Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hələ də 4 milyarddan çox insan sosial müdafiə ilə əhatə olunmayıb

Pandemiyaya qarşı cavab tədbirlərinin qeyri-bərabər və qeyri-kafi olması yüksək və aşağıgəlirli ölkələr arasında fərqin dərinləşməsinə və bütün insanların layiq olduğu zəruri sosial müdafiə ilə təmin edilə bilməməsinə gətirib çıxarır.

08.09.2021 10:44
6
A+
A-

Beynəlxalq Əmək Təşkilatının (BƏT) yeni hesabatında deyilir ki, COVID-19 böhranı zamanı dünyada sosial müdafiənin görünməmiş dərəcədə möhkəmlənməsinə baxmayaraq, hələ də 4 milyarddan çox insan müdafiəsiz qalmaqdadır.

Pandemiyaya qarşı cavab tədbirlərinin qeyri-bərabər və qeyri-kafi olması yüksək və aşağıgəlirli ölkələr arasında fərqin dərinləşməsinə və bütün insanların layiq olduğu zəruri sosial müdafiə ilə təmin edilə bilməməsinə gətirib çıxarır.

Sosial müdafiəyə tibbi xidmətə çıxış və zəmanətli gəlir daxildir, xüsusilə də yaş həddi, işsizlik, xəstəlik, əlillik, istehsalat xəsarəti, analıq və ya əsas gəlir mənbəyinin itirilməsi, eləcə də uşaqlı ailələr üçün.

BƏT-in Baş direktoru Qay Rayder bildirib ki, ölkələr yol ayrıcındadır: “Bu, insan hüquqlarına əsaslanan sosial müdafiə sistemlərinin yeni nəslinin yaradılması ilə pandemiyaya qarşı cavab tədbirlərindən istifadə etmək üçün əsas məqamdır. Bu, insanları gələcək böhranlardan qoruya bilər. Və gələcəkdə çoxsaylı keçid proseslərini inamla və ümidlə aradan qaldırmaq üçün lazım olan təhlükəsizliyi işçilərə və müəssisələrə təmin edə bilər. Etiraf etməliyik ki, effektiv və hərtərəfli sosial müdafiə yalnız sosial ədalət və layiqli iş üçün deyil, davamlı gələcəyin yaradılması üçün də vacibdir”.

2020-2022-ci illər dünyada sosial müdafiə haqqında hesabat daha yaxşı bir gələcək üçün araşdırmada sosial müdafiə sistemlərində ən son dəyişikliklərin qlobal baxışını verir, o cümlədən minimum sosial müdafiə səviyyələrini və COVID-19 pandemiyasının təsirini əhatə edir. Məruzədə 2030-cu ilə qədər olan dövr üçün Davamlı İnkişaf Gündəliyinin məqsədləri ilə bağlı siyasət üzrə əsas tövsiyələr, o cümlədən müdafiədə olan boşluqlar müəyyən edilir və öz əksini tapır.

Hazırda dünya əhalisinin yalnız 47 faizi ən azı bir sosial müdafiə vasitəsilə səmərəli əhatə olunmuşdur, halbuki 4,1 milyard insan (53 faiz), ümumiyyətlə, öz milli sosial müdafiə sistemindən təminatlı gəlir əldə edə bilmir.

Sosial müdafiə sahəsində əhəmiyyətli regional bərabərsizliklər mövcuddur. Avropa və Mərkəzi Asiya ən yüksək əhatə göstəricisinə malikdir və insanların 84 faizi ən azı bir vəsaitlə əhatə olunmuşdur. Şimali və Cənubi Amerika ölkələri də 64,3 faizlə orta dünya göstəricisini üstələyir. Asiya-Sakit Okean Regionunda (44 faiz), ərəb dövlətlərində (40 faiz) və Afrikada (17,4 faiz) əhəmiyyətli boşluqlar qeydə alınır.

Bütün dünyada uşaqların böyük əksəriyyəti hələ də effektiv sosial müdafiə sistemi ilə əhatə olunmayıb - yalnız dörd uşaqdan biri (26,4 faiz) sosial müdafiə müavinəti alır. Hamiləlik və doğuşa görə qadınların yalnız 45 faizi analıq müavinəti alır. Ağır əlilliyi olan hər üç nəfərdən biri (33,5 faiz) əlillik müavinəti alır. İşsizlik müavinətlərinin əhatə dairəsi daha da aşağıdır; dünyada işsizlərin yalnız 18,6 faizi bu vəsaitlə effektiv şəkildə əhatə olunur. Təqaüd yaşından yuxarı insanların 77,5 faizi bu və ya digər şəkildə qocalıq pensiyası alsalar da, bölgələr arasında, kəndlə şəhər arasında, eyni zamanda qadınlarla kişilər arasında əhəmiyyətli bərabərsizliklər davam edir.

Dövlət sosial müdafiə xərcləri də əhəmiyyətli dərəcədə fərqlənir. Orta hesabla ölkələr Ümumi Daxili Məhsulun (ÜDM) 12,8 faizini sosial müdafiəyə (səhiyyə istisna olmaqla) sərf edir, lakin yüksəkgəlirli ölkələr 16,4 faiz, aşağıgəlirli ölkələr isə ÜDM-in yalnız 1,1 faizini sosial müdafiəyə sərf edir.

Hesabatda bildirilir ki, COVID-19 böhranının başlanmasından bu yana maliyyə çatışmazlığı (hər kəs üçün ən azı minimum sosial müdafiə təmin etmək üçün lazım olan əlavə xərclər) təxminən 30 faiz artıb.

Sosial müdafiənin baza əhatə dairəsinə zəmanət vermək üçün aşağıgəlirli ölkələrə ildə əlavə 77,9 milyard, orta gəlir səviyyəsinə malik ölkələrə ildə əlavə 362,9 milyard, orta gəlir səviyyəsindən yuxarı ölkələrə isə ildə 750,8 milyard ABŞ dolları sərmayə yatırtmaq tələb olunur.

BƏT- in Sosial Müdafiə Departamentinin direktoru Şahra Razavi isə bildirib ki, böhrana reaksiya tədbirləri üzrə dövlət xərclərindən sonra ölkələrin büdcə konsolidasiyasına keçmələri üçün böyük stimul var, lakin sosial müdafiənin azaldılması ciddi ziyan vuracaq, burada investisiyalar indi tələb olunur.

Sosial müdafiə inkişafın bütün səviyyələrində ölkələrə geniş sosial və iqtisadi fayda gətirə biləcək mühüm vasitədir. O, səhiyyə və təhsilin yaxşılaşmasına, daha çox bərabərliyə, daha davamlı iqtisadi sistemlərə, miqrasiyanın daha yaxşı idarə olunmasına və əsas hüquqlara riayət olunmasına kömək edə bilər. Bu müsbət nəticələri təmin edə biləcək sistemlərin yaradılması maliyyə mənbələrinin daha çox beynəlxalq həmrəyliyin, xüsusilə də daha yoxsul ölkələrin dəstəyi ilə birləşdirilməsini tələb edəcək. Lakin uğurun üstünlükləri milli sərhədlərdən kənara çıxacaq və bizim hamımıza fayda verəcək .

Ümumi sosial müdafiənin təşviqi üçün xüsusi tədbirlər COVID-19 pandemiyasından sonra insan mərkəzli bərpa məqsədilə qlobal fəaliyyət çağırışında vurğulanmışdır. Hərtərəfli bərpa proqramının nəzərdə tutulduğu fəaliyyətə çağırış 2021-ci ilin iyun ayında BƏT-in hökumətləri təmsil edən üzv dövlətləri, işçilərin və işəgötürənlərin təşkilatları tərəfindən yekdilliklə təsdiq edilmişdir.

ETİKETLƏR: