Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Evdə sosial xidmət kimlərə göstərilir və bu xidmətə nələr daxildir?

Səyyad MƏSİMOV, Bakı şəhəri.

27.12.2023 15:20
37
A+
A-

Evdə sosial xidmət kimlərə göstərilir və bu xidmətə nələr daxildir?

Səyyad MƏSİMOV, Bakı şəhəri.

 

-“Sosial xidmət haqqında” qanuna əsasən, səyyar, yəni evdə sosial xidmət əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə xəstəliyin terminal (son) mərhələsində olan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada göstərilir.

Evdə (səyyar) sosial xidmətə aşağıdakılar aiddir:

 - dərman vasitələrini, zəruri ərzaq və əsas tələbat mallarını almağa köməklik göstərilməsi;

- istirahətin təşkil olunmasında, qida qəbul edilməsində və digər məişət xidmətlərinin göstərilməsində köməklik edilməsi;

- tibbi və psixoloji yardım almaqda köməklik göstərilməsi, tibb və təhsil müəssisəsinə müşayiət olunması;

- yaşayış şəraitinin sanitariya-gigiyena tələblərinə uyğunlaşdırılması;

- hüquqi məsləhət alınmasına köməklik göstərilməsi;

- əlilliyi olan şəxslərə reabilitasiya xidmətinin göstərilməsi.

 

Çətin həyat şəraitində olan şəxslərin  cəmiyyətə inteqrasiyası üçün hansı tədbirlər görülür?

Səbinə MƏMMƏDLİ, Gəncə şəhəri.

 

-Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) cəmiyyətə inteqrasiyasını təmin etmək üçün onlara sosial-məsləhət yardımı göstərilir.

Sosial-məsləhət yardımına aşağıdakılar aiddir:

- qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi;

- çətin həyat şəraitində olan şəxslərin (ailələrin) problemlərinin həllinə dövlət orqanlarının, bələdiyyələrin və qeyri-hökumət təşkilatlarının cəlb olunması məqsədilə zəruri tədbirlərin görülməsi;

- sosial xidmət üzrə məsləhətlərin verilməsi.

 

Hansı şəxslər çətin həyat şəraitində yaşayan hesab edilirlər?

Asiman BƏBİROV, Sumqayıt şəhəri.

 

-Şəxs (ailə) aşağıdakı əsaslardan azı biri olduqda çətin həyat şəraitində hesab edilir:

- uşaqların valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olması;

- uşaqların əlilliyinin olması;

- yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;

- xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyətinin, habelə şəxsə (ailəyə) qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin olmaması. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə qulluq və köməklik göstərə biləcək qohumların olmaması Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir;

- şəxsin ictimai təhlükəli xəstəliyə tutulmasına görə həyat fəaliyyətinin məhdudlaşması;

- insan alverinin qurbanı olması;

- uşağın cinsi istismar və ya cinsi zorakılıq qurbanı olması;

- məişət zorakılığından zərər çəkməsi;

- müəyyən yaşayış yerinin olmaması;

- valideynlərini itirməsi və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərində yaşamış şəxslərin, həmin müəssisələri tərk etdikdən sonra yaşayış yerinin olmaması;

- şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.

Yuxarıda qeyd edilən əsaslar üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilir. 

ETİKETLƏR: