Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Özəl təşkilatda müqavilə bağlamadan işləyirəm. Müqavilə bağlamadan hər hansı bir şəxsi işlətməyə ixtiyar varmı?

Səma BABAYEVA, Mingəçevir şəhəri.

08.09.2021 11:17
12
A+
A-

Özəl təşkilatda müqavilə bağlamadan işləyirəm. Müqavilə bağlamadan hər hansı bir şəxsi işlətməyə ixtiyar varmı?

 

Səma BABAYEVA, Mingəçevir şəhəri.

 

-Xeyr, əmək müqaviləsi bağlamadan heç kimi işlətmək olmaz. Bu cür şəxslərə qarşı inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin  192.1. maddəsi ilə  Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə

-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Cinayət Məcəlləsinin 162-1.1. maddəsinə əsasən isə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi;

- yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

162-1.2. maddəsinə əsasən, eyni əməllər təkrar törədildikdə

-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Onu da qeyd etmək lazımdır ki, “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.

162-1.1-ci maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.

Şəxs bu cinayət məsuliyyətindən bu cür yalnız bir dəfə azad edilir.

 

 Doktorantura təhsili barəsində məlumat verməyinizi xahiş edirəm.

 

İdris CƏLİLOV, Bakı şəhəri.

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində mütəxəssislər, elmi və elmi-pedaqoji kadrlar hazırlığı üç səviyyəlidir. Bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura (adyunktura).

Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.

Doktorantura təhsili ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində, elmi müəssisə və təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında “Elm haqqında”  qanuna uyğun olaraq verilir.

Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:

-fəlsəfə doktoru (elm sahələri göstərilməklə);

-elmlər doktoru (elm sahələri göstərilməklə).

Doktoranturaların yaradılması, doktoranturaya qəbul və elmi dərəcələrin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə müəyyən edilmiş qaydada həmin elmi dərəcəni təsdiq edən vahid formalı dövlət sənədi - diplom verilir.

 

Hansı hallarda işçi iş vaxtından artıq işlədilə bilər? Bu vaxt işçinin razılığı alınmalıdırmı?

Sərdar QASIMLI, Bakı şəhəri.

 

- Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.

Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.

Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin “Əməyin mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir.

ETİKETLƏR: