, bu istiqamətdə potensialımız kifayət qədərdir. Bu yollarla Azərbaycan taxıl idxalını ən azı 20-35, bəlkə də 40 faiz arasında azalda bilər. Həm də məlum olduğu kimi, işğaldan azad olunmuş Qarabağ torpaqlarında artıq bərpa və yenidənqurma işləri görülür. Və çox sevindirici haldır ki, Qarabağ iqtisadiyyatı əsasən iki istiqamət, iki iqtisadi profil üzrə daha çox ixtisaslaşıb. Bunlardan biri kənd təsərrüfatı, digəri isə turizmdir. Kənd təsərrüfatı ilə bağlı Cəbrayılda, Füzulidə, Xankəndi və Xocavənd ərazisində əkinçilik üçün səmərəli olan və suvarıla bilən çox böyük torpaq ehtiyatlarımız, resurslarımız var. Vaxtilə Qarabağda olan torpaq ehtiyatları 1,1 milyon hektar idi. Təəssüf ki, işğal dövründə baxımsızlıq səbəbindən bu torpaqların böyük hissəsi şoranlaşıb. Ancaq düşünürəm ki, qarşıya qoyulan məqsədlərə növbəti illərdə - Qarabağın kənd təsərrüfatı potensialının iqtisadiyyata yönəldilməsi Azərbaycanın taxıl tələbatının ödənilməsinə, idxaldan asılılığın azaldılmasına dəstək verə bilər”.

Aliyə SƏMƏDOVA

 

ETİKETLƏR:

Foto