Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Çalışırıq ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun”

Sentyabrın 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Bakı şəhərindəki həmkarlar ittifaqlarına məxsus sanatoriya-kurort müəssisələrinə gələrək burada yaradılan şəraitlə tanış olub.

15.09.2021 10:11
6
A+
A-

Əvvəlcə “Abşeron” mədə-bağırsaq sanatoriyasında olan AHİK sədri sanatoriyanın ərazisini gəzib, təmirdən sonrakı müalicə otaqlarına baxıb, xəstələrlə söhbətləşib, onların müalicə şəraiti ilə maraqlanıb, fikir və təkliflərini öyrənib.

AHİK sədri jurnalistlərə açıqlamasında bildirib ki, işçilərin müalicəsinin təşkili, sağlamlığının qorunması və möhkəmləndirilməsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının prioritet vəzifələrindəndir. Bu məqsədlə Konfederasiyanın 8 sanatoriya və bir müalicə pansionatı fəaliyyət göstərir. Sanatoriyanın 6-sı ilboyu, 2-si isə mövsümi çalışır. Hər il həmkarlar ittifaqlarının minlərlə üzvü yollayışlarla təmin edilir, onların normal müalicəsi üçün hər cür şərait yaradılır. Mütəmadi mən, AHİK-in və sahə həmkarlar ittifaqlarının rəhbər işçiləri, əməkdaşları ilə birlikdə sanatoriyalara baş çəkir, bu müəssisələrdə müalicə alan şəxslər üçün yaradılan şəraiti nəzərdən keçiririk.  Aparılan söhbətlər, müalicə və profilaktika işi ilə tanışlıq sonradan təhlil edilərək perspektiv planlarda əks olunur.

Qeyd edək ki, “Abşeron” mədə-bağırsaq sanatoriyası Bakı şəhərindən 35 km. məsafədə, Mərdəkan qəsəbəsində yerləşir. İstirahətə gələnlər təcrübəli həkimlər tərəfindən müayinə olunur və 15 gün ərzində daimi tibbi nəzarət altında saxlanılırlar. Burada tam komfortlu yaşayış korpusları, böyük və kiçik konfrans zalları, istirahət otaqları, yeməkxana, həmçinin tennis meydançası, hovuz, geniş istirahət parkı və s. mövcuddur. Müalicə zamanı yod-brom vannalarından, naftalan, parafin terapiyalarından və təbii palçıq vasitələrindən istifadə olunur.Kliniki-diaqnostik laboratoriya, funksional diaqnostika, müalicəvi bədən tərbiyəsi, masaj və müxtəlif profilli tibbi kabinetləri də xəstələrin ixtiyarına verilib.

AHİK sədri burada Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş xüsusi karantin rejimi qaydalarına əməl olunma şəraiti ilə də maraqlanıb. Məlumat verilib ki, sanatoriya mütəmadi olaraq dezinfeksiya edilir, işçilərə və qonaqlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsinin zəruriliyi izah olunur, müvafiq tövsiyələr verilir. Həmçinin bura gələnlərdən koronavirus əleyhinə vaksinasiya olunmaları (iki dozada) barədə “COVID-19 vaksin sertifikatı” tələb olunur.

Yaradılmış şəraitdən minnətdarlıq ifadə edən insanlar burada aparılan müalicədən razı qaldıqlarını söyləyiblər.

Sanatoriyanın xidmətlərindən müntəzəm istifadə etdiyini deyən Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı Dünyamalı Şükürov yaradılan şəraitə görə Səttar Möhbalıyevə və “Abşeron” sanatoriyasının rəhbərliyinə minnətdarlığını bildirib. Deyib ki, onlara göstərilən bu münasibət dövlətimizin başçısının ölkə vətəndaşlarına diqqət və qayğısının bir təzahürüdür. Sanatoriyada qidalanma yüksək səviyyədədir, bütün gigiyenik qaydalara əməl olunur. Tibbi personal daim bizi diqqətdə saxlayır, səhhətimizlə maraqlanır, müalicəmizin effektli olması üçün var gücü ilə çalışır.

Sanatoriyada müalicə alan şəhid gizir Cəmil Həşimlinin anası Simuzər Bağıyeva şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə AHİK sədrinə minnətdarlığını bildirib.

Millət vəkili Mərdəkan qəsəbəsində yerləşən yeni təmirdən çıxmış daha bir sağlamlıq ocağı “Miras” istirahət mərkəzində  də olub. Bildirilib ki, aparılan təmir zamanı qədim memarlıq ənənələri qorunub saxlanılmışdır. Burada otaqlar kondisionerlərlə, televizorlarla, soyuducu və digər məişət texnikası ilə təchiz edilib. Üzgüçülük hovuzu, masaj otağı, ayaq vannaları, sauna, həmçinin qapalı və açıq məkanda trenajorlar istirahətə gələnlərə xidmət göstərir. Kafe-bar və restoranda zəngin Azarbaycan və Avropa mətbəxlərindən estetik şəkildə tərtib edilən yeməklər təqdim olunur. Mərkəzin qonaqları istədikləri zaman mütəxəssis həkimlər - qastroenteroloq, uroloq, nevropatoloqla məsləhətləşə və zərurət halında müvafiq funksional diaqnostika müayinəsindən keçə və sanatoriya-kurort məsləhət və müalicəsi ala bilərlər.

AHİK sədri və sahə həmkarlar ittifaqı komitələrinin rəhbərləri daha sonra Bilgəh qəsəbəsində yerləşən “Bilgəh” kardiologiya sanatoriyasında yaradılan şəraitlə tanış olub, müalicə alanlarla söhbət ediblər.

Paytaxtdan 40 kilometrlik məsafədə, Xəzər dənizinin sahilində yerləşən sanatoriya müasir diaqnostik və müayinə-müalicə aparatları ilə təchiz edilən rahat müalicə şöbəsinə malikdir. Funksional diaqnostika, müalicəvi gimnastika, fizioterapiya, elektroyuxu terapiyası, müalicəvi masaj, oksigenoterapiya, stomatologiya və ginekologiya kabinetləri, balneoloji müalicəxana, həmçinin klinik diaqnostika və biokimya laboratoriyaları fəaliyyət göstərən sanatoriya korpusları ən son tələblərə cavab verir. Rahat və səliqəli təşkil olunmuş müalicəvi qidalanma zalında müxtəlifliyi və zənginliyi ilə fərqlənən Azərbaycan milli mətbəxinin təamları təqdim olunur. Dincələnlər asudə vaxtlarında parkda gəzir, dəniz vannaları qəbul edir və çimərlikdə istirahət edirlər.

Sanatoriyada müalicə alan vətəndaşlarımız ilə yanaşı Rusiya Federasiyasının Moskva vilayətindən istirahət məqsədilə “Bilgəh”ə gəlmiş Olqa Davudova da yaradılan şəraitdən razı qaldığını söyləyib.

Müalicə müəssisəsi ilə tanışlıqdan sonra AHİK sədri jurnalistlərə deyib: “Vətəndaşlarımızın sağlamlığının qorunması həmişə dövlətimizin diqqət mərkəzində olub. Hələ pandemiya başlayanda dövlət başçısı cənab İlham Əliyev bəyan etdi ki, bizim üçün əsas məsələ insanlarımızın sağlamlığıdır. Həmkarlar ittifaqları da bunu özünün fəaliyyətinin təməl prinsipi hesab edərək hər il minlərlə üzvünə sağlamlıqlarının bərpası üçün yollayışlar verir.

Bu vaxtadək həmkarlar ittifaqlarına aid sanatoriyalarda yerlərin 60-70 faizində məcburi köçkünlər yerləşdirilmişdi və bu vəziyyət nəzərdə tutulan işlərin görülməsinə imkan vermirdi. Artıq dövlətimiz tərəfindən onlar üçün müəyyən  şərait yaradılır. Bu da bizə imkan verir ki, boşaldılan sanatoriyalarda təmir işlərinə başlayaq. Məsələn, bu yaxınlarda Şıxovdakı sanatoriyanın daha bir korpusunda əsaslı şəkildə təmir işlərinə start verilib və bir müddət sonra o da insanların istifadəsinə veriləcək.

Qeyd etdiyim kimi, həmkarlar ittifaqı təşkilatlarının xətti ilə hər il yüz mindən artıq üzvümüz istirahət və sağlamlıq mərkəzlərinə getmək üçün yollayışlarla təmin edilir. Onların 90 faizi sanatoriyaya göndərişin qiymətinin 15 faizini ödəməklə, 10 faiz xüsusi kateqoriyalı insanlar isə tamamilə pulsuz müalicə imkanı qazanırlar. İldən-ilə sanatoriyalarımızın maddi-texniki bazası gücləndirilir, müasir tibbi avadanlıqlarla təchiz edilir, təmir işləri aparılaraq yeni dövrün tələblərinə uyğunlaşdırılır. Burada müalicə olunmaq üçün hər cür şərait yaradılır, qonaqlara peşəkar səviyyədə xidmətlər göstərilir. Çalışırıq ki, üzvlərimizin istirahəti və sağlamlığı etibarlı şəkildə təmin olunsun. Qonaqlarla söhbət zamanı gördük ki, müharibə veteranı, şəhid ailəsindən olan üzvlərimiz də burada müalicə olunurlar. Onlar bizim qürur mənbəyimizdir, bu insanlara diqqət göstərmək hər birimizin borcudur. Ölkə Prezidenti də həmişə şəhid ailələrinə, qazilərə, veteranlara qayğı göstərməyi tövsiyə edir”.

ETİKETLƏR: